Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Dəhşətli yanğının məhkəməsində vəkillərlə hakim arasında qalmaqal

yangin_19_mayBinəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hacıbaba Əkbərov ifadə verib. O bildirib ki, 2012-ci ilin avqustun axırından 2014-cü ilin yanvarınadək Binəqədi rayon İcra Hakimiyyətini memarlıq şöbəsində böyük məsləhətçi işləyib. Onun sözlərinə görə, işlədiyi dövrdə yanan binada üzlənmə işləri aparılıb: “Mən icra hakimiyyətinə işə düzələndə artıq binada üzləmə işi gedirdi. Mənim işim sifarişləri qəbul edib, icra etmək idi. Binəqədi İcra Hakimiyyəti sifarişçi olmayıb. Buna görə də binada aparılan işlərə biz yaxından nəzarət etməmişik, bu işlərə nəzarət etmək üçün mənə göstəriş verilməyib. Mənim başqa bir şirkətin gördüyü işlərə nəzarət etmək səlahiyyətim olmayıb. Vəzifəm yalnız icra hakimiyyətinin sifarişi ilə görülən işlərə nəzarət etmək olub”.

Təqsirləndirilən Miryusif Mahmudov bildirib ki, binada təmir işləri Binəqədi İcra Hakimiyyətinin vəsaiti hesabına deyil, onun şəxsi vəsaiti hesabına aparılıb. Daha sonra şahidə Miryusif Mahmudovun vəkili İlhamə Həsənova suallar verib. Bu zaman vəkil şahidi yalan danışmaqda ittiham edib. Və bildirib ki, buna görə də məsuliyyət daşıyır. Hacıbaba Əkbərov yalan ifadə vermədiyini deyib. Bu zaman təqsirləndirilən şəxslərin vəkilləri ilə hakim arasında mübahisə yaranıb. Mübahisə sakitləşdiriləndən sonra Hacıbaba Əkbərov qeyd edib ki, Azadlıq prospektində olan binada aparılan təmirlər zamanı işçi komissiyası yaradılmayıb. Bildirib ki, rayon ərazisində yaşayış binası icra hakimiyyətinin balansında deyil: “Binanın hansı qurumun balansında olduğunu bilmirəm.”

Şahid bildirib ki, yanan binaya bitişik olan qeyri yaşayış sahəsində aparılan təmir-tikinti işlərinə nə Xaləddin İsgəndərov, nə də Alı Qocayev icazə verməyib. Şahid həmin işlərin kimin sifarişi ilə görülməsindən xəbəri olmadığını deyib. Digər şahid Telman Adıgözəlov ifadə verib. O qeyd edib ki, yanan binada aparılan təmir işləri zamanı fəhlələrin briqadiri olub. Telman Adıgözəlov bildirib ki, yanan binada təmir işləri üçün fəhlə toplayıb və daha sonra işə başlayıb: “İşə götürüləndə sənədə imza etmişəm. Amma sənədin nədən ibarət olduğunu bilməmişəm. Hər ayın tamamında əməkhaqqı almışam”.

Telman Adıgözəlov qeyd edib ki, binaya poliüretanları onun gətirdiyi fəhlələr vurub: “Mən orada işə düzələndə Xanlar müəllim adlı iş icraçısı da var idi. Xanlar müəllim işlərin görülməsinə nəzarət edib. Bundan əvvəl alkopan işləri görmüşəm. Zaqatalada da eyni üzlükləri vurmuşuq. Yanan binada da üzlükləri eyni qaydada vurduq”. Qəzənfər Novruzovun vəkili Xanlar Bayramzadə vəsatətlə çıxış edib. O Binəqədi İcra Hakimiyyətinin T.Tanrıverdiyev soyadlı işçisinin məhkəməyə çağırılması barədə vəsatət verib. Hakim bildirib ki, vəsatətə əsas şahidlərin dindirilməsini başa çatandan sonra baxılacaq. Proses noyabrın 1-də davam edəcək.

Qeyd edək ki, Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar. Yanğında 15 nəfər həyatını itirib. (Lent.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir