Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Neft Fondunun nümayəndələri jurnalistlərlə görüşdü – Foto

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi çərçivəsində 24 iyul 2018-ci il tarixində “Gündəlik Teleqraf” media qrupunun redaksiyasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasının Katibliyinin rəhbəri Fərid Fərzəliyev və Katibliyin baş mütəxəssisi Abbas Abbasovun jurnalistlərlə görüşünü təşkil edib.

Görüşdə Fərid Fərzəliyev “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü” (MHŞT) ideyasının yaranma tarixi, Azərbaycanın bu prosesdə iştirakı və mövcud durum barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, MHŞT ilk dəfə 2002-ci ildə Yohannesburqda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer tərəfindən irəli sürülüb. Bu təşşəbbüsün məqsədi mədən sənayesindən gələn gəlirlərin dayanıqlı inkişafa və yoxsulluğun aradan qaldırılmasına yönəltməkdir. Ölkəmiz 2003-cü ildə Londonda, Lankaster Hauzda keçirilmiş MHŞT üzrə birinci Beynəlxalq Konfransda hökumətin təşəbbüsü ilə könüllü olaraq MHŞT-yə qoşulmuşdur.2004- cü ilin noyabrın 24-də “Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü”nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri, yerli və xarici neft şirkətlərinin, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar. Ötən dövr ərzində Azərbaycanda şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilib.

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb. Ölkəmiz MHŞT-də ilk tamhüquqlu üzv statusunu əldə edən ölkə olmuşdur.

MHŞT-də Azərbaycana qarşı siyasi xarakterli təzyiqlərdən sonra ölkəmiz bu qurumdakı fəaliyyətinə xitam verdi. Buna baxmayaraq Azərbaycan şəffaflıq təşəbbüsünə sadiq qalaraq, Prezidentin 05 aprel 2017-ci il tarixli fərmanı əsasında özünün Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasını (HSŞK) təsis etdi. Hazırda HSŞK mədən sənayesində şəffaflıq istiqamətində fəaliyyətini davam etidirir. Bu fəaliyyət çərçivəsində 2016-cı il üzrə hesabat hazırlanaraq ictimaiyyətə təqdim olunub. 2016-cı il üzrə hesabat əvvəlki illərin hesabatından daha dolğun, daha oxunaqlı və daha əhatəlidir. Müstəqil audit şirkət seçilib və hazırda 2017-ci il üzrə hesabatın hazırlanması üzərində iş gedir. Biz gələcəkdə hesabatları daha təfsilatlı şəkildə ictimaiyyətə çatdıracağıq. Azərbaycanda hasilat sənayesi üzrə fəaliyyət göstərən bütün şirkətlərin hökumətə ödədikləri hesabatda əksini tapacaq”.

Fərid Fərzəliyev qeyd edib ki, hazırlanan hesabatlar Dövlət Neft Fondunun rəsmi internet səhifəsində yerləşdirilməklə yanaşı, rəsmi dövlət qəzetlərində dərc edilir, kitab halında vətəndaş cəmiyyətinin təmsilçilərinə, dövlət qurumlarına, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, ali təhsil ocaqlarına və kitabxanalara paylanılır.

Neft Fondunun nümayəndəsi jurnalistlərin suallarına cavab olaraq qeyd etdi ki, Azərbaycanın MHŞT-dəki fəaliyyətini dayandırması sırf siyasi xarakterli basqılar üzündən olub: “Biz MHŞT-yə ilk daxil olan və oranı ilk tərk edən ölkəyik. Bizdən sonra ABŞ və Niger MHŞT-ni tərk etdi. Azərbaycan MHŞT-ni tərk etdikdən sonra Beynəlxalq İdarə Heyəti MHŞT Standartının tələblərinin və Standartın boşluqlarını bir daha nəzərdən keçirilməsini zəruri hesab etdi. Belə ki, Beynəlxalq İdarə Heyəti MHŞT-yə üzv olan digər ölkələrin Azərbaycan kimi Təşəbbüsdə ilklərə imza atmış və uğurlu tətbiqi ilə fərqlənən bir ölkənin vəziyyətinə düşməsindən ehtiyat etməyə başladı.

F.Fərzəliyev bildirdi ki, əgər MHŞT İdarə Heyəti Azərbaycanla bağlı mövqeyinə dəyişiklik edərsə və üzvlük üçün bizə müraciət ünvanlayarsa Azərbaycan hökuməti MHŞT-yə üzvlüyü nəzərdən keçirə bilər.

Görüş sual-cavab formatında davam etdirilib.

 

     

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir