2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 190 minə yaxın şəxs məşğulluq orqanlarına müraciət edib. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bu gün Bakıda keçirilən 2-ci HR forumunda çıxışı zamanı deyib.
“10 ay ərzində 190 minə yaxın şəxs məşğulluq orqanlarına müraciət edib. Onlardan 53 min nəfər müvafiq işlə təmin olunub. Bu ötən il ərzində illik göstəricidən təxminən 3 dəfə çoxdur. 11 minə yaxın şəxs işsiz statusu alıb və müavinət almağa başlayıb”, – deyə İ.İsayev vurğulayıb.
Onun sözlərinə görə, 2015-ci ilin sonuna Azərbaycanda işsizliyin göstəricisi 5%, gənclər arasında 13,5% təşkil edib. Lakin, qlobal iqtisadi dəyişikliklər, maliyyə böhranı, neftin qiymətinin ucuzlaşması 2016-cı ildə bu göstəricinin artımına gətiridi.
“Dövlət sosial məsuliyyətin bölüşdürülməsi, özünü məşğulluq tədbirlərinin genişlənməsi, yeni müəssisələrin yaradılması hesabına əmək bazarında gərginliyi azaltmağa cəhd edir”, – deyə o qeyd edib.
İ.İsayev bildirib ki, dövlət başçısının tapşırığına əsasən, dövlət şirkətləri ilıə təqdim etdikləri vakansiyalar üzrə iş aparılıb. Bu da 18 mindən artıq şəxsi işlə təmin etməyə imkan verib. “Eyni zamanda, 17 minə yaxın şəxs yerli icra kamiyyəti orqanları tərəfindən müxtəlif abadlıq, təmir və tikinti işlərinə cəlb olunub. Nəticədə, cari ilin mart-iyun aylarında işçi qüvvəsinin hərəkatında müsbət saldo müşahidə olunub. Yəni, yeni əmək müqavilələrinin sayı pozulan müqavilələrin sayından çox olub”, – deyə o bildirib.
Nazir müavini əlavə edib ki, noyabrın 1-nə muzdla işçilərin sayı 26,6 min nəfər artıb.
“10 ay ərzində 339,2 min əmək müqaviləsi imzalanıb, 312,6 min müqavilə pozulub. Pozulan müqavilələrin 4,4%-i müəssisələrin bağlanması və ştatın ixtisarının payına düşüb. Bu səbəblərə görə, bu dövrdə tikinti sektorunda 4 mindən artıq şəxs, maliyyə sektorunda 2 mindən artıq şəxs ixtisar edilib. 10 ay ərzində maliyyə sektorunda aktiv əmək müqavilələrin sayı 3,8 min nəfər azalıb”, – deyə İ.İsayev bəyan edib.
(İnterfaks-Azərbaycan)