Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məluata görə, görüşdə Rusiya Federal Gömrük Xidmətinin Dağıstan Gömrüyünün, “Rusiya Dəmir Yolları” ASC-nin, Azərbaycanın Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.
Görüş zamanı gömrük-sərhəd buraxılış məntəqələrindən meyvə-tərəvəz məhsullarının mövsümi daşımaları, yay tətili mövsümü və bayram günlərində nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılmasına dair müzakirələr aparılıb.
Görüşdə həmçinin 3 iyul 2015-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”un müddəalarının icrasının gedişatı və dəmiryolu nəqliyyatı ilə daşınan mal və nəqliyyat vasitələri barədə ilkin məlumatların mübadiləsinə dair müzakirələr də keçirilib. Bununla yanaşı, meyvə-tərəvəz məhsulları üzrə Azərbaycan istehsalçı-ixracatçıları tərəfindən müvafiq markalanma qaydalarına düzgün riayət edilməsinin zəruriliyi və müəyyən növ mallara münasibətdə gömrük orqanlarına təqdim edilən manifestlərin müvafiq qaydada tərtib edilməsinin əhəmiyyəti vurğulanıb.