Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

İsa Qəmbər: “Azərbaycanın müstəqilliyinə təhdidin ünvanı eynidir – Moskvadır”

İsa Qəmbər: “Azərbaycanın müstəqilliyinə təhdidin ünvanı eynidir – Moskvadır”

Əgər bu gün Azərbaycan müstəqil dövlət olaraq mövcuddursa bu, ilk növbədə Azərbaycan xalqının istiqlala münasibətinin göstəricisidir. Eyni zamanda Azərbaycanın və digər yeni müstəqil dövlətlərin müstəqilliyi Qərb, azad dünya, xüsusilə, ABŞ faktoru ilə təmin edilir. Bu fikri Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş sədri İsa Qəmbər “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində 101 il öncə Azərbaycanın müstəqilliyini tanıyan Avropa və ABŞ ilə Azərbaycanın münasibətləri barədə sualın cavabında deyib.

O, çağdaş Azərbaycan Respublikasının Qərb tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib.

“Lakin biz hesab edirik ki, ABŞ və Avropa ölkələri özlərinin bəyan etdiyi dəyərlərə daha ardıcıl, daha prinsipial münasibət bildirsələr, bu, Azərbaycan kimi yeni müstəqil dövlətlərin də xeyrinə olar”, – o qeyd edib.

1920-ci ildə Rusiya (sovet Rusiyası) Azərbaycanı işğal etmişdi. Ölkənin müstəqilliyinə yenidən təhdidlər ola bilərmi?

Bu sualın cavabında İ.Qəmbər deyib ki, “təhdidlər var”. “Təhdidlərin əsas ünvanı eynidir – Moskvadır, Rusiyadır”, – İ.Qəmbər vurğulayıb.

Onun sözlərinə görə, 100 il öncə Rusiya Cənubi Qafqazı bütövlükdə işğal etmişdi. İndi tam işğal edə bilmir. Bunun da səbəbi beynəlxalq birliyin mövqeyidir, ABŞ-ın mövcudluğudur.

Onun fikrincə, 1993-cü ilin iyun qiyamı (qiyam nəticəsində prezident Əbülfəz Elçibəy devrildi və sonradan respublikanın rəhbəri Heydər Əliyev oldu) Moskvanın Azərbaycanın suverenliyini məhdudlaşdırmaq cəhdi idi.

2003-cü ilin prezident seçkilərindən sonra isə Moskva Azərbaycan hakimiyyəti rejimi ilə birlikdə demokratiyanın sərhədlərini müəyyənləşdirdi ki, Azərbaycan xalqı gerçək demokratiyaya nail ola bilməsin.

2008-ci il Gürcüstan, 2014 -cü il Ukrayna hadisələri də Moskva tərəfindən suveren dövlətlərin müstəqilliyinə təhdidlərin olduğundan xəbər verir.

“Bu təhdid davam edir. Bu təhdidi Azərbaycan dövləti ciddi şəkildə nəzərə alaraq, bundan qurtarmaq üçün, gerçək azadlıqları bərqərar etmək üçün daha ciddi, əzmlə çalışmalıdır”, – İ.Qəmbər bildirib.

AXC-nin və çağdaş respublikanın idarəetmə sistemlərini müqayisə edən İ.Qəmbər deyib ki, indiki korrupsioner rejim ilk respublikanın sadiq qaldığı demokratik dəyələrə məhəl qoymayaraq avtoritar sistem yaradıb və az qala monarxiya istiqamətində addımlar atır.

Eyni zamanda İ.Qəmbər deyib ki, AXC ideyaları ölkə vətəndaşlarının, gənclərin şüurundadır. Odur ki, belə güman etməyə əsas var ki, Azərbaycanın AXC ideyalarına və dəyərlərinə uyğun şəkildə inkişaf etməyə başlayacağı gün uzaqda deyil.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir