Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

ABŞ hakimiyyətə sanksiya tətbiq etməyə hazırlaşır

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: «Böyük ehtimal ilə dinləmələr Konqressə sanksiyalarla bağlı tövsiyyələrin verilməsiylə yekunlaşacaq»

Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Dinləmələrdə ölkədəki insan hüquqlarının vəziyyəti müzakirə ediləcək.

“Azərbaycan: İnsan hüquqlarının əhəmiyyəti varmı?” adlı paneldə Azərbaycandakı insan haqları ilə yanaşı bunun ABŞ üçün nəticələrinə də diqqət yetiriləcək.

Komissiyanın yaydığı məlumatda deyilir: “2014-cü ildən başlayaraq Azərbaycan hakimiyyəti fərqli fikirlilərə, jurnalistlərə, müxalifət nümayəndələrinə qarşı hücumları artırıb. ABŞ-ın maliyyələşdirdiyi Azadlıq Radiosu qapadıldı, bir neçə xarici təşkilar ölkədən qovuldu, jurnalist Xədicə İsmayıl saxta ittihamlarla həbs edildi və beynəlxalq etirazlardan sonra azad edildi. Etibarlı mənbələrin məlumatına görə, ölkədə 100-dən artıq siyasi məhbus var”.

Dinləmələrdə həmçinin Azərbaycanda qeyri-hökumət təşkiilatlarının və müstəqil mətbuatın fəaliyyətini məhdudlaşdıran qanunlar da müzakirə ediləcək. “Əliyev hökuməti korrupsiyaya bulaşıb və ölkə iqtisadiyyatı zəifləyib, milli valyuta dəyərdən düşüb. Seçkilərdə səslərin sayılması zamanı saxtakarlığa yol verilib. 2016-cı ilin iyul ayında Azərbaycan hökuməti Konstitusiyaya dəyişikliklər təklif edib. Bu dəyişikliklər Əliyevin hakimiyyətini genişləndirəcək, prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılacaq, prezidentə parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək səlahiyyəti verəcək. Əliyev artıq üçüncü müddət prezidentlik edir. Konstitusiyaya edilən dəyişikliklər həmçinin söz azadlığının məhdudlaşdırılmasına xidmət edir. Referendum sentyabrın 26-da olacaq. Son vaxtlar yayılan məlumatlara görə, dəyişikliyin əleyhinə olanlar saxlanılır. Azərbaycan hökuməti ABŞ-ın əhəmiyyətli strateji tərəfdarı kimi çıxış edir. Lakin göstərilən problemlər ABŞ-ın bu ölkəyə münasibətində ciddi suallar doğurur. Dinləmələrdə referenduma çıxarılan dəyişikliklərlə yanaşı ABŞ-ın Azərbaycana münasibətdə siyasəti də müzakirə ediləcək”, – deyə komissiyanın bəyanatında bildirilir.

Dinləmərdə keçmiş siyasi məhbus, jurnalist Xədicə İsmayıl, AXCP sədri Əli Kərimlinin oğlu Turkel Kərimli, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç iştirak edəcək.

Dinləmələr Azərbaycana nə vəd edir? Müzakirələrin sonunda ölkəmizlə bağlı hansı qərar qəbul edilə bilər?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, bir müddət öncə Avropa Parlamentində bir müddət əvvəl «İnsan Haqları Naminə İdman» koalisiyasının təşkilatçılığı və Avropa Parlamentinin bir başa dəstəyi ilə keçirilən Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı dinləmələr keçirilən də artıq hər şey bəlli idi. O zaman bu dinləmələrin sanksiyalarla bağlı xəbərdarlığın ciddi işartısı olduğunu qeyd etdiyini deyən G.Hacıbəyli vurğuladı ki, artıq biz sanksiyaların gerçəkləşməsi mərhələsinə qədəm qoyuruq: «Düşünürəm ki, ABŞ Konqressində keçirilən dinləmələr də həmin prosesin tərkib hissəsidir. Bir qayda olaraq digər ölkələr – Rusiya, Belarusla bağlı sanksiyalar tarixinə nəzər yetirsək görərik ki, proses paralel olaraq gedir. Həm ABŞ Konqressində, həm də Avropa Parlamentində bu məsələ ilə bağlı müzakirələr paralel aparılır. Düşünürəm ki, ABŞ Konqressində məsələnin bu dərəcədə açıq şəkildə qoyulması, qurumun yaydığı press-relizdə Azərbaycan hakimiyyətinin insan hüquqlarını kobud şəkildə pozmaqda,  demokratiyadan ciddi şəkildə geriləmələr nümayiş etdirməkdə, 100-dən artıq siyasi məhbusu həbsdə saxlamaqda, Konstitusiyaya mürtəce dəyişikliklər əlavə etməkdə ittiham etmək dinləmələrin istiqamətindən və mahiyyətindən xəbər verir».

G.Hacıbəyli hesab edir ki, dinləmələr ABŞ Konqressindəki sanksiyalara hazırlıq xarakteri daşıyır. Təsadüfi deyil ki, dinləmələrin təşkilatçıları Maqnitski aktının müəllifləridir və bu sahədə kifayət qədər təcrübələri var. G.Hacıbəyli bundan başqa Azərbaycan tərəfindən dəvətlilərin də siyahısına diqqət çəkdi: «Dəvətlilərin tərkibinə baxsaq, görərik ki, Azərbaycan müxalifəti burada təmsil olunub. AXCP sədri Əli Kərimlinin pasport qadağası olduğuna görə, onu dinləmələrdə oğlu Türkel Kərimli təmsil edəcək. ABŞ-da Azərbaycanla sıx işləyən insan hüquqları təşkilatlarının təmsilçiləri çıxış edəcəklər. Eyni zamanda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç dinləmələrdə iştirak edəcək. Bütün bunlar onu deməyə əsas verir ki, dinləmələr çox ciddi məsələlərin müzakirəsi müstəvisində keçəcək. Böyük ehtimal ilə dinləmələr sonda Konqressə Azərbaycana tətbiq edilməli olan sanksiyalarla bağlı tövsiyyələrin verilməsiylə yekunlaşacaq».(azadlıq.info)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir