Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində qurumun sentyabrın 11-ə təyin edilmiş mitinqi ilə bağlı hakimiyyətə xidmət edən mətbuat orqanlarının çirkin kampaniyasına münasibət bildirib:
“Dostlar! Bilirsiniz ki, Milli Şura sentyabr ayının 11-nə, saat 17-yə məhsul stadionunda vətəndaşların konstitusion hüququ olan dinc mitinq təyin edib. Bu elandan bir gün keçməsinə baxmayaraq yoxsulluq içində boğulan, iqtisadi böhranın girovuna çevrilmiş əhali Milli Şuranın bu qərarına geniş dəstək ifadə edir. Bundan əndişə keçirən, şok həyəcanı yaşayan hakimiyyət görün Eynullanın dili ilə necə şəhərli-kəndli qarşıdurması yaratmağa cəhd göstərir, xalqın böyük əksəriyyətini təşkil edən kənd əhalisi bir qələm alverçisinin dili ilə necə təhqir edilir, aşağılanır. O, yazır: ”Kərimlinin timsalında yonulmamış kənd natarazlarına kim ixtiyar verib ki, xalqın öz seçimini onun əlindən alsın?” Bu azmış kimi, eyni yazıda əhalinin mütləq əksəriyyətini təşkil edən islam inanclı vətəndaşlar nalayiq ifadə ilə təhqir edilir.
FETÖ məsələsində oxu daşa dəymiş hakimiyyətin sözçüsü rolunda çıxış edən Fətullayev yazır: “Barrikadanın bir tərəfində prezident və onun milyonlarla tərəfdarı, digər tərəfində isə – bir ovuc milli demokrat lümpenlə Əli Kərimli və dinçi yaramazlar”. Budur bunların əxlaqı, budur bunların leksikonu, budur bunların bölücülüyü, budur bunların şəhərli-kəndli, dinçi-dinsiz qarşıdurması yaradıb xalqı ayırımçılığa sürükləməsi”.