1992-ci ilin martı.
Moskvada çıxan məşhur “Oqonyok” jurnalında bir reportaj dərc olunur. Konstantin Smirnov adlı müxbirin qələmə aldığı “Strax” (“Qorxu”) adlı reportaj Qarabağda gedən döyüşlərdən bəhs edirdi. Həm erməni, həm də Azərbaycan tərəfdə olmuş müəllif, hadisələrə hər iki tərəfin prizmasından baxmış, maksimum obyektiv olmağa çalışmışdı. Reportajın əsas şəkli kimi isə erməni yaraqlılarının əhatəsində əlində Azərbaycan bayrağı tutmuş bir gəncin fotosu dərc edilmişdi. Bu cavan oğlan Mingəçevirdən könüllü Qarabağa döyüşməyə getmiş Natiq Qasımov idi…
2015-ci ilin fevralı. İtaliyanın Milan şəhəri, “Myatos” oteli.
Səhər tezdən feysbuk səhifəmdə mesaj qutusuna bu şəkil göndərilmişdi. Altında da qısaca şərh:
“Bu fotonu yəqin görmüsüz mətbuatda. Natiq Qasımovdur. Fotonu isə italiyalı fotoqraf Enrike Sarsini çəkib. Gör onu tapa bilərsənmi İtaliyada. Bu şəklin tarixçəsini, Natiqin sonrakı taleyini öyrənə bilərsənmi?”
Təbii, məşhur fotoydu. Neçə-neçə qəzet, sonradan saytlar bu fotonu dərc edib dəfələrlə. Əsasən də Xocalı faciəsinin ildönümləri ərəfəsində. Əslində bu da təsadüfi deyildi. Çünki bu fotonun məhz Xocalı faciəsinə aidiyyatı vardı. Mingəçevirdə, “Kosmos” kinoteatrında kinomexanik işləyən 21 yaşlı Natiq məhz Xocalı faciəsindən sonra könüllü cəbhəyə yollanmışdı.
1992-ci il mart ayının əvvəllərində “Qarabağ şahinləri” batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. Natiqgil qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geriyə – hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər 4 gün ərzində yüksəkliyi geri qaytarmağa cəhd edirlər və hər dəfə də itki verilər. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına döyüşü davam etdirir. Ermənilər yüksəkliyi ala bilmədiklərini görüb, hiyləyə əl atırlar. Onlar əsir götürdükləri Xocalı sakinlərindən birini, vaxtilə məktəb direktoru işləmiş Cəfər Cəfərovu çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq üçün elə onun özünü Natiqin yanına yollayırlar. Cəfər müəllim ermənilərin dediklərini Natiqə çatdırır. Bir qədər fikirləşəndən sonra Natiq təslim olmaq qərarına gəlir. Cəfər müəllimə bildirir ki, onlarla adamın öldürülməsinə razı ola bilməz. Yüksəkliyə sancdığı bayrağı da götürüb, aşağı düşür.
Natiq əlində Azərbaycan bayrağı erməni yaraqlılarının arasında irəliləyərkən, həmin vaxt İtaliya nəşrlərinin birindən Qarabağa ezam olunmuş fotoreportyor Enriko Sarsini sözügedən məşhur fotonu çəkir. 21 nəfər Xocalı sakini əsirlikdən azad edilir. Natiqin sonrakı taleyindən isə xəbər tutmaq mümkün olmur.
…Biz Enriko Sarsinini Peruca şəhəri yaxınlığında yerləşən Todi qəsəbəsində tapdıq. Təqaüddədir. Qocalmış, xəstəhal olsa da, şəkli tanıdı. “Mən çəkmişəm” – dedi, Qarabağda. Sonradan isə dostum, “Oqonyok”un müxbiri Konstantin Smirnova verdim. O da jurnalda dərc etdi.
Bəs Natiq?
– Mən onu ermənilərin dindirdiyi zirzəmidə də çəkdim. Özünü qəhrəman kimi apardı. Çox soyuqqanlıydı. Amma təəssüf, sonrakı taleyindən xəbər tuta bilmədim.
Biz uzun müddət hadisənin digər şahidi Konstantin Smirnovu da axtardıq. Rusiyanın müxtəlif telekanallarında öz layihələri ilə verilişlər hazırlayan Smirnovun koordinatlarını tapa bilmirdik ki, bilmirdik.
Uzun axtarışlardan sonra indi özəl teleşirkətlərdən birinə rəhbərlik edən Konstantin Sergeyeviçi, nəhayət, tapdıq…
5 aprel, 2016-cı il.
Moskva, Arbat, Aktyorlar Evi.
Vədələşdiyimiz vaxtda da gəlib çıxdı.
– Əlbəttə, xatırlayıram, bütün yazılarımı xatırlayıram. Mən Qarabağdan çıxanda Natiq sağ idi. Onu dindirmək üçün yüksək rütbəli adamlar da gəlmişdi. Hansısa hərbi sirri öyrənmək istəyirdilər yəqin. Amma o, adi bir döyüşçü idi. Kimlər dindirirdi? Mən onları tanımırdım axı? Amma bir nəfər mənim yaddaşımda qalıb. Robert idi adı. Bir dəqiqə, nəydi onun familiyası? Hə, hə, Koçaryan. Məhz o, ərazidəki jurnalistlərə dedi ki, onu öldürməyəcəklər. Ermənistana aparıb, müharibə qanunları ilə ittiham edəcəklər.
– Apardılarmı?
– Onu bilmirəm, mən Moskvaya qayıtdım, xəbərim olmadı…
…Ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir. Biz isə bu məsələyə bir qədər də aydınlıq gətirməyə çalışdıq.