Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun sabiq direktoru Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prosesə hakim Əfqan Hacıyev sədrlik edir.
Prosesdə “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynovun vəkili Azər Tağıyev müdafiə çıxışı edib. O, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib: “İbrahim Hüseynovun Beynəlxalq Bankla rəsmi bağlılığı olmayıb. Guya, müdafiə etdiyim şəxs Cahangir Hacıyevin təşkill etdiyi cinayətkar dəstənin üzvü olub. Bu ittihamlar əsassızdır”. Vəkil müvvəkkilinin əvvəllər MTN əməkdaşı olduğunu, azyaşlı övladlarının olmasını, dövlətə xidmətlərinin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Prosesdə dövlət ittihamçısı Fərid Nağıyev replika hüququndan istifadə edərək, təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışına münasibət bildirib. Dövlət ittihamçısı vəkillərin mənimsəmə ilə bağlı sübutların olmadığını deməsinə münasibət bildirib: “Cinayət işinin materiallarında Cahangir Hacıyevin ailə üzvlərinin xarici ölkələrdə, otellərdə, bahalı mağazalarda, sağlamlıq mərkəzlərində kartlar vasitəsilə ödənişlər etməsi ilə bağlı konkret faktlar var. Zamirə Hacıyevaya hansı biznes fəaliyyətinə külli miqdarda kreditlər ayrılıb? Ancaq başqalarına bu şəkildə kreditlərin ayrılması mümkün deyil. Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev ötən prosesdə çıxış edərkən dedi ki, bankdan layihələrə ayrılan kreditlərin ödənilməsi və gəlir gətirilməsi üçün müəyyən vaxt lazım imiş. Və belə bir müqayisə apardı ki, bu, “bir ay əvvəl evlənmiş cütlükdən uşaq gözləməyə bənzəyir”. Vəkillər qeyd edir ki, pul ayrılan layihələr gəlir gətirəcəkdi. 2008-ci ildən verilən kreditlərin hamısının layihələrə getdiyi bildirilir. Amma ortada heç nə yoxdur. Bəs görəsən kredit ayrılan layihələrin nə zaman xeyir gətirməsi gözlənilirdi? Buna nə qədər müddət lazım idi? Halbuki, 7 ilə adam qəhrəman ata, ana olur. Göründüyü kimi, heç bir addım yoxdur. Onu da qeyd edim ki, İdarə Heyətinin sədri olmaq bankın bütün səlahiyyətlərinə sahib olmaq demək deyil”.
Vəkil Fəxrəddin Mehdiyev dövlət ittihamçısının replikasına bu cür cavab verib: “Vəkillərin hamısı çıxışında ittiham aktını darmadağın etdi. Düşünürdüm ki, prokuror replika hüququndan istifadə etməyəcək. Amma cənab prokuror o qədər savadlıdır ki, onu bu işə təyin ediblər. Prokurorun da pontensialı olduğu üçün çalışır ki, ittiham aktını sübut etsin”.
F.Mehdiyev Cahangir Hacıyevin ailə üzvlərinin adına ayrılmış pullar haqda da deyilənlərə cavab verib. Vəkil bildirib ki, həmin pulların bankdan ayrılan kreditlər əsasında onlara verilməsini sübut edən heç bir fakt yoxdur.
Digər vəkil Aqil Layıcov C.Hacıyevin ailə üzvlərinin xaricdə xərclədiyi pulların sabiq bankirin şəxsi pulu olduğunu deyib: “Qeyd edilən məbləğ 1 milyonu keçmir. Cahangir Hacıyevin yüksək maaşı olub. Həmin xərcləri şəxsi hesabına da ödəyə bilərdi”.
Daha sonra təqsirləndirilən şəxslər son söz söyləyib. Kənan Orucov, Anar Sultanov, Məmməd Cahangirov, Yusif Ələkbərov, İlqar Abdullayev çıxış edərək özlərini təqsirli bilmədiklərini, ittihamlarla razı olmadıqlarını söyləyiblər. Onlar kredit komitəsinin qərarlarını və rəhbərliyin göstərişlərini icra etdiklərini deyərək ayrılan kreditlərin hara xərclənməsindən xəbərsiz olduqlarını bildiriblər, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Cahangir Hacıyev və İbrahim Hüseynov isə son söz üçün məhkəmədən bir həftə vaxt istəyiblər. Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Fərid Nağıyev çıxışında təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməklə Cahangir Hacıyevə 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov və Kənan Orucovun hər birinə 8 il, İbrahin Hüseynovla Yusif Ələkbərova 11 il, Azad Cavadova isə 12 il 11 ay cəza istəmişdi.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar. (virtualaz.org)