Hacı Allahşükür Paşazadənin adı cinayət işində keçir. Paşazadə ailəsi aralarında şəriklik müqaviləsi olan Müğdət Əhmədiyyə oğlu Həşimovdan şikayət edərək həbs etdiriblər.
Paşazadələrlə Həşimov 2014-cü ildə qapadılan tibb müəssisəsində şərik olublar. 2 ilə yaxın davam edən şəriklik 59 yaşlı Həşimovun sifarişli həbsi ilə sonuclanıb. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan M.Həşimov “Yeni Müsavat”a məktub yollayaraq başına gələnləri açıqlayıb. Məktub müəllifi M.Həşimov Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvüdür. İxtisasca filoloq olan M.Həşimovun ilginc məqamlarla zəngin məktubunu təqdim edirik.
“Həbsimin səbəbkarı və sifarişçisi Milli Məclisin deputatı Cavanşir Paşazadədir”
“Saxta ittihamla, sifarişlə 12 avqust 2015-ci ildə məni 179.3.2 (mənimsəmə) maddəsi ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ittiham elan edərək, həbs edib. 18 mart 2016-cı ildə yenə saxta ittihamlarla 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələri artırılıb. 9 aydan çoxdur ki, zindan həyatı yaşamağımın, saxta ittihamlarla qaldırılmış cinayət işinin Ağır Cinayətlər Məhkəməsinə gedib çıxmasının səbəbkarı və sifarişçisi Milli Məclisin deputatı Cavanşir Paşazadədir. 2 il yarımdır mənə nə işləməyə, nə də yaşamağa imkan verməyən, qanunları kobud şəkildə pozaraq özbaşınalıq edən bu adam məhkəmə zalında olmalıdır və mənim suallarımı cavablandırmalıdır”.
“Paşazadələr bankdan 700 min manat pul götürüb”
M.Həşimov yazır ki, özünü elan olunmuş ittihamlar üzrə günahkar bilmir: “Özümü zərrə qədər müqəssir hesab eləmirəm, əksinə, millət vəkili Cavanşir Paşazadə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə mənə qarşı cinayət əməli törədib, vəzifə səlahiyyətlərini aşmaqla özbaşınalıq edib. Günahlandırıldığım 179.3.2 maddəsi barədə: – Millət vəkili C.Paşazadənin himayəsində olan ”Aygün-C” MMC-nin təsisçiləri ilə mənim aramda 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlanıb. Müqavilənin şərtlərinə görə mənimlə iş birliyində adları keçən – Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni 8 aylıq istintaq gedişində 1 dəfə də olsun istintaqa çağırılmayıblar. Bu 179.3.2-ci maddə guya 193 min 50 manatlıq tibbi avadanlığın çatışmazlığı faktına görə qaldırılıb. Hansı şəraitdə bu çatışmazlıq yaranıb, burdan başlamaq lazımdır.
Adlarını çəkdiyim 4 təsisçi məhkəməyə gəlməlidir, qanun hamı üçün qanundursa, gəlib izah etməlidirlər ki, bu avadanlıqlar niyə və hansı şəraitdə yoxa çıxıb? Bu avadanlıqların onların olmasını sübut edən sənədləri varsa, narahat olmalıdırlar, istintaqa təqdim etməlidirlər. Yox əgər yoxdursa, mən niyə məhkəmə qarşısında dayanmalıyam? Axı onlar bankdan pul götürüb həmin pulun banka qaytarılması öhdəliyini üzərimə qoyublar. Gəlib münasibət bildirməlidirlər ki, niyə mən öhdəliyimi yerinə yetirmirəm? Mən onların hər birinə, C.Paşazadəyə məktubla müraciət etmişəm, məktublar açılmamış üstümə qaytarılıblar. Təsisçilər pulu mənə öz ciblərindən verməyiblər, bankdan götürüb veriblər, həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər mənim həmin ünvanda – yəni millət vəkili C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində işləyərək ödəmək öhdəliyim olub. C.Paşazadə ilə 9 saylı notariat kontorunda 2013-cü ilin mart ayında 5 illik icarə müqaviləsi bağlamışam. Deməli, həmin obyektdə 2018-ci ilə qədər işləyib bankdan götürülmüş 700 min manatı ödəməliyəm. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə mənim aramda yarı bölünməliydi. Bu yazdıqlarım icarə müqaviləsinin şərtlərində göstərilib. Fəaliyyətə başladığım vaxtdan 10 ay keçməmiş – yəni 2014-cü ilin fevral ayında millət vəkili C.Paşazadə başının dəstəsi ilə obyektə gələrək işçi kollektivini və tibbi avadanlığı oradan çıxartmağımı, 2018-ci ilə qədər ödəniləsi olan bank pulunu təcili verməsəm məni tutduracağını bildirdi. Heç bir məhkəmə qərarı olmadan özbaşınalıq edən bu millət vəkili 100-ə yaxın evinə çörək pulu aparan işçi kollektivini işsiz qoydu, böyük əziyyətlə başa gələn, qurulan biznesi dağıtdı, məni də 2015-ci ilin avqustunda saxta ittihamla həbs etdirdi”.
Həbsdəki şərikindən Cavanşir Paşazadəyə tələb – məhkəməyə gəlsin!
M.Həşimov yazır ki, Cavanşir Paşazadənin məhkəməyə gəlməsini gözləyir: “Tələb edirəm ki, gəlsin qanunsuz dağıtdığı biznesə, qanunsuz bağladığı obyektə dair açıqlama versin. Mən Azərbaycan vətəndaşıyam, o güclüdü, qardaşı güclüdü deyə istədiklərini etməlidilərmi? İnsan həyatı ilə belə oyun oynamağa onlara kim haqq verib? Bəs möhtərəm Prezidentimiz ”bu ölkədə toxunulmaz şəxs yoxdur” deyəndə Cavanşir Paşazadə qulaqlarına pambıq tıxamışdı?”
“Cavanşir Paşazadə qanunlar qəbul olunan Milli Məclisə hansı sifətlə gedir?”
Məktub müəllifi yazır ki, dəfələrlə Paşazadələrə xəbər yollayaraq inadlarından əl çəkmələrini istəyib: “Demişəm imkan verin tibbi avadanlığı yığıb işimi davam etdirim, bankın öhdəliyini yerinə yetirim. Deyib yox, gətirsin 700 min manatı versin ondan əl çəkim. Hansı ki, rəsmi sənədlərlə sübuta yetirilib ki, mən həmin obyektə və banklara 800 min manatdan artıq pul ödəmişəm. Bu haqsızlıq, bu amansızlıq, bu ədalətsizlik bizim inkişaf etmiş Azərbaycanda, hüquq-mühafizə işçilərinin gözü qarşısında, onların iştirakı ilə baş verir. Bir ailə başçısını qanunsuz olaraq həbsə saldıran Cavanşir Paşazadə qanunlar qəbul olunan Milli Məclisə hansı sifətlə gedir?”
“Allahşükür Paşazadə müqəddəs Quran ayələrini öz qardaşına xatırlatmağa vaxt tapmır?”
Müəllif məktubu Paşazadələrin geniş əhatəli biznesi, biznes ortağı haqda məlumatları diqqətə çatdırmaqla davam etdirir: “Beton zavodları, çınqıl zavodları, restoran biznesi, tikinti biznesi sahələrinə sahiblik edən Cavanşir Paşazadəyə Milli Məclisin nə ehtiyacı var? Gedib biznes ortağı, daha doğrusu, qoçusu Hacı Mazanın əli ilə Azərbaycan xalqını çapıb-talamaqla məşğul olsun. Bu sahədə Cavanşir Paşazadə daha peşəkardır, nəinki həyatı boyu pozduğu qanunların qəbul olduğu yerdə neçə ildi deputatlıq edir, onun səsini eşidən olub? Sizcə, bu adam öz seçicilərinin xidmətçisi ola bilər? Belə insanlar ailələri gözüyaşlı qoymaq üçün, taleləri məhv etmək üçün doğulurlar. Görəsən qardaşı Allahşükür Paşazadə müqəddəs Quran ayələrini öz qardaşına xatırlatmağa vaxt tapmır? Görəsən Quranın hansı ayəsində göstərilib ki, güclü gücsüzü basıb əzməlidir?
“Allahın evinə Allahşükür Paşazadə elə mühafizəçilər qoyub ki…”
M.Həşimov işə Allahşükür Paşazadənin xeyir-duası ilə başladıqlarını da qeyd edir: “İşə başlamamışdan bir neçə gün əvvəl – 2013-cü ilin əvvəli Cavanşir Paşazadə, Ramazan Zeynalov və mən Allahşükür Paşazadənin yanında olduq ki, o, da öz razılığını bildirsin. O, razılığını verdikdən sonra işə başladıq. Cavanşir Paşazadənin bu haqsızlığı başlayandan 2 il yarım keçib, mənim ailəmin, qohumlarımın bütün cəhdlərinə baxmayaraq bir dəfə də olsun Allahşükür Paşazadə onları qəbul etməyib. Bütün müsəlmanların üzünə açıq olduğu deyilən Allahın evinə Allahşükür Paşazadə elə mühafizəçilər qoyub ki, bir neçə dəfə rayondan gələn qohumlarımı az qala döyərək oradan üzaqlaşdırıblar. Bu 2 il yarımda bir müsəlman kimi, bir ağsaqqal kimi bir dəfə də olsun danışığa razılaşmayan bu din rəhbəri ona yazılan məktubları, onun telefonuna göndərilən mesajları cavabsız buraxıb. Keçən il Avropa oyunları ərəfəsində 3 aydan çox idi ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokuroru, polkovnik Faiq Rzayev bu işin ibtidai istintaqını aparırdı. O da, mən də, azca savadı olan hər bir kəs görürdü ki, bu iş mülki müstəvidə həll olunası bir işdir. Ona qədər də bu iş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində 6 aydan çox araşdırılmış, günahsız ola-ola 6 ay da bu idarəyə ayaq döymüşəm. Cavanşir Paşazadənin bütün cəhdlərinə baxmayaraq həmin idarənin əməkdaşları bu işdə cinayət tərkibi olmadığını görüb sifarişi yerinə yetirmədilər. Faiq Rzyaev ibtidai istintaq zamanı bu işi mülki iş kimi yekunlaşdırmaq ərəfəsində bir gün mənə zəng vurub idarəyə gəlməyimi istədi. Gəldim, dedi ki, 308.1 maddəsi ilə fakta görə cinayət işi qaldırmalıyam. Dedim axı bu işdə cinayət tərkibi yoxdur, susdu. Dedi ki, bu işi başqa müstəntiq aparacaq. Onu da bildirdi ki, məhkəməyə qədər bu maddə ilə səni saxlamaq, tutmaq qanunsuzdur. Həmin ərəfədə mən yenidən Allahşükür Paşazadə ilə görüşmək üçün cəhdlər etdim, mümkün olmadı”.
“Allahşükür Paşazadə deyirdi ki, gətirib pulu tam ödəməsə, ağır maddə ilə gedəcək”
Məktub müəllifi A.Paşazadəyə zəng etdirdiyini də yazır: “Onun öz yerlisi, tanışı Moskvada yaşayan Məhərrəm Axundov vasitəsilə Allahşükür Paşazadəyə zəng vurdurdum. Danışıqlarına mən də qulaq asırdım. Allahşükür Paşazadə deyirdi ki, qohumları mənimlə görüşmək istəyir, amma mən onları qəbul etmirəm, gətirib pulu tam ödəməsə, ağır maddə ilə gedəcək. Allahşükür Paşazadə necə demişdi elə də oldu. ”Korrupsiyadan” müstəntiq Qabil Səfərov məni idarəyə çağırıb dedi ki, sənə 179.3.2-ci maddə ilə cinayət işi qaldırmışam. Vəkilim Ravil Çükanov da mənim yanımda idi. Ona elə birinci danışıqda sübut etdim ki, burada ümumiyyətlə cinayət tərkibi yoxdur, nəinki 179.3.2-ci maddə. Q.Səfərov öz növbəsində dedi ki, mən neyləyim Müğdət müəllim, mən “ruçkayam”. Vəkilim də bunu təsdiq edə bilər.
