“Financial Times” qəzetinin Azərbaycan hakimiyyətinə dair sərt məqalələri ilə tanınan Moskva müxbiri Jack Farchy yazır ki, Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü (Extractive Industries Transparency Initiative – EITI) qrupunun şurasında Azərbaycanın bu təşkilatda üzvlüyü barədə şərtli qərarını “ultimatum” kimi də qiymətləndirmək olar.
Müxbirin fikrincə, “Osloda mənzillənmiş bu könüllü təşkilat” Azərbaycan hakimiyyətinə siyasi islahatları keçirməsi üçün təzyiq göstərilməsində əhəmiyyətli rol oynadığını nümayiş etdirib.
Məqalədə qeyd olunur ki, Azərbaycan hakimiyyətinin EITI şurasının tələblərinə əməl etməməsi Bakı üçün xoşagəlməz vəziyyət yarada bilər, beləki Azərbaycanın Dünya Bankı da daxil beynəlxalq maliyyə təsisatlarından almağa ümid bəslədiyi çoxmilyardlarlıq kreditlərin taleyi hökumətin vətəndaş cəmiyyəti ilə bundan sonrakı rəftarından asılı olacaq.
Bakı seytnotdadır
Jack Farchy yazır ki, Azərbaycan bu kreditləri almadan özünün Cənub Qaz Dəhlizi layihəsindəki payını maliyyələşdirməkdə çətinlik çəkə bilər. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazını Avropaya nəql etməlidir və hazırda Bakı bütün ümidlərini qaz ixracatına bağlayıb.
Lakin sözü gedən krediti ala bilməsi üçün Azərbaycan hakimiyyəti EITI-nin konkret tələblərini yerinə yetirməli olacaq.
FT yazır ki, bu tələblərdən Bakı üçün ən çətini Azərbaycanın QHT-lərin maliyyələşdirilməsinə və qeydiyyatına dair qanunlarını ləğv etməsi tələbidir.
Astanada keçirilən şura iclasında Azərbaycan nümayəndələrinə konkret olaraq deyilib ki, vətəndaş cəmiyyəti üzərinə hücumlar dayandırılmalı, QHT-lərin fəaliyyətinə imkan verilməlidir.
Bu da bildirilib ki, Azərbaycanın QHT-lər haqqında indiki qanunları onların fəaliyyətini az qala imkansız edir.
FT yazır ki, EITI şurasının iclasına bir-neçə gün qalmış Bakının atdığı tələsik addımlar – bəzi QHT-lərin bank hesablarının azad edilməsi və bəzi siyasi fəallar üçün səfər qadağanının qaldırılması, habelə İlham Əliyevin xarici qrantlar barəsində imzaladığı fərman Azərbaycanı gözləyən mümkün təhlükələrin Bakı tərəfindən başa düşüldüyünü göstərir.
Vaşinqtonun dəstəyi
Məqalədə deyilir ki, qeyri-hökumət təşkilatları Bakının bu təşəbbüsdən dərhal çıxarılmasını tələb edirdilər, lakin hökumət və Azərbaycanda işləyən şirkətlərin israrlı müraciətləri Bakıya “bir az da vaxt” verilməsi ilə nəticələnib.
FT şuranın iclasında bilavasitə iştirakı olan iki mənbədən öyrənib ki, Bakıya “möhlət tanınmasında” ABŞ nümayəndəliyinin nüfuz təzyiqi həlledici rol oynayıb.
Məqalədə deyilir ki, Vaşinqton üçün Avropanın Rusiya qazından asılılığını azaldacaq Cənub Dəhlizi Layihəsinin böyük siyasi əhəmiyyəti var.
FT yazır ki, bu xəbərin təsdiqi üçün ABŞ Dövlət Departamentindən şərh almaq mümkün olmayıb.
Lakin beynəlxalq insan haqları təşkilatları Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı vəziyyəti düzəldəcəyinə o qədər də ümid bəsləmirlər.
Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya masasının rəhbəri Rachel Denber deyib ki, Azərbaycanın tələsik atdığı addımlar mahiyyətcə yox, formaca dəyişiklik kimi qiymətləndirilə bilər.
FT isə yazır ki, EITI şurası iclasının ərəfəsində Bakıda 22 yaşlı siyasi fəalın 10 illik həbsxana cəzasına məhkum edilməsi rəsmi Bakının hər hansı müxalifətə dözümsüzlüyünün davam etdiyini göstərir.
(azadliq.org)