Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.
ARDNF-nin məlumatına görə, iclasda Dünya Bankının nümayəndələri də iştirak edib.
MHŞT məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi yolu ilə mütəmadi açıqlanması, bu mexanizmin tətbiqi ilə bağlı DB tərəfindən göstəriləcək texniki yardımla bağlı məsələlər müzakirə edilib.
İclasda, 2015-ci ili əhatə edən MHŞT Hesabatı, MHŞT Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi islahedici tədbirlər üzrə Fəaliyyət Planı və s. müzakirə olunub.
Bundan başqa, 2016-cı il üzrə iş planının icra vəziyyəti, 2017-ci il üzrə illik iş planının məqsədlərinin milli prioritetlərə uyğun müəyyən edilməsi, MHŞT məlumatlarının əldə edilməsi, dərc edilməsi və təkrar istifadəsi məsələləri də müzakirə edilib.
Xatırladaq ki, 2016-cı ilin oktyabrında MHŞT beynəlxalq idarə heyəti Azərbaycana vətəndaş cəmiyyətinin işi üçün şəraiti yaxşılaşdırmaq üçün 2017-ci ilin martına qədər vaxt verib. Bunsuz Azərbaycanın bu təşkilata tamhüquqlu üzvlüyü bərpa edilməyəcək.
Bir il əvvəl QHT-lərə qarşı repressiyalar və vətəndaş cəmiyyətinin hüquq və azadlıqlarının pozulması ilə əlaqədar Azərbaycanın statusu namizəd üzvlüyə endirilib