Naxçıvanda saxta dollar əməliyyatı
İran İslam Respublikasından Naxçıvan MR-ə külli miqdarda saxta dolların keçirilməsi faktı üzrə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı MR Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Respublika Prokurorluğunun birgə istintaq qrupu tərəfindən aparılır. İlkin araşdırmalar zamanı saxta dollarların Naxçıvana keçirilməsində gömrük əməkdaşlarının da iştirakı şübhəsi ortaya çıxıb. Məlumata görə, Culfa Gömrük İdarəsinin rəisi, gömrük xidməti mayoru Bəhruz Mədətli vəzifəsindən götürülüb, onun DTX tərəfindən saxlanıldığı haqda məlumatlar var.
Məlumatda həmçinin bildirilir ki, Naxçıvana külli miqdarda saxta dollar keçirilməsi məsələsinə həsr olunmuş iclasda DTX rəisi, general-mayor Fazil Ələkbərov Culfa Gömrük İdarəsinin rəisini terror təşkilatına yardım etməkdə ittiham edib. Bu məlumat ehtimal etməyə əsas verir ki, Naxçıvana ötürülən saxta valyutanın hansısa terror təşkilatına məxsus olduğu haqda əməliyyat məlumatları olub.
Culfa Gömrük İdarəsindəki mənbə Bəhruz Mədətlinin işdən çıxarıldığını təsdiq etdikdən sonra əməkdaşımız daha ətraflı məlumat almaq üçün Naxçıvan MR Gömrük Komitəsi ilə əlaqə saxlayıb.Lakin Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru Rahil Tahirli telefonu açmayıb. (AzPolitika.info)