Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından Rövşən Lənkəranskinin durumu ilə bağlı açıqlama verilib.
Xəstəxanadan AzNews.az-a bildirilib ki, xəstə hazırda reanimasiyadadır: “Vəziyyəti kritikdir. Xəstə haqqında bundan artıq məlumat verməyə icazəmiz yoxdur. Lakin onu deyə bilərik ki, xəstə yaşayır”.
Xəstəxana rəsmisi onu da bildirib ki, bir neçə dəqiqə sonra Azərbaycanın Türkiyədəki Konsulluğundan da rəsmi şəxslərin xəstəxanaya gəlməsi gözlənilir.
***
Virtualaz.org bu dəqiqələrdə “Rövşən Lənkəranski”nin yaxın ətrafındakı mənbədən kriminal avtoritetin İstanbulda aparıldığı Şişli Etfal Xəstəxanasında keçindiyini dəqiqləşdirib.
Mənbə bildirib ki, Rövşən aldığı güllə yaralarından təxminən 1 saat əvvəl xəstəxanada keçinib. Ona bir neçə güllə dəyib və həkimlər kriminal avtoritetin aldığı yaraların ona yaşamaq şansı qoymadığını bildiriblər.
Məlumata görə yaxınları “Rövşən Lənkəranski”nin cənazəsini Azərbaycana gətirmək üçün İstanbula gediblər.
***
Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır. “Report”un əldə etdiyi məlumata görə, Lənkəranski bir neçə güllə yarası alıb. O, hazırda xəstəxanadadır.
Yaxınları onun yanına yollanıb.
Qeyd edək ki, hadisə İstanbulda baş verib. Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.
Hadisə nəticəsində R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.
İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.
Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Polis cinayətkarların axtarışına başlayıb.
***
İstanbulun Beşiktaş bölgəsində azərbaycanlı iş adamı Rövşən Əliyev güllələnib.
Musavat.com Milliyet.com.tr-yə istinadla xəbər verir ki, hadisə gecə saat birin yarıında baş verib. R.Əliyev oteldə toplantı keçirdikdən sonra 90 ND 011 dövlət nömrə nişanlı avtomobilində oteldən çıxarkən naməlum şəxslər tərəfindən dayanacaqda hücuma məruz qalıb.
Cinayətkarlar avtomobili avtomat silahlardan atəşə tutublar. R.Əliyevin sürücüsü də onlara cavab atəşi açıb.
Atışma nəticəsində sürücü və R.Əliyev isə ağır yaralanıb. Xəstəxanaya götürülən sürücü ölüb, R.Əliyev isə ağır yaralıdır.
Bəzi KİV-lərin yazdığına görə, güllələnən şəxs məşhur avtoritet Rövşən Lənkəranskidir.
Polis hadisənin səbəblərini araşdırır.