Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Qeyri-müstəqil və qətiyətsiz siyasətin növbəti görsənişi

erdoğan-aliyev-mainQeyri-müstəqil və qətiyətsiz siyasətin növbəti görsənişi

Mövcud hakimiyyət uzun illərdi cəmiyyətə sübut etməyə çalışır ki, müstəqil siyasət yürüdür, heç kimdən çəkinmir və heç kim bu ölkənin daxili işinə qarışa bilməz. AzTV-lər gecə-gündüz Avropanı, ABŞ-ı hədəf seçir. Hətta Avropanın Azərbaycana ehtiyacı olduğunu, dünyanın Azərbaycana paxıllıq etdiyini tirajlamqdan da çəkinmirdilər. Amma hər dəfə prinsipial məsələlər ortaya çıxanda hökumətin nə qədər qətiyyətsiz, qorxaq, qeyri-müstəqil olduğu açıq şəkildə ortaya çıxıb.

Gürcüstan hadisələri zamanı bu qətiyyətsizliyi gördük. Ukrayna hadisələri zamanı bu qorxaqlığı müşahidə etdik. Rusiya təyyarəsi Türkiyənin sərhəddində vurulanda bu riyakarlığı müşahidə etdik. Aprel döyüşləri zamanı torpaqları işğaldan azad etmək üçün fürsət yarandı, orduda və cəmiyyətdə ruh yüksəkliyi müşahidə edildi və nəticədə hökumət geri çəkildi. Haqqımız olanı əldə etmək, düşməni yerində oturtmaq üçün hökumətin qətiyyəti çatmadı. Rusiyanın əmrinə müntəzir oldular, Vyanada məğlubiyyət atəşkəsi imzaladılar.

Bəli, hər dəfə sübuta yetirildi ki, bu hakimiyyət müstəqil siyasət yürütmək, dövlətin maraqlarını müdafiə etmək, xalqın  yanında olmaq iqtidarında deyil.

Indi də bu qeyri-müstəqillik və riyakarlıq Türkiyə məsələsində yenidən üzə çıxdı. Əvvəlcə, “qardaş” dedikləri Türkiyə hökumətinə dəstək vermədilər. Yalnız çevriliş cəhdinin qarşısı alındıqdan sonra üzə çıxdılar və gecikmiş dəstəklərini ifadə etdilər. Bəli, “Türkiyə yoxdur, mən burdayam” deyən Ilham Əliyev, bu dəfə hamıdan sonra Türkiyənin yanında oldu. Amma qeyri-müstəqillik və qətiyyətsilik bununla da yekunlaşmır. Ardınca Türkiyə hökumətinin qarşısında günahlarını yumaq üçün ANS telekanalını bağladılar, Qafqaz Universitetini qapatdılar.

Daha sonra SOCAR-ın Türkiyədəki qolu olan şirkətə basqın edildi, şirkətin rəhbərləri həbs edildi və bu şəbəkənin Gülənçilərlə işbirliyi ortaya çıxdı. Ardınca Türkiyədən mesaj gəldi ki, Azərbaycanda Fətullah Gülənin 3 min “Işıq evi” var.  Yəni mesaj verildi ki, bu şəbəkə Azərbaycan hökumətinin içində də özünə yer edib və Azərbaycan hökuməti buna qarşı mübarizə aparmalıdır.

Amma bütün baş verənlərə Azərbaycan hakimiyyəti susur. Belə çıxır, hakimiyyət o qədər qeyri-müstəqildir ki, nə deyilənləri təkzib etməyi, nə də adekvat addım atmağı bacarır.

Əgər Gülən şəbəkəsi ölkəni zəbt edibsə, deməli, hökumətin müstəqil siyasətindən söhbət gedə bilməz. Yəni hökumət Gülən şəbəkəsinin arxasında dayananlardan çəkinir və prosesə tam müdaxilə edə bilmir. Indi hökumət ya Türkiyə ilə münasibətlərdə səmimi olduğunu, qardaşlığını sübut etməlidir, ya da Gülənçilərə qarşı mübarizə aparmayacağını açıq bildirməlidir.

Amma hökumət heç bir konkret qərar verə bilmir. Ölkəyə qarşı bu qədər ciddi ittihamlar var, dövlətin yad qüvvələrlə əhatələndiyi bildirilir və hökumətin mövqeyi yoxdur. “Heç kim bizim işimizə qarışa bilməz”, “Azərbaycan sabitlik adasıdır” deyən hökumət mövqesizlik nümayiş etdirir. Nə müstəqil siyasətdən, nə də qətiyyətdən əsər-əlamət var. O qədər qeyri-müəyyən, şəxsi maraqlara söykənən siyasət yürüdülüb ki, prinsipial məqamlar ortaya çıxanda rüsvayçı vəziyyətlə üz-üzə qalırlar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir