Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə Siyasət

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı yenə CƏRİMƏLƏDİ

Avropa İnsan Hüquqları Məhkəməsi hər 3 şikayətə birgə baxıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 29-da Azərbaycanla bağlı qərarlarını açıqlayıb. Məhkəmə Azərbaycan hökumətini cərimələyib.
Qərarlar Avropa İnsan Hüquqları Məhkəməsinin saytından açıqlanıb.
Yeni qərarlar müxalif qüvvələrin təşkil etdiyi aksiyalarda saxlanılmış 3 nəfərin şikayəti üzrə çıxarılıb. Şikayətçilər gənc fəallar Aqil Əliyev, Ramin Hacılı və Müsavat Partiyasının mərhum fəalı Nərgiz Yaqubludur.
Şikayətə görə A.Əliyev 2013-cü ilin martında Bakı şəhərində keçirilən etiraz aksiyasında iştirak edib. Aksiyada saxlanan müxalifətçi inzibati qaydada 600 manat cərimə edilib.
R.Hacılı da 2013-cü ilin yanvarında təşkil olunmuş etiraz aksiyasında saxlanılaraq 450 manat cərimələnib.
Mərhum N.Yaqublu da 2013-cü il yanvarın 26-da keçirilən aksiyada saxlanıb, inzibati qaydada 500 manat cərimələnib. Bu aksiyalar Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb.
Hər 3 şikayətçi AİHM-ə müraciətlərində vurğulamışdılar ki, onların etiraz aksiyasında iştirakına müdaxilə və cərimə edilmələri Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) maddələri ilə təminat altına alınan hüquqlarını pozub. Şikayətçilər qeyd olunan maddələrin pozuntusunun tanınmasını və pozuntuların kompensasiya edilməsini istəmişdilər.
Avropa İnsan Hüquqları Məhkəməsi hər 3 şikayətə birgə baxıb.
Məhkəmə iddia edilən pozuntulardan Konvensiyanın 6-cı (ədalətli araşdırma hüququ) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrinin pozuntusunu tanıyıb.
Azərbaycan hökuməti şikayətçilərin hər birinə mənəvi ziyana görə 6 min avro ödəməlidir. Maddi ziyana görə isə mərhum N.Yaqublunun işi üzrə 473, R.Hacılının işi üzrə 400, A.Əliyevin işi üzrə isə 588 avro ödənilməlidir.
Hökumət əlavə olaraq, hər 3 iş üzrə birlikdə hüquqi məsrəflərə görə 3 min avro verməlidir.
Hər 3 işdə ərizəçiləri AİHM-də hüquqşünas İntiqam Əliyev təmsil edib.
Qərarlar 3 aydan sonra qüvvəyə minəcək.
Bu günlər ədliyyə naziri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində demişdi ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına xüsusi önəm verir:
«Bu qərarlar, ilk növbədə, hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ da məhz buna xidmət edir».
Bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatını açıqlamışdı. Azərbaycan hesabatda adı daha çox nəzərə çarpan 10 ölkədən biri idi.
Sənəddə bildirilirdi ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir.
Azərbaycan bu kateqoriyada 8-ci yerdə qərarlaşıb.
2016-cı ildə AİHM-ə göndərilən şikayətlərin statistikasına gəlincə, burda da Azərbaycanın adı qabarıq nəzərə çarpır. Sənədə görə, şikayətlərin sayında artım var.
Ötən il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 333 şikayət daxil olub. Əvvəlki ildə isə bu göstərici 268 olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir