Vəkil Elçin Sadıqov “Xebermen.com” və “Press.az” saytlarının rəhbəri Polad Aslanovun huquqlarını müdafiə etdiyinə görə istintaq tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.
O, Facebook səhifəsində yazıb: “Əvvəlcə jurnalist Polad Aslanovu müdafiə etməməyim üçün xəbərdarlıq olundu. Onun yenidən dindirilməsi barəsində vəsasət qaldırdıqdan sonra bu gün istintaqın rəhbəri məni hədələdi və təhdid etdi”.
Vəkil qeyd edib ki, ölkə rəhbərliyinə yazılı müraciət göndərəcək və onun müstəqil, təhlükəsiz fəaliyyətinin təmin olunmasını xahiş edəcək.
Xatırladaq ki, P.Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.
Yerli və beynəlxalq təşkilatlar P.Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, həbsin əsl səbəbi onun jurnalist fəaliyyətidir.