Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Azərbaycanlıların Ermənistandan son deportasiyasından 29 il keçir

Azərbaycanlıların hazırki Ermənistan dövlətinin ərazisindən tam deportasiyasından 29 il ötür.

Son deportasiya zamanı Ermənistanda 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlıları öz yurdlarından qovulub.

1988-ci ilin soyuq noyabr-dekabr aylarında Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali komissarlığınındır), 18.000 kürd və min nəfər rus (rəqəmlər Azərbaycan Respublikası keçmiş Ali Sovetinin Qaçqınlar üzrə komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiya edilib.

Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı qaldırdığı və istintaqı yarımçıq qalmış cinayət işinin materiallarında deyilir ki, Ermənistan tərəfindən həyata keçirilən deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib; o cümlədən 2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri halda, 2 nəfər öldürüldükdən sonra yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 41 nəfər döyülərək öldürülüb, 49 nəfər dağlarda donub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-si qadın, 23-ü uşaqdır.

Tarixi məlumatlara görə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir.

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı – 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı – dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub.

Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub.

Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəzləşdirilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir