Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

ANS-in yayımı dayandırıldı:terrorçu təşkilata dəstək verməkdə ittiham edildi

ans

Milli Televiziya və Radio Şurası ANS-in yayımının dayandırılması ilə bağlı məlumat yayıb.

Şuradan daxil olan məlumatda bildirilib ki, Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirərək hakimiyyət çevrilişi cəhdini pisləyib, bunun yolverilməz olduğunu, Türkiyə dövlətçiliyinin əsaslarının sarsıdılmasına yönəldiyini bildiriblər.

Məlumatda qeyd edilir:

“Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib”.

Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib”.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib.

Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər.

Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib.

ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək.

Kanal bağlanmasıyla əlaqədər heç bir şərh və açıqlama yaymayıb.

ANS rəsmisi Mais Məmmədov məzuniyyətdə oldugunu, məsələdən xəbərsiz oldugunu deyir. (apa)

***

Nurçuların lideri Fətullah Güləni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə danışdıran ANS-in Azərbaycan ərazisində yayımından imtina edilib.

Bu barədə yaxın dəqiqələrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qərar qəbul olunub. Belə ki, bu hadisəyə səbəb ANS televiziyasının bu gün səhərdən etibarən Fətullah Güləndən aldığı müsahibəni anons etməsi və Antiərdoğan çıxışlarını təbliğ etməsi olub.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ilk dövlət başçısı kimi hadisəyə münasibət bildirib, bu hadisəni terror, dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və bütün vasitələrlə qardaş türk xalqının və dövlətinin yanında olduğunu ifadə edib. Məhz bu fonda ANS-in Antitürkiyə təbliğatının qarşısının alınması gözlənilən idi. Bu, Azərbaycan dövlətinin və prezident İlham Əliyevin mövqeyidir.

Qeyd edək ki, anspress.com saytı da fəaliyyətini dayandırıb.

***

Axş saatlarında ANS-in ofisinə polis və prokurorluq orqanları daxil olub. Polis və prokurorluq əməkdaşları içəridə olan ANS-in əməkdaşlarını bayıra çıxarmağa cəhd edirlər, lakin ANS əməkdaşları öz iş otaqlarını tərk eləmək istəmir.Prokurorluq orqanları bildirirlər ki, ANS-in qapıları və ümümiyyətlə ANS-in  inzibati binasının qapıları möhurlənməlidir.

***

Fəaliyyəti dayandırılan ANS televiziyasının prezidenti Vahid Mustafayev və telekanalın vitse-prezidenti Mirşahin Ağayev bu dəqiqələrdə prokurorluğa aparılıb. Gununsesi.info-nun ANS-in inzibati binasının qarşısında olan əməkdaşının xəbərinə görə, telekanal rəhbərliyi dindirilmək üçün polis və prokurorluq işçilərinin müşaiyyəti ilə avtomobilə mindirilərək, prokurorluğa aparılıb.
Məlumata görə, ANS-ə terrorçuluğun təbligi və dəstəyə görə, cinayət işi açılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir