Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Ölümlə hədələnən jurnalist Ramil Usubova müraciət etdi: “HƏYATIM TƏHLÜKƏDƏDİR”

1472935625_emilÖtən il avqustun 9-da jurnalist Rasim Əliyevin döyülərək ölümcül hala salınmasından sonra, bu məsələ ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülmüş və hadisədə iştirakı olan bütün şəxslər həbs olunmuşdu.
Həmin hadisədən sonra, Azərbaycanda jurnalistlərə qarşı təhdidlər xeyli azalsa da, lakin bəzi insanlar şəxsi emosiyalarına qatılaraq, ictimai dəyər daşıyan jurnalist təhlükəsizliyinə yenidən zərbə vurmağa çalışırlar. Onlar üçün bu məsələnin mahiyyəti, insan həyatının önəmi və ölkəmizin beynəlxalq təşkilatlar qarşısında imici isə artıq ikinci plana keçir. Bu günlərdə belə bir hadisə ilə “Sfera.az” saytının baş redaktoru, “Azerbaijan-Azerbaycan” səhifəsinin idarəçisi Emil Məmmədov üzləşib.

Bu barədə Qafqaznews.az saytına danışan E.Məmmədov bildirib ki, bir neçə gün əvvəl 050 233 11 50 nömrəsindən ona zəng gəlib və Naxçıvan ləhcəsində danışan bir şəxs dərhal ona qarşı nalayiq ifadələrlə hücuma keçib.

“Başladı söyüşlər söyməyə və təhdid etməyə. Məndən harda olduğumu soruşurdu və başımı kəsməklə hədələyirdi. Mən ondan bu aqressiyasının səbəbini soruşduqda həmin şəxs dedi ki, guya mən hansısa qadının şəkli ilə nalayiq bir məlumat paylaşmışam. Bizim səhifəmizdə elə bir şey yox idi və ola bilməzdi. Mən bildirdim ki, bizim səhifədə başqa saytların əməkdaşlarına da xəbər paylaşımı üçün yer verilir və ondan həmin məlumatın hansı sayta aid olduğunu soruşdum.

Bununla yanaşı, mən qeyd etdim ki, səhifədə paylaşılan məlumatlara özüm də diqqət edirəm. Lakin o, mənim sualıma cavab vermədi və təhqirlərə davam etdi. Daha sonra qardaşım ona zəng edib məsələni aydınlaşdırmaq istədi, eyni hal müşahidə olundu. Bu gün isə mənə 055 677 11 00 nömrəsindən zəng edən şəxs özünü Nərimanov RPİ 18-ci polis bölməsinin müstəntiqi, baş leytenant kimi təqdim etdi. Adı-soyadı yadımda qalmadı. Lakin həmin şəxs kobud şəkildə mənə “dur 18-ci bölməyə gəl” deyə əmr etdi. Mən ona bildirdim ki, Göyçay rayonunda yaşayıram və hansı məsələ ilə bağlı problem varsa, bizim rayonun polis idarəsinə çağırış göndərilsin. Mən çağırış vərəqəsi olmadan heç yerə gedə bilməyəcəyimi dedim. Lakin o, “mənə qanunları öyrətmə, birinci gün bölməyə gəlməsən, səni zorla gətirəcəyəm” dedi. Polis əməkdaşının vətəndaşla, xüsusən də jurnalistlə belə bir tonda danışmasını anlamadım”, – deyə E.Məmmədov bildirdi.

O əlavə etdi ki, məsələnin mahiyyətini aydınlaşdırmadan kimləsə görüşməyə ehtiyat edir: “Mən bilmirəm, həmin adam kimdir, məndən nə istəyir. Mənə zəng edən müstəntiqin də hansı məqsədlə məni bölməyə çağırdığını bilmirəm. Amma fakt odur ki, mən açıq-aşkar təhdid olunuram.

Cənab nazir Ramil Usubova müraciət edirəm ki, həyatım təhlükədədir, mənə kömək etsin. Mən daim dövlətçiliyə sadiq olmuşam, cənab Prezidentin siyasətini də dəstəkləyirəm. Normal üslubda danışmağı bacarmayan insanlarla görüşüb həyatımı təhlükəyə atmaqdan ehtiyat edirəm. İnanıram ki, cənab nazir tezliklə bu məsələni öz nəzarətinə götürəcək”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir