Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi (AIIYM) 2018–cı ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial sifarişləri yerinə yetirən QHT-lər üçün metodiki dəstək mərkəzinin fəaliyyətinin təşkili” adlı layihəsini həyata keçirir.
Layihənin məqsədi sosial sifarişləri yerinə yetirən QHT əməkdaşlarının və könüllülərinin sosial xidmət sahəsində bilik və bacarıqların artırılması ilə bağlı təlimlər təşkil edən metodiki dəstək mərkəzinin fəaliyyətinin təşkilindən, həmin əməkdaş və könüllülərin peşəkarlıq səviyyəsinin artırılmasından, həmçinin sosial xidmətlə bağlı metodiki vəsaitləri hazırlamaqdan, sosial xidmətə dair qanunvericiliyin təkmiləşdirilməsi üzrə təkliflərin hazırlanmasından ibarətdir.
Layihənin icra planına uyğun olaraq 06 avqust 2018- cı il saat 11:00-da Mingəçevir şəhərində “Sosial xidmət və sosial işin təşkili” mövzusunda DSMF-nun Mingəçevir şəhər şöbəsinin, Mingəçevir Uşaq və Ailəyə Dəstək Mərkəzinin və Mingəçevir İcma Əsaslı Reabilitasiya Mərkəzinin sosial işçiləri, psixoloqları və sosial xidmətçiləri üçün təlim keçirilmişdir. Təlimi giriş sözü ilə “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin sədri Ülvi Əliyev açaraq layihə barəsində geniş məlumat verdi.
Sonra sosial iş üzrə mütəxəssis Sara Ağayeva “Sosial xidmət və sosial işin təşkili” mövzusunda təlim keçibdir. Təlimdə əhalinin həsas təbəqələri ilə sosial işin metodları, sosial xidmət və sosial işin mahiyyəti, formaları və prinsipləri ilə bağlı biliklər verilməklə smilyasiya oyunları vasitəsilə bacarıqlar formalaşdırılmışdır. Təlimdə iştirak edənlər təlimin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb və onun davamlı olmasını arzu ediblər.