”Büdcəni bu yolla doldurmaq istəyirlər”
Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılıb.
“Report” yazır ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib (https://report.az/daxili-siyaset/azerbaycana-idxal-edilen-kartofun-gomruk-rusumu-iki-defe-artirilib/).
Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliklə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki dəfə artırılaraq 15 faizdən 30 faizə çatdırılıb.
Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, ümumiyyətlə, gömrük rüsumları 2 halda qalxa bilər. Əsasən ölkə özünü həmin məhsulun istehsalı ilə təmin edə bilməyəndə:
“Əsas kriteriya budur. Son zamanlar biz müşahidə edirik ki, nəinki kartof, digər məhsulların da idxal rüsumları iki dəfə artırılıb. Ölkə özünün kartofa olan təlabatının yalnız bir hissəsini ödəyə bilir. Tələbat adambaşına 124 kiloqramdır. Hələ mən toxumluq kartofu nəzərə almıram. Ölkə bunun yalnız 94 kiloqramını istehsal edilə bilir. Üstəlik, istehsal olunan kartofun keyfiyyəti aşağı olduğundan onun hamısından istifadə olunmur”.
V.Məhərrəmov deyir ki, ölkədə yetişdirilən kartofun hamısı istehlaka yönəlmir. Bu barədə sonuncu rəsmi məlumat 2016-cı ildə paylaşılıb: “Həmin ilin məlumatına görə, adambaşına 73 kiloqram kartof istehlak edilib. O da təlabatın 58 faizi qədərdir. Adambaşına düşən paydan 20 kiloqram da idxal edilib. Azərbaycan özünün kartofa olan tələbatını nəinki daxili istehsal hesabına ödəyir, idxalı da nəzərə alanda, dəqiq ödəyə bilmir. Hər il ölkəyə təxminən 200 min tonadək kartof gətirilir”.
Vahid Məhərrəmov
Onun fikrincə, belə olan halda ölkəyə gətirilən kartofun rüsumunu artırmaq ancaq bir məqsəd üçün ola bilər: “Büdcəni bu yolla doldurmaq istəyirlər”.
V. Məhərrəmov bildirir ki, bunun nəticəsi yaxşı olmayacaq. İstehlakçılar əvvəlki illərdən fərqli olaraq daha çox pul xərcləməli olacaqlar: “Ölkəyə gətirilən kartofun qiyməti bahalaşacaq. Onsuz da daxildə kifayət qədər istehsal yoxdur. Payız aylarında bazarlarda kartofun qiymətinin bahalaşmasını müşahidə edəcəyik. Hökumət istehlakçıların hesabına büdcəni doldurur. Başqa məqsəd yoxdur burada. Kartof bahalaşacaq, kasıb əhali üçün əlçatan olmayacaq. Yaxın aylarda bazarlarda kartof qıtlığı da müşahidə edilə bilər. Bununla yanaşı kartofun kilosu bir, bir manat iyirmi qəpik olacaq. Daxildə istehsal olunan kartofun qiyməti də bahalaşacaq. O da bir manatdan baha satılacaq”.///Meydan.tv