Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

MSŞA koordinator seçimini sonraya saxladı

qubadMədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası yeni tərkibdə ilk iclasını keçirib

 

Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının yeni tərkibdə ilk Şura iclası keçirilib. MSŞA bununla bağlı açıqlama yayıb.

 

İclasda 11 Şura üzvündən 8-i iştirak edib. İclasın gündəliyinə təskilati məsələ kimi koordinatorun seçilməsi də daxil olmaqla müxtəlif təkliflər səsləndirilib. Lakin ümumi fikir mübadiləsi nəticəsində qərara alınıb ki, iclasda Şura üzvlərinin tam tərkibdə iştirak etməməsi, Ümumi Yığıncaqdan sonra yaranmış anlaşılmazlığı artırmamaq səbəbilə koordinatorun seçilməsi növbəti iclaslara qədər təxirə salınsın. Şura üzvləri yekdilliklə ilk iclasa sədrliyi Akif Qurbanova həvalə edib. Şura üzvlərinin qərarı ilə iclasın gündəliyində MSŞA Koalisiyasının 18-ci Ümumi Yığıncağının nəticələrinin müzakirəsi, MSŞA Koalisiyasının müstəqilliyinə olan potensial təhlükələrin və risklərin idarə olunması qaydalarının hazırlanması, MSŞA Koalisiyasının Çoxtərəfli qrupda təmsil olunan nümayəndələrinin hökumətdən, şirkətlərdən funksional və siyasi asılılığının aradan qaldırılması üçün tələbləri və meyarları müəyyən edən qaydaların hazırlanması, Beynəlxalq İdarə Heyətinin İslahedici Planının icra vəziyyətinin müzakirəsi və qiymətləndirmə hesabatının hazırlanması, Beynəlxalq İdarə heyətinin 01-02 iyun 2016-cı ildə Osloda keciriləcək toplantısından mümkün gözləntilər və ona hazırlıq işlərinin müzakirəsi öz əksini tapıb.

 

İclas zamanı gündəliyə uyğun olaraq 30 aprel 2016-cı ildə keçirilmiş Ümumi Yığıncağın nəticələrinə dair səslənən iddialar müzakirə edilərək, o qənaətə gəlinib ki, MSŞT üzrə Hökumət Komissiyasının, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin və 141 Koalisya üzvünün qatıldığı yığıncaq yüksək hazırlıq şəraitində keçirilib və Koalisyanın yeni Şurası və Monitorinq Qrupu seçilib. Yüksək rəqabət və gizli səsvermə şəraitində baş tutan seçkilər azad və şəffaf keçirilib, seçkilərin nəticələri Koalisiya üzvlərinin iradəsini əks etdirib. Nəticələr Ümumi Yığıncağın qərarı ilə təsdiq olunub.

 

Eyni zamanda heç bir ciddi huquqi əsasların olmaması səbəbilə Ümumi Yığıncağın yenidən keçirilməsilə bağlı səslənən təklif Əsanamənin tələblərinə uyğun olaraq Şura üzvləri tərəfindən yekdilliklə rədd edilib.
Şura üzvləri həmçinin Koalisiyanın hüquqi statusunun müəyyənləşdirilməsi ideyasının hökumətdən gəlməsi iddiasının araşdırılması üçün Monitorinq Qrupuna müraciət olunması təklifini məqbul hesab etməyib.

Gündəliyin birinci məsələsinin müzakirəsinin yekununda qarşılıqlı iddiası olan şəxslərin görüşüb anlaşılmazlıqları aradan qaldırmaları təklif olunub. Sonda qərara alınıb ki, Şuranın növbəti iclasında üzvlərin tam tərkibdə yığışması üçün müəyyənləşdirilmiş nümayəndə heyəti ilk iclasda iştirak etməyən digər üzvlərlə müzakirə aparıb yaranmış anlaşılmazlıqların aradan qaldırılmasına və növbəti iclasda onların iştirakının təmininə dair mümkün səylər göstərsin.

Gündəliyin digər məsələsi kimi MSŞA Koalisiyasının müstəqilliyinə olan potensial təhlükələrin və risklərin idarə olunması qaydalarının hazırlanmasına dair 3 nəfərlik işçi qrupu yaradılıb. Həmçinin MSŞA Koalisiyasının çoxtərəfli qrupda təmsil olunan nümayəndələrinin hökumətdən, şirkətlərdən funksional və siyasi asılılığının aradan qaldırılması üçün tələbləri və meyarları müəyyən edən qaydaların hazırlanması ilə bağlı da 3 nəfərlik isçi qrupu yaradılıb. Həmin qruplara təkliflərin hazırlanması üçün 2 həftəlik müddət müəyyənləşdirilib.

Gündəlikdə olan sonuncu məsələlər də müzakirə olunaraq qərara alınıb ki, növbəti Şuranın iclasına Beynəlxalq İdarə Heyətinin İslahedici Planının icra vəziyyətinin müzakirəsi və qiymətləndirmə hesabatının hazırlanmasına və Beynəlxalq İdarə heyətinin 01-02 iyun 2016-cı ildə Osloda keciriləcək toplantısından mümkün gözləntilər və ona hazırlıq işlərinin müzakirəsinə dair təqdimat hazırlansın.

Sonda növbəti Şura iclasının vaxtı 16 May 2016-cı il saat 15:00 – 17:00-a təyin olunub.

İclasda iştirak edən Şura üzvləri belə razılığa gəlib ki, Koalisiya Şurası adına ictimai açıqlamalar növbəti iclasa qədər yalnız Akif Qurbanov tərəfindən həyata keçirilsin.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir