Milli Şuranın sədri Cəmil Həsənli son günlər Azərbaycan hökumətinin “Gülənçilərin təmizlənməsi” adı altında müxalifətçiləri həbs etməsinə münasibət bildirib. Tanınmış siyasətçi bu barədə sosial şəbəkədə fikirlərini açıqlayıb.
Cəmil Həsənli bildirib ki, bu hakimiyyət hansı addımı atırsa özünü ifşa edir, Faiq Əmirlinin 48 saatlıq həbsi də belə oldu:
“Fətullah Gülənin kitablarını Faiqin maşınına atanlar bütün mənalarda kitabdan uzaq adamlardır. Onlara Faiqi tutmaq üçün Fətulla Gülənin kitablarını bir sübut kimi onun maşının yük yerindən çıxarmaq lazım idi. Sonrasın düşünməmişdilər. Elə bu kitablarla ifşa olacaqlarını ağıllarına gətirmirdilər. Bu kitabların bir titul səhifəsinə baxmamışdılar ki, həmin kitablar harada nəşr olunub, kimlərin redaktorluğu ilə çıxıb, kimlər onlara ön söz yazıb?”
Milli Şura sədri deyib ki, Gülənin kitabları və onun haqqında yazılmış kitablar ölkənin mədəniyyət və təhsil nazirliyinin tabeçiliyində olan bütün kitabxanaların kataloqunda var və onların şifrlərini elektron kataloqlardan da əldə etmək olar: “Bunlar yaddaşsızlıq xəstəliyinə tutulublar. Bir xatırlamırlar ki, Bakıda Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı keçirilmiş kitab sərgisində Gülənin nəfis şəkildə nəşr olunmuş kitabları həmin sərginin ən mötəbər yerində qoyulmuşdu. Qənimət bəy bu məsələ ilə bağlı möhtəşəm yazısında çox mübhəmlər aydınlıq gətirdi.
Görün bunlar özlərini necə abırsız vəziyyətə salıblar ki, Yeni Azərbaycan Partiyasının qurucularından biri, vəfatına qədər partiyanın yüksək yönətim kürülü sayılan Siyasi Şurasının üzvü, YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisinin komissiya sədri, ölkənin pedaqogika institutunun direktoru, professor və ən nəhayət Faiq Əmrlinin tutulmasına qərar vermiş ölkənin baş prokurorunun əmisi Zahid Qaralovun redaktorluğu ilə nəşr olunmuş “Gülənin İslam təlimi və humanizm anlayışı” kitabını Faiqinin maşınının yük yerindən çıxarıb, onu elə həmin prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsinə aparırlar”.
Cəmil Həsənli qeyd edib ki, Gülənin digər kitabları da məhz hökumət dəstəkçilərinin təqdimatı ilə cəmiyyətə ayaq açıb. Hökumətə Gülənçilər lazımdırsa, bircə dəfə Qafqaz Universitetinin keçirdiyi tədbirlərin video çəklişlərinə baxıb görə bilərlər ki, YAP-ın rəhbərliyindən, Milli Məclisdən, Prezident Aparatından, ayrı-ayrı nazirliklərdən (ayrı-ayrı nazirlər də daxil olmaqla) hansı yüksək vəzifə sahibləri bu tədbirlərdə iştirakı özünün vəzifə borcu hesab edirdi.
“İndi Faiqin maşınının yük yerindən özünüz nəşr etdiyiniz, ön söz yazdığınız, ölkənin kitabxana şəbəkəsinə dağıtdığınız kitablara görə Faiq Əmirli kimi namuslu bir adamı tutmaqla Ərdoğana gülənçilərə qarşı mübarizə apardığınızı sübut etmək istəyirsinizsə bu çox gülünc bir addımdır. Şübhəsiz ki, Faiq burada bir vasitədir. Əgər söhbət Faiqin tutulmasından gedirdisə, onu artıq “milli ittiham” statusu qazanmış narkotika ittihamı ilə daha rahat tuta bilərdilər”, – deyə siyasətçi vurğulayıb.
Milli Şura sədri bildirib ki, hökumətin hədəfi Əli Kərimliyə çıxmaqdır. Onlar içində olduğuqları, himayə etdikləri, dəstək verdikləri, şəbəkələşdirdikləri bir prosesi, gülənçi şəbəkə ilə bütün işbirliklərini indi utanıb-qızarmadan Əli Kərimlinin ayağına yazmaq istəyirlər. Sanki Antalyada və Türkiyənin ayrı-ayrı şəhərlərində ildə ən azı 2-3 dəfə keçirilən Gülən şəbəkəsinin tədbirlərində iştirak edən bunlar yox, 10 ildir xarici pasportu olmayan Əli Kərimli olub. Bunlar neçə ildir Əli Kərimli üçün tor toxuyurlar:
“Hər halda tutduğu vəzifənin böyük və kiçikliyindən asılı olmayaraq adam gərək özünü bu qədər abırsız vəziyyətə salmasın. Bunlar anlamaq istəmir ki, Rusiyanın dəstəyi ilə Gülən məsələsini müxalifətə qarşı yönəltməkdə ciddi səhvə yol verdilər. Çünki məsələ gözə kül üfürmək üçün Faiq Əmirilin maşının yük yerindən 5-6 Gülən ədəbiyyatı çıxarmaq qədər sadə deyil. Hətta o qədər sadə deyil ki, son nəticədə “camaatın imam xətibləri” hakimiyyətin yuxarı eşalonundan çıxa bilər”.