Hacı Mazan da Paşazadələrin şərikindən şikayət yazıb
“Mənə qarşı qaldırılmış saxta ittihamdan biri də 178.3.2-ci maddədir. Təcridxanada olduğum müddətdə Ramazan Zeynalov iddia ərizəsi verib ki, guya o vaxt təzə tikdirdiyi binada mənə 1 otaqlı ev verib, mən də onun etimadından sui-istifadə edərək evi satıb onu aldatmışam. Əvvəla ev əşya deyil adama verəsən. Heç bir yerdə, heç bir sənəddə onun binasından mənim adıma ev sənədləşdirilməyib. İndi bu işin ardına diqqət eləyin. 2 il yarımdır ”Parex” lizinqdən qiyməti 100 min manat olaraq şirkətimin adına rəsmiləşdirilmiş rentgen aparatı Ramazan Zeynalovun girovluğundadır. Mənim və “Parex” lizinqin bütün cəhdlərinə baxmayaraq 2 il yarımdır ki, həmin avadanlığı onun girovluğundan azad edə bilmirik. Məhkəmə qərar çıxarıb rentgen aparatının götürülməsi ilə əlaqədar, icra məmurları məhkəmə qərarını icra etmək üçün obyektə gediblər. Lakin Ramazan Zeynalov icra məmurlarını oradan qovaraq rentgen aparatını verməyib. R.Zeynalov mənim adımdan öz işçisi – Laləyə kağız yazdırıb, guya mən ondan 70 min manat pul almışam, mənim yerimə də qol çəkdirib. Bu saxta sənəd də bu gün istintaq materiallarının içindədir. Sadəcə olaraq işi araşdıran müstəntiqin bu sənədi oxumağa savadı çatsa da, ortalığa çıxartmağa cəsarəti çatmayıb. Mənim yerimə sənəd yazdığını və mənim yerimə qol çəkdiyini Lalə öz ifadəsində təsdiq də edib. Paşazadənin qoçusu Hacı Mazan saxta sənəd də düzəltdirə bilir, sıravi adamları yox, dövlət adamlarını, icra məmurlarını qovub məhkəmənin qərarını icra etməyə də bilir, günahsız adamların üzünə durub zindanlara da göndərə bilir” -deyə M.Həşimov məktubunu davam etdirir və R.Zeynalovun kimliyinə aydınlıq gətirir:
Kimdir bu Hacı Mazan?
– üzündən oxuya bilməyən, yazı bilməyən, ən başlıcası isə ilin-günün bu vaxtında Paşazadənin qoçusu. Hacı Mazanın cinayətləri ilə bağlı, onun və onun himayədarının qanunsuz əməlləri ilə bağlı əlimdə təkzibedilməz sübutlar var, yeri gəldikcə Azərbaycan ictimaiyyətini tanış edəcəm. Mən onları tanımamışam, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin ailə üzvləri ilə iş birliyinə gedəndə, din, iman, insaf, mərhəmət ocağına getdiyimi güman edirdim. Sən demə bu fitnə-fəsad, dinsizlik, imansızlıq, insafzlıq, tamahkarlıq ocağı imiş”.
“Mehriban xanım Əliyevaya səslənirəm”
M.Həşimov 1-ci xanıma müraciət edərək üzləşdiyi qanunsuzluqların aradan qaldırılmasında yardımçı olmasını istəyir: “Mən və həyat yoldaşım 1975-80-ci illərdə ADU-nun Filologiya fakültəsini bitirmişik. O vaxtkı universitet illərində çox qiymətli müəllimlərimizlə yanaşı Mehriban xanım Əliyevanın babası Mircəlal Paşayev də sevimli müəllimimiz idi. Əsl müəllim idi, düzgün, sadə, mərhəmətli, xeyirxah. Biz o tərbiyədən, o təhsildən çıxmışıq. Mehriban xanım Əliyevaya səslənirəm, mən və mənim ailəm indi Mazanın, Paşazadələrin qanunsuz əməllərinin, fitnə-fəsadlarının nəticəsində məhv olmaq ərəfəsindədirlər. Xatirəsini həmişə əziz tutduğumuz əsl müəllim Mircəlal Paşayev və onun timsalında bizə təhsillə yanaşı əsl insanlıq, xeyirxahlıq dərsi keçən o kişilər indi əlində əsirə çevrildiyimiz bu adamları nə yaxşı görməyib, tanımayıblar. Hardan biləydilər ki, bir zaman gələcək üzündən oxuya bilməyən, yaza bilməyən mazanlar varlanıb hacı olacaq, qoçuluq edəcək, əsl insanı dəyərlər itib batacaq. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bu yazını oxuyacağına, məni və ailəmi Cavanşir Paşazadənin caynağından qurtaracağına böyük ümid bəsləyirəm. Tək bir qələmimlə aparacağım mübarizəm isə sağ olacağım bütün dövr üçün davam edəcək”.
Qeyd edək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə məhkəmə araşdırması davam etdirilir.