Yenifakt.info

Müstəqil xəbərlər portalı

İnsan haqları

“Rüfət Səfərovun həbsinin siyasi sifarişçilərini qərəzli mövqelərindən imtina etməyə səsləyirik”

Rüfət Səfərovun qanunsuz həbsi ilə bağlı beynəlxalq təşklatlarda danışıqlar aparmaq üçün müdafiə komitəsinin nümayəndələri yaxın günlərdə  Avropaya gedəcək. Bu barədə Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsinin dekabrın 27-də keçirilən toplantısında komitənin sədri, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev bildirib.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda isə R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib. Öz növbəsində, prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında  9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib.

E.Quliyevin fikrincə, müdafiə komitəsi diplomatik missiyalar və  beynəlxalq təşkilatlarla işləri davam etdirməlidir.

“Azərbaycanda yeni situasiya yaranıb. İndi aktiv müqaviməti artırmaq lazımdır, daha kəskin bəyanatlarla çıxış etməliyik. Çünki bir tərəfd heç bir demokratik sifarişi qəbul etməyən hakimiyyət, digər tərəfdə isə qurbanlar durur”, deyə o qeyd edib.

Vəkil Bəhruz Bayramov Rüfət Səfərovun məhkəmədəki çıxışına istinadən bildirib ki, ölkədə azad fikrə  qarşı bu qədər aqressivlik olmaz.

“Rüfət Səfərova qarşı ittiham tam sifarişdir və uydurmadır. Azərbaycan məhkəmələrindən isə ədalət gözləmək əbəsdir. Ona görə, yalnız beynəlxalq təşkilatlarla və diplomatik missiyalarla işləməliyik. Eyni zamanda, mən işin Avropa Məhkəməsinə aparılması üçün işləri davam etdirirəm”, deyə vəkil qeyd edib.

Keçmiş vicdan məhbusu Pərviz Həşimli Rüfət Səfərov ilə bağlı Amnesty İnternational, BMT-nin İnsan Haqları Komitəsi və diplomatik korpuslarla yazışmalar aparıldığını deyib.

“Rüfət Səfərov siyasi məhbus kimi tanınıb, “vicdan məhbusu” da elan ediləcək”, deyə o qeyd edib.

İctimai Müdafiə Komitəsi bəyanatla da çıxış edib.

“Bir daha Azərbaycan və dünya ictimaiyyətini Rüfət Səfərovun hüquqlarını aktiv şəkildə müdafiə etməyə çağırır, siyasi sifarişçiləri gec də olsa qərəzli mövqelərindən imtina etməyə səsləyirik. Rüfət Səfərova qarşı ədalətsizliyə imza atan şəxslər unutmasınlar ki, onlar bu əmələ görə gec-tez qanun və ədalət qarşısında cavab verməli olacaqlar”, deyə sənəddə qeyd edilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir