80 milyard manatdan çox vəsaitin sorağı həbs olunan sabiq başçıların variadatından, malından, mülkündən gəlir…
İcra başçılarının ovlanması davam edir. Son 5 ayda beşini qandalladılar. Lakin, bununla ictimaiyyəti təəccübləndirmək mümkün olmadı, çünki, Azərbaycanda rüşvət almayan, korrupisoner olmayan icra başçısı yoxdur qənaəti ictimai fikrə çoxdan hakim olub. Əksinə, icra başçılarının həbsi davam etdikcə suallar da çoxalır. Odur ki, bəzi qənaətlərimi bölüşürəm.
1) Əgər indiyə qədər 5 icra başçısı həbs olunubsa, onlar eyni əməllə yenə həbslər davam edirsə, deməli korrupsiya ilə belə mübarizə effektli deyil. Belə həbslər başqalarına da görk olmur, digərləri korrupsioner fəaliyyətlərini davam etdirirlər. Hətta effektli olsa da Azərbaycanda 63 rayon, 10 respublika tabeli şəhər, 14 şəhər rayonu vardır, deməli 87 icra başçısı var, onların hər ay birini tutmaqla bizə bundan sonra 82 ay lazımdır, yəni bu proses belə davam edərsə 2027-ci ildə yekunlaşa bilər.
2) Həbs olunan icra başçılarının əsasən sahibkarlardan rüşvət, əmlak, torpaq almaq və yoxsul təbəqənin sosial təminatı üçün ayrılan yardım və işsizlik müavinətini mənimsəməkdir. Deməli, mərkəzləşdirilmiş fiskal tənzimlənmə sistemində yoxsullar və işsizlərin müdafiəsi üçün həyata keçirilən sosial siyasət ünvanlı olmayıb, effekt verməyib. Eyni siyasəti davam etdirməyə dəyərmi? Nə zaman bu hakimiyyət fiskal əskmərkəzləşdirmə islahatlarına başlayacaq? Nə zaman büdcə nəticəsi ölçülə bilən proqramlarla təsnif ediləcək? Bunun üçün yoxsul və işsiz nə qədər gözləməlidir.
3) Həbs olunan icra başçılarının 5-dən 4-ü Aran iqtisadi rayonunda işləyib, belə çıxır ki, qanunsuzluq Aranda baş alıb gedir, bəs başqa regionlarda vəziyyət necədir? Nədən ilk dəfə Xaçmazda sosial məşğulluq pullarını mənimsəməsi aşkar olunan keçmiş icra başçısına toxunulmadı? Görsənir ki, icra başçılarının həbsi də hakimiyyət daxili mübarizənin tərkib hissəsidir.
4) İcra başçıları özləri özlərini təyin etmir ki? Onları təyin edən və təqdimatını hazırlayanlar niyə məsuliyyətdən kənarda qalırlar. İlham Əliyev deyir ki, təyinat üçün pul alıblar. Kim alıb, təqdimatı verənlər, yoxsa müxalifət?. Onları da müxalifət təqdim və təyin etmir ki?
5) Həbs olunan icra başçılarının 10-15 illik stajı vardır. Məgər onlar son 5 ayda rüşvət toplamaqla məşğul olublar? Bəs onlar əvvəllər xalqın (sahibkarın, yoxsul və işsizin) qanını soranda niyə adekvat qərarlar olmayıb, bu fəaliyyətsizliyə görə kimlər məsuliyyət daşıyır?
6) Regionların sosial iqtisadi inkişafı məqsədilə ayrılan 80 milyard manatdan çox vəsaitin sorağı həbs olunan icra hakimiyyəti başçılarının variadatından, malından, mülkündən gəlir. Niyə indiyə qədər ölkədə gəlirlərin və əmlakın bəyannaməsi tətbiq olunmur?
7) Bu probemin həlli yolu, icra hakimiyyətlərinin ləğv olunması, onların səlahiyyətlərinin bələdiyyə verilməsi, bələdiyyə başçıları və üzvlərinin azad və ədalətli seçkilər vasitəsilə xalq tərəfindən seçilməsi və onların da xalq qarşısında hesabatlı olmasından keçir. Yoxsa ayda 1 başçı ovlamaqla, sonra da onların televiziya ekranlarında peşmançılıqlarını etiraf edən çıxışlarını efirə verməklə korrupsiya ilə mübarizə aparırıq görüntüsü yaratmaq olmaz. Bu korrupsiya ilə mübarizə deyil, hakimiyyət daxili davanın göstəricidir, ardı da siyasi şoudur. Bu qədər sadə və bəsit.