İyunun 19-da Azərbaycan Ziyalılar Hərəkatının sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Eldəniz Quliyev bildirib ki, dindirilmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işi ilə bağlı olub.
“2 saat yarımdan çox dindirildim. Bu cinayət işini də, dindirməni də “mənasız iş” sayıram. İstintaqın gördüyü iş hörümçək toru ilə okeanda balina ovlamağa bənzəyir ki, bu da baş tutan sevda deyil. Mən dedim ki, belə qurama işlər nəticə etibarilə ölkənin imicinə ağır zərbədir. Neçə illəri şərəflə mübarizə aparan bir xanım siyasətçiyə ləkə atmaqdır”, o qeyd edib.
G.Bayramlı mayın 25-də Gürcüstandan gələrkən saxlanılıb. O, qaçaqmalçılıqda ittiham olunub. G.Bayramlı gömrük bəyannaməsi təqdim etmədən 12 min dollar gətirməkdə ittiham edilir.