Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Milli Şura “Nardaran işi”ndəki məlum ifşa ilə bağlı bəyanat yaydı

milli-shura-19 mayMilli Şura “Nardaran işi”ndəki məlum ifşa ilə bağlı bəyanat yaydı

Nardaran işi məhkəməsində Müsəlman Birliyi Hərakatının sədri Tale Bağırzadə açıqlama verdi ki, istintaqda ondan işgəncə vasitəsilə Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimliyə qarşı ifadə almaq istəyiblər. Bununla bağlı Milli Şura bəyanatla çıxış edib. Bəyanatda deyilir:

2015-ci ilin 26 noyabrında Nardaranda Azərbaycan tarixinə qara ləkə kimi düşəcək hadisə baş vermiş, kənddə yerləşən evlərin birində namaza oturan dinc vətəndaşlara silahlı basqın edilmiş, nəticədə ikisi polis əməkdaşı olmaqla altı nəfər qətlə yetirilmişdir. Milli Şura hadisənin həmən ardınca ictimaiyyətə açıqladığı bəyanatında Nardaranda baş verənləri faciə adlandırmış, altı nəfər qətlə yetirilmiş vətəndaşımızın zülmün, ədalətsizliyin, səriştəsizliyin və dövlət məsuliyyətsizliyinin qurbanı olduğunu qeyd etmişdir. Zaman keçdikcə, cəmiyyətimiz Nardaranda baş verən olayın əsl mahiyyətindən xəbər tutduqca, hadisə nəticəsində şərlənərək həbsə atılan şəxslər və şahidlər danışdıqca, istintaq orqanlarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır cinayətlər kateqoriyasına daxil olan maddələrinin az qala yarısı ilə ittiham irəli sürdükləri 18 nəfər vətəndaşa qarşı ortaya ağlabatan bir dəlil-sübut qoya bilmədiyi aydınlaşdıqca Nardaranla bağlı daha dəhşətli gerçəklər üzə çıxmaqdadır. İndi artıq məsuliyyətlə Nardaran hadisələrinin təkcə faciə deyil, həm də ağır cinayət olduğunu, soydaşlarımızın isə səriştəsizlik və dövlət məsuliyyətsizliyinin deyil, dövlət hakimiyyət orqanları tərəfindən hazırlanmış və amansizlıqla həyata keçirilmiş dəhşətli cinayətin qurbanı olduqlarını deyə bilərik. Hadisə baş verən vaxt çoxlarını düşündürən açıq suallar vardı: Niyə cəmiyyətə terrora qarşı mübarizə kimi təqdim edilən və DİN tərəfindən planlı şəkildə həyata keçirilən əməliyyatın videoçəkilişləri təqdim edilmir? “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Tale Bağırzadə polisin, prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin istənilən çağırışına əsasən təyin olunmuş vaxtda həmin orqanlara könüllü şəkildə getdiyi halda, onun bircə dəfə də dövlət hakimiyyət orqanlarının çağırışlarından yayınması faktı ortada olmadığı halda niyə ona növbəti dəfə çağırış gördərib polisə və ya prokurorluğa dəvət etmək əvəzinə Tale Bağırzadəni həbs etmək məqsədilə Nardaranda mülki vətəndaşların, qadınların, uşaqların yaşadığı evə amansız silahlı basqın həyata keçirilib?! Çoxlarını düşündürən və aylarla cavabsız qalan bu məntiqli suallara zaman özü cavab tapdı. Tale Bağırzadə Nardaran hadisələri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 19 iyul 2016-cı il tarixində keçirilən məhkəmə hazırlıq iclasında ondan dəhşətli, ağlasığmaz işgəncələr altında Milli Şura, onun liderləri Cəmil Həsənli və Əli Kərimlinin Nardaran hadisələrinin təşkilatçıları olmaları barəsində ifadə verməsinin tələb olunduğunu bəyan etdi. Milli Şura və AXCP sədrləri bununla da ikisi dövlət hakimiyyət orqanının təmsilçisi olmaqla altı nəfərin ölümünə səbəb olan terror hadisəsinin təşkilatçılığında və Azərbaycanda dövlət quruluşunu zorakı yollarla, silahla dəyişdirib şəriət dövləti qurmaq cəhdində ittiham ediləcəkdi. Nardaran hadisələrindən dərhal sonra, Tale Bağırzadəyə işgəncə verilən günlərdə hakimiyyətə bağlı televiziyalar və digər media quruluşları da Milli Şuranı hədəf seçərək, onu süni şəkildə Nardaran hadisələrilə əlaqələndirməyə çalışırdı. İndi təsdiq olunur ki, Tale Bağırzadədən işgəncə gücünə olsa da, MŞ liderlərinə qarşı ifadə almaq və televiziyalarda MŞ-ya qarşı şər-böhtan kampaniyası başlatmaq göstərişi bir mərkəzdən – birbaşa dövlət rəhbərliyi tərəfindən verilibmiş. Bütün bunlar hakimiyyətin dövlət resurslarından – güc strukturlarından və tamamilə nəzarətə aldığı televiziya imkanlarından öz siyasi opponentini sıradan çıxarmaq üçün sui-istifadəsi kimi yolverilməzdir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir