Müsahibim Demokratiya Naminə Vətəndaş Təşəbbüsləri” ictimai birliyi sədri Sevinc İsgəndərova.
“Atəşkəs şərtlərini məxfi saxladıqca Qarabağ münaqişəsinin həlli mümkünsüz görünür”
- Aprelin ilk günləri cəbhə xəttində 22 il davam edən nisbi atəşkəs qarşılıqlı itkilər nəticəsində pozuldu. Üstünlük Azərbaycan tərəfində olsa da fürsətdən yararlanmadı. Sizcə bunun səbəbi nə idi?Məlum hadisədə insanların birliyi və xüsusən hər kəsin bütün giley-güzarı bir tərəfə atıb ordunu dəstəkəməsi hakimiyyəti qıcıqlandırdı. Hakimiyyət anladı ki, Qarabağın azadlığı uğrunda canını belə əsirgəməyən xalq, demokratik dəyərlər və sosial problemlərdən yaxa qurtarmaq üçün də nə zamansa birləşə bilər. Bax onda gözü qızan xalqın qarşısında gözqırpmadan duruş gətirə bilməyəcəyini başa düşdü. Ona görə də hakimiyyət qələbə vədələri ilə cəmiyyəti sakitləşdirməyə çalışdı. Düşünürəm ki, 22 ildə torpaqların azad edilməsi üçün belə fürsət ələ düşməmişdi. Dahilər deyib ki, fürsət yaz buludu kimidir, nə zaman gələcəyi, nə zaman gedəcəyi bəlli olmaz. Məsələnin görünməyən tərəflərindən isə tam məlumatsızıq. Hakimiyyət bu barədə bütün danışıqları gizlədir və yaxud özünə sərf edəcək formada təhrif edir. Ordumuzun qələbəsinə çox sevinirik, amma 3 günlük müharibənin hardan qaynaqlandığını, hansı şərtlərlə dayandırıldığını bilmirik. Hesab edirəm ki, torpaqların azad edilməsində yeganə çatışmayan cəhət siyasi hakimiyyətin iradəsizliyidir.
Sizcə bu müharibə Ermənistanın hər hansı formada güzəştə gütməsinə səbəb ola bilər?
Hesab edirəm ki, biz bu vaxta qədər Ermənistanı gezəştə getməyə məcbur etməliydik. Amma görürük ki, Ermənistan hər qarış torpaq üçün dirəniş göstərir. Biz sülh yolunu daha çox qabartdıqca onlar da daha çox həyasızlaşır. Heç zaman güzəşt xoşluqla olmur. Necə deyərlər donuz darıdan öz xoşuyla çıxmaz. Əzələ göstərməklə, güc tətbiq etməklə erməniləri torpaqlarımızdan çıxmağa, danışıqlar prosesində güzəştə getməyə məcbur etməliyik.
Məlum hadisələrdə xarici geclərin, Rusiya və ABŞ-ın təsiri varmı?
Hətta körpə uşaq da bilir ki, başımıza gələn əksər bəlaların baiskarı Rusiyadır. Qarabağ, 20 Yanvar dərdi də, bu gün bizim müstəqil olmamağımızın səbəbkarı da Rusiyadan əsən küləklərlə bağlıdır. Belə görünür ki, Azərbaycanın xarici güclərə qarşı mübarizəsində immun çatışmazlığı var. Konkret olaraq hansısa ölkənin müdaxiləsi və təsir imkanlarına gəldikdə, bunu ancaq ehtimallarla demək olar. Çünki bir qədər əvvəl dediyim kimi məlumatsızlıqdan əziyyət çəkirir, yaxud az sayda olan doğru xəbərlər yalan məlumatlar və şayiələrə qarışdırıldığı halda həqiqəti anlamaq xeyli çətinləşir.
Hakimiyyət qəbul etməsə də Azərbaycanda siyasi məhbus var. Daha dəhşətlisi isə odur ki, siyasi məhbusların arasında Qarabağ qaziləri də mövcuddur. Cəmiyyətə bu, necə izah olunmalıdır?
Hakimiyyət bu günlərdə heç olmasa qaziləri azad etməklə cəmiyyətdə itirilmiş imicini nisbətən bərpa edə bilərdi. Amma biz buna şahid olmuruq. Əksinə, iqtidarın repressiv siyasətini görürük. Düşünürəm ki, ağır maddələrlə əqidəsinə və siyasi düşüncəsinə görə həbs olunanlar həbs edənlərdən daha vətənpərvərdirlər. İqtidar başa düşməlidir ki, qandalladığı şəxslərin əksəriyyəti günahsızdır. Günahsız insanların həbs olunması, onlara məhrumiyyətlər yaşatmağın heç bir izahı ola bilməz. Bunun tək izahı var – siyasi məhbusları azad edib onlardan üzr istəmək. Hesab edirəm ki, siyasi idarəetmədə ciddi laxlamalar var. Vətənə xəyanət maddəsi ilə həbsə atılan şəxs iki ildən sonra sərbəst buraxılırsa, bunu necə izah etmək olar? Əgər xəyanət edibsə kimliyindən asılı olmayaraq layiqli cəzasını almalıdır, xəyanət etməyibsə niyə o maddə ilə həbs edib və bir müddət sonra azad buraxmaqla ölkə qanunlarını ayaq altına atırsınız?