Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Tramp Kremli məyus edib

Krintina Hebel, Almaniyanın “Spiegel” qəzeti

Vaxt var idi, Rusiyanın məşhur televiziya aparıcısı Dmitri Kiselyov ABŞ prezidenti Donald Trampı “əsl kişi” adlandırmışdı.

Trampın qələbəsindən sonra Ağ ev Moskva ilə dost olacaq – insanlar Rusiya kanallarını açanda və ya Kremlə yaxın qəzetləri oxuyanda belə təəssürata malik olmalı idi. Hər yerdə Trampı tərifləyirdilər. Onun Meksika sərhədinə divar hörmək planı – “məntiqli və yaxşı düşünülmüş”, əsasən müsəlman ölkələrinə tətbiq edilmiş immiqrasiya qadağası – “cəsur” addım kimi dəyərləndirilirdi.

Kremli tənqid edən “The New Times” jurnalı yazdı ki, nə yaxşı Trampın inauqurasiya günü  Rusiyada milli bayram kimi qeyd edilmədi.

Dörd həftədən sonra eyforiya yoxa çıxdı.

Hətta Kremlə loyal olan “Milli Azadlıq Hərəkatı” patriotları KİV-lərin yaratdığı “Tramp kultu”ndan cana yığılıblar. Çərşənbə günü onlar Kiselyovun rəhbərlik etdiyi Moskvadakı propaqanda agentliyi “Rossiya seqodnya”-nın önündə belə etiraz aksiyası keçiriblər.

Moskva Trampa böyük ümidlər bağlamışdı, amma indi buna görə Rusiya rəhbərliyi hər gün daha da məyus görsənir.

Dönüş nöqtəsi təhlükəsizlik üzrə məsləhətçi Maykl Flinin istefası oldu. Çərşənbə axşamı Flin istefa verdi, o, Kremllə münasibətləri yaxşılaşdırmağa səy göstərirdi. Son günlər Trampın yaxın ətrafının kampaniya vaxtı və vəzifə başına gəlməmişdən əvvəl Rusiya kəşfiyyat zabitləri ilə əlaqələri olduğuna dair xəbərlər meydana çıxıb.

Əvvəl-əvvəl Rusiya hökumət kanallarının axşam xəbərləri Flinin istefası ilə bağlı susmuşdu. Hökumətə yaxın qəzetlər istefanın səbəbləri ilə bağlı məlumat vermirdi – səbəb isə Flinin Rusiya səfiri ilə dekabrda telefon danışıqları ilə bağlı ABŞ vitse-prezidenti Mayk Pensi aldatması idi.

Moskvada Flini qurban adlandırırlar, konservativ çevrələr isə konspirasiya nəzəriyyələri irəli sürür. “Rossiyskaya qazeta” general Flinin gedişini “skandal” adlandıraraq xəbər verir ki, “Rusiyaya qarşı yeni isteriya dalğası” gəlir. “Trampın düşmənləri xüsusi xidmət və KİV vasitəsilə onu məhv etməyə çalışır. İndi hədəf Trampın özüdür”, – senator və xarici siyasət üzrə ekspert Aleksey Puşkov tvitterdə yazıb. Digərləri isə Vaşinqtondakı “paranoya”dan bəhs edir.

Rusiya KİV-ləri və siyasətçiləri əvvəlki kimi ABŞ prezidentini müdafiə edir. Hətta Kremlin mətbuat katibi Dmitri Peskov belə ona dəstək nümayiş etdirir. O, həmişəki kimi dərhal Trampın adamlarının Rusiya kəşfiyyatçıları ilə danışıqlar aparması ilə bağlı xəbərləri təkzib edib. Bu xəbər “nə təsdiqlənmiş məlumatlara, nə də konkret faktlara” söykənir.

Bundan əvvəl 10 noyabrda xarici işlər nazirinin əvəzedicisi Sergey Ryabkov təsdiq etmişdi ki, seçki kampaniyası vaxtı Trampın komandası ilə əlaqələr mövcud olub. Trampın məsləhətçisi Karter Peyc kampaniya vaxtı Moskvanı ziyarət edib. Bəzi məlumatlara görə, o, hətta Vladimir Putinin yaxın adamları – İqor Seçın və prezident admistrasiyasının təmsilçiləri ilə görüşüb. Bu məlumatlar təsdiqini tapmadı.

Yeni adminstrasiyanı “rusofobiya” bürüyüb?

Flinin istefası Tramp-Putin münasibətlərinə ilk ciddi zərbədir. Moskva yaxşı başa düşür ki, Trampın heç bir xarici siyasət konsepsiyası yoxdur. Hələ də məlum deyil ki, o, Rusiya ilə necə davranacaq. Putinlə ilk telefon danışığı sadəcə bir neçə ipucu verir.

Üstəlik Tramp faktlara dəqiq yanaşmır və gözlənilməz davranır. Tramp böyük təzyiq altındadır. Onun öz partiyasının üzvləri Moskva ilə münasibətdə daha sərt davranmağı Konqresdə tələb edir. Tramp o qədər də müstəqil deyil, “rusofobiya yeni adminstrasiyasını da cənginə alıb”, – Federasiya Soveti komitəsinin beynəlxalq əlaqələr üzrə təmsilçisi Konstantin Kosaçyov deyib.

Bu arada Trampın mətbuat katibi açıqlama yaydı ki, Vaşinqton Krımın qaytarılmasını gözləyir. Mətbuat katibi Şon Spayser Trampı zərbə altında qoymaq istəyir və yaxud da respublikaçılar arasındakı Kreml tənqidçilərinə qatılır? Bunun Flinin istefası ilə üst-üstə düşməsi açıq-aydındır.

“Bu, ABŞ-dan Alyaskanın geri qaytarılması tələbi kimi bir şeydir”, – Federasiya Soveti Komitəsinin müdafiə və təhlükəsizlik üzrə təmsilçisi Viktor Ozerov müqayisə edib. “Bu mövzu müzakirəyə açıq deyil. Rusiya ərazi məsələlərini xarici tərəfdaşları müzakirə etmir”, – Dmitri Peskov Spayserə cavab verib.

Tərəflər arasında kifayət qədər yumşaq tonun hökm sürməsi tezliklə Tramp və Putin görüşünün olacağına ümid yaradır. Moskvada demək olar hər gün iki liderin görüşü müzakirə edilir. Amma hələlik heç nə məlum deyil, buna görə də Kreml aktiv olaraq bütün kanallar vasitəsilə buna nail olmaq istəyir. Putin artıq görüş yeri kimi Melaniya Trampın doğum yeri Sloveniyanı təklif edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir