“Azərbaycanla imzalanacaq sənədlərdə demokratiya və insan hüquqları məsələsinə böyük önəm verilməlidir”
Almaniya parlamenti (Bundestaq) iyunun 29-da Avropa Birliyinin Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı qətnamə qəbul edib. Sənəd kansler Angela Merkelin rəhbəri olduğu koalisiya və Almaniya Sosial Demokrat Partiyasının təşəbbüsü ilə müzakirəyə çıxarılıb.
Qətnamədə qeyd olunur ki, mehriban qonşuluq konsepsiyası Avropa Birliyinin xarici siyasətinin əvəzedilməz aləti olaraq qalır və Bundestaq tərəfdaş ölkələrə islahatların davam etdirilməsini vacib sayır.
Qətnamədə Şərq Tərəfdaşlığı üzrə ölkələrə Rusiyanın təsirindən bəhs olunur. Qeyd edilir ki, Moskva bu ölkələri öz nüfuz dairəsində saxlamağa çalışır və onların AB-ə inteqrasiyasına mane olur.
Sənəddə AB-Azərbaycan münasibətlərinə ayrıca yer ayrılıb. Bildirilir ki, Azərbaycan 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramına qoşulsa da, Avropa Birliyi ilə genişmiqyaslı münasibətlərin qurulmasına çalışmayıb.
“Bu ölkə Avropa Birliyi ilə münasibətləri enerji və ticarət sahələrilə məhdudlaşdırmağa çalışıb. Hesab edirik ki, Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədlərdə demokratiya və insan hüquqları məsələsinə enerji məsələsi qədər böyük önəm verilməlidir. Təəssüf hissilə bildiririk ki, Azərbaycanda mövcud olan avtoritar idarəçilik və repressiv rejim vətəndaş cəmiyyətinə böyük problemlər yaradıb. Məhz bu səbəbdən də Azərbaycanla Avropa Birliyi arasında dərin əməkdaşlıq mümkün olmayıb. Danışıqların Avropa dəyərləri kontekstində aparılmasını vacib hesab edirik. Ümid edirik ki, Azərbaycanla Avropa Birliyi arasında qəbul ediləcək sənədlər demokratik prinsiplərə əsaslanacaq, vətəndaş cəmiyyəti və fərdi hüquqlara hörmət olunmasını təmin edəcək, onlarda konkret öhdəliklər öz əksini tapacaq”, – deyə Bundestaqın qətnaməsində bildirilir.
Sənəddə AB-Azərbaycan anlaşmasında siyasi partiyaların və QHT-lərin sərbəst fəaliyyətinə imkan yaradacaq müddəaların əks olunmasının vacibliyi də vurğulanır.
azadliq.info