Azərbaycanlı zəvvarların ilk qrupu bu gün Məkkə şəhərindən Mədinəyə gedəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib.
H.Babayev xatırladıb ki, Məkkə ilə Mədinə şəhərinin arasındakı məsafə 420 km-dir: “Hacılar Mədinə şəhərinə avtobusla yola düşəcəklər. Gün ərzində 8 avtobus yola çıxacaq. Bu gün Mədinə şəhərinə yola düşən hacılar sentyabrın 19-da Azərbaycana dönəcəklər. Zəvvarlar hər gün iki reys olmaqla səhər və axşam saatlarında uçacaqlar”.
H.Babayev onu da bildirib ki, zəvvarların sağlamlıq durumları normaldır: “Bizim zəvvarlar xəstəxanalara müraciət etsələr də, orada qalan olmayıb. Bəzi problemləri olanların da vəziyyəti yaxşılaşıb. Narahatlıq daha çox yaşlı zəvvarlar arasında baş verirdi”.
H.Babayevin sözlərinə görə, ən yaşlı zəvvarın 83 yaşı var və həmin şəxs özünü gümrah hiss edir: “Zəvvarların ən yaşlısı əslən Gürcüstan azərbaycanlısıdr. Ən kiçik zəvvarın isə 14 yaşı var. Həmin oğlan ziyarətə valideynləri ilə gəlib”. (Report)
Yenifakt.info
Müstəqil xəbərlər portalı