Milli Şura qurumun üzvü, AXCP sədr müavini Gözəl Bayramlıya təhdidlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədrinin müavini, keçdiyi şərəfli həyat yolu, prinsipial və ardıcıl mübarizəsilə bu ölkədə çoxlarının hörmətini qazanmış Gözəl xanım Bayramlı 28 oktyabr tarixində açıq nömrəli telefon zəngilə kobud şəkildə hədələnmiş və təhdid edilmişdir.
Ona açıq mətnlə öldürüləcəyi ilə bağlı xəbərdarlıq edilmiş və ondan siyasi fəaliyyətinə son qoyulması tələb edilmişdir. Bu hadisədən dərhal sonra Gözəl Bayramlı 102 polis xidmətinə zəng edərək aldığı ölüm təhdidi ilə bağlı ətraflı məlumat vermiş, polis orqanlarından onu təhdid edən şəxsin tapılaraq cəzalandırılmasını və həyatına qarşı olan real təhlükənin aradan qaldırılmasını xahiş etmişdir. Hadisə sosial şəbəkələrdə geniş rezonans doğursa da, mətbuat bu barədə dəfələrlə yazsa da, Azərbaycan müxalifətinin liderlərindən birənə qarşı açıq ölüm təhdidi hüquq-mühafizə orqanlarının diqqətinə layiq görülməmişdir. Hadisə baş verdiyi zmandan keçən ilk beş gün ərzində, ümumiyyətlə, polis orqanları tərəfindən cinayətkarın yaxalanması istiqamətində heç bir addım atılmamışdır.
Bunun əvəzində, Gözəl xanımın guya hansısa radikal dini cərəyanın təmsilçiləri tərəfindən ölümlə hədələnməsi görüntüsü yaratmaq istiqamətində uğursuz cəhdlər edilmiş, saxta facebook profili yaradılaraq oradan Gözəl Bayramlıya qarşı olan təhdidlər təkrarlanmışdır. Böyük ictimai təpkidən sonra polis orqanları nəhayət ki, “çox operativ qaydada”- bir həftədən sonra Gözəl xanımı polis idarəsinə dəvət edərək hadisənin bir “anlaşılmazlıq” olduğunu, təhdidçinin Gözəl Bayramlını yox, başqa şəxsi hədələmək istədiyi bildirmişlər. Təbii ki, təhdiddçinin adı və guya hədələmək istədiyi vətəndaşın şəxsiyyəti də polislər tərəfindən sirr olaraq saxlanılmış və o, törətdiyi cinayət qarşılığında məsuliyyətdən yayındırılmışdır. Beləliklə də, Milli Şuranın təşkil etdiyi mitinqlərin davam etdiyi iki saatlıq müddət ərzində orada iştirak edən vətəndaşların şəxsiyyətini müəyyənləşdirməyi bacaran hüquq-mühafizə orqanlarımızın bir həftə ərzində hakim ailəyə məxsus mobil rabitə şirkətinin xidmətlərindən istifadə etməklə törədilən cinayətin üstünü açmaqda acizlik göstərmiş və cinayət hadisəsi cəza ilə yox, novella janrında gözlənilməz sonluqla yekunlaşmışdır. Bütün bunlar hadisənin elə hüquq-mühfizə orqanlarının özü tərəfindən həyata keçirilməsinə şübhə yeri buraxmır.
Böyük ehtimalla, telefon nömrəsinin gizlədilməməsi texniki qüsur olmuş və məhz bu gözlənilməz situasiya polis orqanlarını uzun müddət vəziyyətdən çıxmaq üçün taym-aut götürməyə vadar etmişdir. Xatırladaq ki, Gözəl Bayramlı ölümlə təhdid olunmadan bir müddət öncə BMCMİ-nə dəvət edilərək siyasi fəaliyyətinə, xüsusilə də Nardaran məhbuslarının- Fuad Qəhrəmanlı və Taleh Bağırzadə və digərlərinin müdafiəsi sahəsindəki fəaliyyətinə görə ciddi xəbərdarlıq almışdır. Şübhəsiz ki, telefonla edilən ölüm hədəsi hətta BMCMİ-nə dəvət ediləndən sonra da öz prinsipial siyasi mövqeyindən bir addım da olsa geri çəkilməyən bu qətiyyətli siyasətçi xanıma qarşı dövlət hakimiyyət orqanları tərəfindən edilən təzyiq və təhdidlərin növbəti və daha təhlükəli mərhələsi idi.
Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan siyasi hakimiyyətini Azərbaycan müxalifətinə, vətəndaş cəmiyyətinə və Azərbaycan vətəndaşlarına qarşı istənilən dövlət hakimiyyətinə xəcalət gətirən və dövlət hakimiyyətini həyata keçirən iqtidara yox, cinayətkar quldur dəstələrinə və mütəşəkkil mafiyaya yaraşan bu hərəkətlərə son qoymağa, vətəndaş, cəmiyyət, dövlət, eləcə də beynəlxalq tərəfdaşları qarşısında öz məsuliyyətini dərk etməyə çağırır. Milli Şura Azərbaycanın hüquq-mühafiəzə orqanlarından tez bir zamanda Milli Şuranın üzvü, AXCP sədrinin müavini Gözəl xanım Bayramlıya qarşı bu cinayəti törədənlərin ifşa olunub cəzalandırılması və bu kimi qanunsuzluqara son qoyulmasını tələb edir.