Tanınmış ictimai fəal, Sivil Toplum Platformasının üzvü Nəsimi Məmmədli QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etdiyi layihə üzrə ona ayrılmış 6 min manat qrantdan rəsmən imtina edib. Bu barədə N.Məmmədli feysbuk səhifəsində bəyanat yayıb.
N.Məmmədli layihəni rəhbəri olduğu Yayımların Monitorinq Mərkəzi təşkilatı adından təqdim edib. Layihə “Təqsirsizlik Prezumpsiyasına əməl olunmasının mövcud durumu və maarifləndirmə tədbirlərinin təşkili ilə bağlı KİV-in Monitorinqi” adlanıb.
N.Məmmədli bildirir ki, qazandığı qrantdan imtinaya səbəb QHT Şurasının cəmiyyətdə formalaşmış mənfi imici və budəfəki maliyyələşmənin Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü beynəlxalq koalisiyasına 94 QHT adından göndərilən məlum müracitətə təsir göstərdiyi barədə yaranan ictimai rəydir.
N.Məmmədli bəyanatının əvvəlində məlum müraciətə imza atanlar sırasına adının necə düşdüyünə də aydınlıq gətirib:
“Mən xeyli müddətdir siyasi fəaliyyətlə məşğul deyiləm və hakimiyyətə gəlmək üçün də mübarizə aparmıram. Siyasətlə məşğul olan insanları isə alqışlayır, bunu doğru fəaliyyət hesab edir və onlara bu yolda uğurlar arzulayıram. Mən yalnız bir fərd olaraq ölkəmizin demokratikləşməsini, dövlətimizin təhlükəsizliyini, insanlarımızın hüquq təminatı altında yaşamasını arzulayan və bunun üçün çalışan sadə bir vətəndaşam.
Cəmiyyətə faydalı və ya zərərli yanaşmaları ayrıd etdiyim üçün müxtəlif proseslərə dəstək verməyim də şəxsi maraqlarla bağlı deyil. Cəmiyyətdə nəzərəçarpan təşəbbüslərə və proseslərə dəstək verməyə çalışıram. Doğru bildiyim məsələlərdə mövqe ifadə etməkdə tam müstəqiləm və heç kimin qarşısında xüsusi öhdəliyim və ya asılılığım yoxdur. Müxalifət sıralarında olmasam da, bəzən tənqidlərimə görə müxalifətçi kimi görünməyimi də söyləyənlər olur. Bir vətəndaş olaraq cəmiyyətdə rəğbət bəslədiyim qurumların və fərdlərin olduğunu da gizlətmirəm.
Ölkəmizlə bağlı hər hansı beynəlxalq təhlükələr hiss etdikdə, istisnasız olaraq dövlətimizin maraqlarını qorumağa hazıram. Təəssüf ki, hökumət dövlət maraqları ilə hakimiyyət maraqlarının sərhədlərini o qədər bir-birinə qarışdırıb ki, bəzən biz istəmədən hökumətin mövqeyini dəstəkləyənlər kimi də görünürük. Xüsusilə də MHŞT ilə bağlı müraciətə olan münasibətlərdən bunu çox aydın müşahidə edirəm.
Bu məsələdə bir daha qeyd edirəm ki, nə hökumətin mənim dəstəyimə ehtiyacı var, nə də mənim hökuməti dəstəkləmək kimi niyyətim. Sadəcə olaraq belə bir narahatedici fikir qabardılırdı ki, bu toplantıda Ermənistan üzvlüyə qəbul olunacaq, Azərbaycanın isə üzvlükdən çıxarılması məsələsi gündəmdədir. Doğrusu rayonda olduğum üçün məsələnin təfərrüatlarına tam varmadan bildirdim ki, belə olan halda mən də müraciəti dəstəkləyirəm. Müraciətdə qətiyyən razı olmadığım məqamlar olsa da, onu dəstəkləməkdən imtina etmədim…”
QHT-lərə Dövlət Dəstəyi Şurası ilə münasibətlərinə gəlincə, N.Məmmədli qeyd edib ki, rəhbərlik etdiyi təşkilat 2007-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb və dəfələrlə QHT Şurasının qrant müsabiqəsinə qatılıb. Lakin bu 10 ildə cəmi 2 dəfə üst-üstə 14 min manat məbləğində qrant alıb. Layihələrdən biri “Məcburi köçkünlərə mülkiyyət hüquqlarının qorunması məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edənlərə hüquqi yardım göstərmək”, digəri isə “Cəmiyyətin və regionların aktual sosial-hüquqi problemləri –Regional TV debatda” mövzuları üzrə olub. Hər iki layihəni yüksək səviyyədə və peşəkarlıqla icra etdiklərini deyən N.Məmmədli sonda imtina qərarına belə aydınlıq gətirib:
“Bu il 6 mart tarixdə açıqlanan qaliblər siyahısında mənim də təşkilatımın adı çıxdı. Maraqlı və aktual mövzu ilə bağlı layihəmizin maliyyələşməsinə vəsait ayrılıb. “Təqsirsizlik Prezumpsiyasına əməl olunmasının mövcud durumu və maarifləndirmə tədbirlərinin təşkili ilə bağlı KİV-in Monitorinqi” layihəsidir. Məlum müraciətin imzalanması ilə Şuranın qalibləri eyni zamanda açıqlaması, habelə sosial şəbəkələrdə olan çoxsaylı müzakirələri nəzərə alaraq, bu barədə konkret mövqe ifadə etmək istəyirəm.
Son illər Şura ətrafında formalaşan mənfi fikirlər cəmiyyətdə belə bir rəy yaradıb ki, hökumət bu qurum vasitəsilə QHT-ləri satın alır, onları hökuməti dəstəkləməyə vadar edir. Belə bir ictimai rəyin yaratdığı şəraitdə şəxsimin və təşkilatımın üzərinə hər hansı kölgə düşməsinə imkan verə bilmərəm. Odur ki, dövlət büdcəsindən təşkilatıma ayrılan vəsaitdən tam şəkildə imtina edir, layihəni öz şəxsi imkanlarımla icra edəcəyimi bəyan edirəm. Mənim azad iradəmə təsir edə biləcək heç bir halı qəbul etmirəm və bundan sonra da etməyəcəyəm”.