Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai Siyasət Xəbərlər

Paşinyanın “Sülh Qovşağı” xəritəsində Azərbaycanın indiyə qədərki tələblərindən fərqli nə var?

Ermənistanın “Sülh Qovşağı” xəritəsi layihəsi Azərbaycan tərəfinin səsləndirdiyi marşrutdan “çox da fərqlənmir”.

Bu barədə BBC News Azərbaycancaya danışan təhlilçi Fuad Şahbazov deyib ki, bu layihədə diqqətçəkən yenilik “Ermənistan iqtisadiyyatının dirçəldilməsi məqsədilə dənizlərə çıxış axtar”ışıdır.

Ermənistanın bu xəritəni nə üçün məhz Gürcüstanda nümayiş etdirməsini isə cənab Şahbazov həm Ermənistan, həm də Azərbaycanın Qərbdən gözləntilərinin qarşılanmaması ilə əlaqələndirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dördüncü Tbilisi İpək Yolu Forumunda özünün “Sülh Qovşağı” adlı Qafqazda komunikasiyaları açmağı təklif edən xəritə-layihəsini təqdim edib.

“Sülh Qovşağı” xəritəsində nə var?

“Sülh Qovşağı” xəritəsi layihəsində Ermənistanın – Qara, Aralıq, Xəzər dənizi və İran Körfəzinə çıxış imkanları göstərilir.

Xəritədə Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərində yol infrastrukturu üçün 7, dəmiryolu infrastrukturu üçün isə 5 sərhəd-keçid məntəqəsinin quraşdırılması nəzərdə tutulur.

Xəritə 4 əsas prinsip və əlavə olaraq da, bu prinsiplərə uyğun olaraq sərhəd və gömrük nəzarətinin qarşılıqlı razılıq və anlaşma yolu ilə yüngülləşdirilməsini təklif edir.

Siyasi təhlilçi Fuad Şahbazov BBC News Azərbaycancaya deyir ki, Nikol Paşinyanın nümayiş etdirdiyi xəritədə yenilik “Xəzər dənizi ilə bağlı hissə”dir.

Cənab Şahbazov hesab edir ki, Ermənistan regionda həmin bu dəhliz vasitəsilə Azərbaycan üzərindən Xəzər dənizinə çıxış əldə etməyi “hədəfləyir”.

“Digər bir istiqamət Gürcüstan və onun üzərindən Qara dənizə çıxışı ehtiva edirdi. Bir tərəfdə də təbii ki, Türkiyə ilə sərhədin açılması üçün ora gedən dəhliz – quru yoludur. Nəzərə alsaq ki, Ermənistan coğrafi baxımdan qapalı ölkədir, onun Xəzərə ya Qara dənizə çıxışı yalnız qonşu ölkələr vasitəsilə mümkündür”, – təhlilçi vurğulayır.

Fuad Şahbazov hesab edir ki, Ermənistanın belə bir qərar verməsinə təsir edən digər bir amil Azərbaycanla İranın “təzəlikcə Zəngilandan başlayan quru yolla bir tranzit dəhlizinin əsasını qoymasıdır”.

“Təməlqoyma mərasimindən sonra Ermənistan başa düşdü ki, indi müəyyən qərarlar qəbul etməsə, yaxın bir neçə ildə regionda əsası qoyulacaq digər tranzit layihələrdən də kənar qalacaq. Bu isə iqtisadi baxımdan gəlirli deyil və yanlış qərar olar”, – Fuad Şahbazov deyir.

Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov da bir müddət əvvəl BBC-yə müsahibəsində bildirmişdi ki, Ermənistan bu layihələrin icrasına qarşı mövqe ortaya qoymaqda davam edərsə, o zaman Azərbaycanın Naxçıvanla əlaqə yaratmaq üçün “B” variantı işə düşəcək.

Siyasi təhlilçi Fuad Şahbazov hesab edir ki, “Sülh Qovşağı” xəritəsində Ermənistanın hardan dəhliz istəməsiylə bağlı detal göstərilməsə də, bu ölkənin “ən məqbul saydığı yer Laçın dəhlizidir”.

Lakin o, Azərbaycanın Laçından keçən dəhlizə razılıq verəcəyinə “inanmır”.

O, İkinci Qarabağ müharibəsindən sonra həm Ermənistanın, həm də Qərbin Laçın dəhlizinin “eks-territorial status daşımalı olması ilə bağlı Azərbaycana etdiyi təzyiqləri” xatırladır.

“Siyasi olaraq, Azərbaycan hökumətinin belə bir qərar verəcəyini düşünmürəm. Həm də ki, bu Azərbaycan tərəfinin Zəngəzur dəhlizi çərçivəsində inşa etdiyi bütün infrastruktur, Ağbənd yolu dediyimiz magistral yol da Zəngilan ərazisinə düşür. Məntiqi olaraq, Zəngilandan Naxçıvan ərazisinə bağlanacaq olan infrastruktura qoşulmaq daha rentabellidir, çünki orda işlərin, demək olar ki, 80-90 faizi yekunlaşıb. Digər tərəfdə bu, Laçın olsa, gərək orda yeni infrastruktur inşa olunsun”.

“Sülh Qovşağı” xəritəsi layihəsi Ermənistanın İran vasitəsilə körfəzə çıxış imkanı istədiyini də göstərir:

“Əgər orda yükdaşıma olacaqsa, mütləq şəkildə o cür yükdaşımaları təmin etmək üçün texniki imkanlar mobilizasiya olmalıdır. Vaxtilə Ermənistandan Culfaya gedən dəmiryolu fəaliyyət göstərib, amma bir ara onun söhbəti gəzirdi ki, bu dəmiryolunun yenidən inşasına ehtiyac ola bilər.

Eyni şey də Zəngilana aid edilə bilər. Əgər orada yükdaşımalar həyata keçiriləcəksə – böyük ehtimal ki, burada yükdaşımadan söhbət gedir, – ordan keçən dəmiryolu üçün gərək infrastruktur yenilənsin. Bu isə sonrakı mərhələ olacaq, bundan əvvəl Ermənistan üçün vacib məsələ Azərbaycanla uzlaşmanın olmasıdır. Uzlaşma olduqdan sonra həm Xəzər dənizinə, həm də İran ərazisinə yükdaşımalar təmin oluna bilər”.

Xəritə niyə məhz Gürcüstanda nümayiş etdirildi?

Zəngəzur dəhlizi

Bu xəritənin məhz Gürcüstanda nümayiş etdirilməsini təhlilçi həm Azərbaycanın, həm də Ermənistanın Qərbin, o cümlədən Rusiyanın vasitəçiliyi ilə bağlı müəyyən “problemlərinin olması” və “inamsızlıqla” əlaqələndirir.

“Hər iki ölkə Qərb vasitəsilə maksimum nəticələr gözləyirdi. Məsələn, Azərbaycanın narazılığı onda oldu ki, 19 sentyabr hadisələri zamanı (Azərbaycan Qarabağda 2 mülki və 4 polis əməkdaşını itirməsi səbəbilə sentyabrın 19-da “antiterror tədbirləri” həyata keçirib- red.) əksər dövlətlər Azərbaycan əleyhinə kifayət qədər sərt dillə bəyanatlar verdilər.

Eyni zamanda, Charles Michel Azərbaycanla bağlı Azərbaycan XİN-in narazılığına səbəb olmuş açıqlama vermişdi. Fransanın mövqeyi xüsusi idi.

Ermənistan ictimaiyyətində isə məsələ belədir ki, Avropa Qarabağda yaşayan erməniləri müdafiə etmək üçün Azərbaycana sanksiya tətbiq etmədi, təzyiq göstərmədi.

Azərbaycanın Qərbə inamsızlığı isə ondan ibarət idi ki, Avropa ölkələrindən özünün ərazi bütövlüyünə daha böyük həssaslıq və daha çox hörmət gözləyirdi, bu isə olmadı. Bu da müəyyən mənada soyuqluq yaratdı. Ona görə də həm Azərbaycan, həm də Ermənistan beynəlxalq vasitəçilərdən uzaqlaşıb, daha yaxında olan Gürcüstan, İran, Rusiya və yaxud da Türkiyə kimi ölkələrə meylləndilər.

Avropa ərazi olaraq uzaqdadır, bu ölkələr isə daimi olaraq, regionla sıx bağlıdırlar. Ona görə də belə bir rəy ola bilər ki, Gürcüstan daha neytral, yəni, Türkiyə və Rusiyaya baxanda daha neytral oyunçudur və daha pozitiv addımlar ata bilər, nəinki Avropa və ya ABŞ”, – təhlilçi izah edir.

Gürcüstan və Azərbaycanın “daha çox strateji tərəfdaş” olduğunu vurğulayan Fuad Şahbazov deyir ki, buna baxmayaraq, “Gürcüstan bu illər ərzində həm Azərbaycan, həm də Ermənistanla o balansı daha çox qoruyub saxlaya bilib, nəinki Rusiya və ya Türkiyə ilə”.

O vurğulayır ki, məhz bu balans Gürcüstana “daha neytral və daha qərəzsiz mövqedə çıxış etməyə imkan verir”.

Gürcüstan ərazisində yaşayan xeyli sayda etnik erməni və azərbaycanlı icmaların indiyədək hər hansı iri çaxnaşma və ya qarşıdurmalarda iştirak etmədiklərini vurğulayan təhlilçiyə görə, bu, Gürcüstana “daha çox şans verir”.

Azərbaycan hökuməti Nikol Paşinyanın “Sülh Qovşağı” xəritəsi ilə bağlı hələlik reaksiya verməyib.

Fuad Şahbazovsa hesab edir ki, Azərbaycanın bu xəritəyə yüksək səviyyədə reaksiya verməsi üçün “sadəcə bir xəritənin nümayişi kifayət etmir”.

“Azərbaycan hökumətinin hələlik xüsusi reaksiyasını görməmişəm. Baş nazir Əli Əsədov Baş nazir Nikol Paşinyanın çıxışından sonra dedi ki, Ermənistan regional infrastruktur layihələrində Azərbaycanla birgə iştirak etmək istəyirsə, bunun üçün təbii ki, ilk öncə diplomatik razılaşma və uzlaşma olmalıdır və Ermənistan hazırdırsa, Azərbaycan da buna hazırdır. Bununla bağlı addımlar atılmalıdır, bəyanatlar səsləndirilməlidir ki, Azərbaycan tərəfi ona cavab versin”.

BBC news

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir