Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Tağı Əhmədov: “Eldar Mahmudov dedi ki, məsələni Çovdarovla həll eləsin”

tagi-ehmedovMetropolitenin keçmiş rəisi pullarını avro və dollarla yığırmış…

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov bir neçə dəfə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova zəng vursa da, onun zənglərinə cavab verməyib. Bu barədə Tağı Əhmədov prokurorluqda ifadə verərkən deyib. Onun sözlərinə görə, MTN-nin idarə rəisi Akif Çovdarov işçisi Rəsul Rəsulov vasitəsilə ondan pul tələb eləyəndən sonra o, sabiq nazirlə əlaqə saxlayıb. Lakin Eldar Mahmudovla danışa bilməyib. Ona sabiq nazirin köməkçisi Vüqar Mahmudov cavab verib. Yeri gəlmişkən, Vüqar Mahmudovun keçmiş nazirin əmisi oğlu, eyni zamanda, Səbail Rayon Polis İdarəsinin sabiq rəisi İlqar Mahmudovun qardaşı olduğu bildirilir. Tağı Əhmədovun 5-6 dəfə zəngindən sonra Vüqar Mahmudov ona belə cavab verib: “Nazir deyir ki, Akif Çovdarova tapşırmışam, məsələsini onunla həll eləsin”. Tağı Əhmədov prokurorluqda deyib ki, bu cavabdan sonra məsələdən Eldar Mahmudovun da xəbəri olduğunu bilib, Xətai rayon məhkəməsində hakim işləyən oğlu Rauf Əhmədovun başına torba salıb MTN-ə aparılacağı barədə hədələri nəzərə alaraq, tələb olunan 3 milyonu vermək qərarına gəlib. Bugünlərdə Tağı Əhmədov açıqlamasında bildirib ki, onun istintaqa ifadəsində “Çovdarova verdiyim pul 40 illik əməkhaqqım idi, yığmışdım” deməsi haqda mətbuatda yazılanlar yalandır, belə söz deməyib. Amma cinayət işinin materialları göstərir ki, Tağı müəllim deyib, amma 40 yox, 44 illik əmək fəaliyyəti dövründə yığdığı pullar olduğunu deyib. Görünür, Tağı müəllim əməkhaqqısını tez-tez xarici valyutaya çevirirmiş. Çünki Akif Çovdarova verilən 3 milyonun cəmi 300 mini manatla olub. O dövrün məzənnəsinə uyğun olaraq, 1 milyon 200 mini dollar, 1 milyon 500 mini isə avro ilə verilib. Onu da qeyd edək ki, pul Çovdarova mətbuatda yazıldığı kimi hansısa mənzildə yox, MTN-nin binasının qarşısında, 20 saylı məktəbin yaxınlığında verilib. Pulu çantada Tağı Əhmədovun oğlu Ruslan və qardaşı oğlu Əli aparıb orada onları “Land Rover”də gözləyən Akif Çovdarova veriblər. Yeri gəlmişkən, Tağı Əhmədov əvvəlcə pulu vermək istəmədiyinə görə, onun qardaşı oğlu Şövqi Əhmədov və qohumu Elşən Tağıyevi MTN-ə aparıb döyüblər. Tağı Əhmədovu pulu verməyə vadar edən səbəblərdən biri də bu olub. Onu da əlavə edək ki, Akif Çovdarov Tağı Əhmədovun dedklərinin doğru olmadığını bildirir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir