“Respublikaçı Alternativ” Hərəkatının fevralın 20-də həbs olunan üzvü Rahim Şalıyev Sumqayıt şəhər Polis İdarəsində işgəncələrə, alçaldıcı hərəkətlərə məruz qalıb. Şalıyev başına gətirilənləri vəkilinə danışıb. Vəkili Yalçın İmanov fevralın 22-də Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerində onunla görüşüb.
Rahim Şalıyev bildirib ki, xırda xuliqanlıq və polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbs cəzası alması haqda Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ruhiyyə Əsgərovanın qərarında yazılanlar tamamilə yalandır. O, nə küçədə söyüş söyüb, nə də polisə müqavimət göstərib. Polislər fevralın 20-də səhər saat 11 radələrində onu gəlib evdən aparıblar.
Rahim Şalıyev başına gələnləri vəkilinə belə danışıb:
“Səhər saat 11 radələrində iki polis evimə gəlib, Sumqayıt şəhər 4-cü polis bölməsinə getməli olduğumu dedilər. Səbəbini soruşdum, dedilər ki, bilmirik. Onlarla birlikdə 4-cü polis bölməsinə getdik. Orada 15-20 dəqiqə gözlədikdən sonra rəis məni qəbul elədi. Lakin üzümə baxmadan, əlavə heç bir şey deməyib otaqdan çıxartdı. Daha sonra məni Sumqayıt şəhər Polis İdarəsinə apardılar. Orada 3-cü mərtəbəyə qaldırıb, rəis müavininin otağına saldılar. Rəis müavini üzümə baxıb “sən Real partiyasının üzvüsən?” soruşdu. “Bəli” cavabını verdim. Nə vaxtdan üzv olduğumu soruşdu. Bildirdim ki, 2013-cü ildən. Bundan sonra qayıtdı ki, “başından böyük nə qələt eləmisən?”, cavab vermədim. Sonra otaqdan çıxartdı. Bir qədər çöldə gözlədim. İçəri bir nəfər daxil oldu və sonra məni təkrar içəri çağırdı. Kabinetin ortasında ayaq üstə durmağımı tələb elədi, soruşdu ki, “Facebook”da nə yazmısan?”. Mən də öz fikirlərimi yazdığımı bildirdim. “Əəə, küçük, axırıncı dəfə nə yazmısan?” soruşdu. Mən də öz bloqumda yazdığımı dedim. Sonra “Real”ın nə qədər üzvü olduğunu, mənim hərəkatda nə işə baxdığımı soruşdu, təhqir etdi. Mən sıravi üzv olduğumu bildirdim. Ardınca məni yanındakı adama tapşırıb dedi ki, “bunu yaxşıca başa salın”. Həmin adam məni üzbəüzdəki otağa apardı. Orada təxminən 5 nəfər idmançı cüssəli adam məni döyməyə, təhqir etməyə başladı. Onlara bildirdim ki, başımın sol hissəsində travma, ürəyimdə problem var. Heç olmasa, ora vurmasınlar. Amma onlar daha çox travma olan yerdən sillə ilə, ürək və kürək nahiyələrimdən, qollarımdan, qıçlarımdan, qasığımdan vurmağa başladılar. Bu zaman halım pisləşdi. Qışqırmağa və otaqdan qaçmağa çalışdım. Bu zaman onlardan biri qurşağımdan tutub məni yuxarı qaldırdı və yerə çırpdı. Bundan sonra barmaqlarımı sındırmaq istədilər. Sağ əl barmaqlarımdan dördü ciddi zədələndi. Müvazinətimi saxlaya bilməyib yıxıldım və yanımdakıları itələyib barmaqlarımı əllərindən çıxartdım. Daha sonra məni su içməyə apardılar. Krantdan su içdim və bayaqkı otağın yanındakı digər otağa keçirtdilər. Orada əlavə iki nəfər var idi. Daha sonra mənə işgəncə verənlərdən ikisi də gəldi. Divanda otuzdurdular. Məndən Real-ın üzvləri, əməkdaşlıq etdiyim intetnet saytları, Facebook və şəxsi bloqum, qohumlarım haqda soruşdular. Bildirdim ki, qohumlarımla əlaqə qurmuram. Real-da sıravi üzvəm və ancaq mühazirələrdə olmuşam. Məni ayağa qaldırıb başıma sillə, çiynimə yumruq vurdular, təhqir etdilər. Daha sonra “Facebook” parolumu soruşdular. Vurdular, amma parolu bilmədiyimi dedim. Daha sonra təkrar 4-cü polis bölməsinə apardılar. Orda saxta protokol tərtib etdilər, yazdılar ki, guya Sülh küçəsində mobil telefonla danışarkən nalayiq ifadələr işlətmişəm, polisin qanuni tələbinə tabe olmamışam. Əslində belə şey olmayıb, məni evdən polislər gətirib bölməyə. İdarədəki fiziki və mənəvi, psixoloji təzyiqlər altında mən həmin protokol və izahata imza atmaq məcburiyyətində qaldım.
Daha sonra məni məhkəməyə gətirdilər. Hakim Ruhiyyə Əsgərovanın göstərişi ilə guya inzibati xətaya yol verməyim barədə təkrar izahat yazdırdılar. Təxminən 3 dəqiqə çəkən məhkəmənin yekununda 30 sutka inzibati həbs olundum və daha sonra polislər mənə bu barədə heç kimə bir kəlmə də olsun deməmək barədə xəbərdarlıq elədilər. Məni yenidən Sumqayıt şəhər Polis İdarəsinə gətirdilər. İdarədə zorla unitazı təmizlətdirdilər və təmizləyən yerdə şəklimi, videomu çəkdilər. Daha sonra 4-5 nəfər qadının olduğu otağa apardılar. Üst geyimimi və şalvarımı əynimdən soyundurdular , pijamada əlimə şvabra verdilər, döşəməni təmizlətdirdilər. Polis həmin vaxt qadınlara “gülməyin fahişələr” – deyə bildirdi. Həmin vaxt yenidən şəkil və videomu çəkdilər. Daha sonra rəis müavinin otağına qaldırdılar. Orada rəis müavini mənə “ağlın başına gəldi?” deyə sual verdi. “Real”da nə etdiyim barədə soruşdu. Daha sonra başqa otağa apardılar. Orada yenə Real-ın Sumqayıt təşkilatının fəallarını tanıyıb-tanımadığımı, hərəkatın üzvləri – Elkin Xəlilov, Kamil Allahyarov, Elçin Mahmud, Kənan və digərlərinin harada yaşadıqlarını soruşdular. Başqa üzvlərin olub-olmaması ilə bağlı suala “bilmirəm” dedikdə məni dubinka ilə zorlayacaqlarıyla hədələdilər, yenə döyməyə başladılar. Yenə başımda travma olan yerdən vururdular. Sakitləşdikdən sonra dedilər ki, səninlə sonra söhbət edəcəyik. Məndən dindirmələr zamanı çöldə və məhkəmə önündə toplaşanların kimlər olduğunu, nə işlə məşğul olduqlarını soruşdular. Hazırda başımın çöl hissəsi döyülmələrdən kəskin ağrayır. Qulağımda, eşitməyimdə problemlər yaranıb. Heç bir inzibati xətaya yol verməmişəm. İctimai-siyasi fəal kimi, yazar kimi, “Facebook”dakı statuslara görə həbs olunmuşam.