Hüquq müdafiəçiləri siyasi məhbuslara təzyiqdən və qanunsuz həbslərdən narahatlıqlarını bildiriblər
“Son zamanlar baş verən qanunsuz həbslər və repressiyalar bizi narahat edir. Rəsmi qurumların bütün hərəkətləri qanun daxilində olmalıdır”. Bu barədə iyulun 11-də Siyasi Məhbusların Hüquqlarını Müdafiə Mərkəzinin Müsavat Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında qurumun rəhbəri Oqtay Gülalıyev bildirib.
Mətbuat konfransında hüquq müdafiəçiləri və məhbus ailələri iştirak ediblər.
Gülalıyev iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkənin elektrik enerjisi təchizatnda yaranmlış fasilələri və həmin gün Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücumu xatırladaraq deyib ki, son günlər ictimai-siyasi vəziyyətin gərginləşməsi fonunda çoxsaylı həbslər həyata keçirilib.
“Rəsmi məlumatlara görə, Gəncədə baş verən hadisələrlə bağı azı 52 nəfər həbs edilib. Amma qeyri-rəsmi mənbələrin məlumatına görə, həbs edilənlərin sayı 100 nəfər civarındadır və hazırda həbslər davam etdirilir”, deyə o qeyd edib.
Hüquq müdafiəçisnin firkincə, Elmar Vəliyevə qarşı sui-qəsddən sonra onu tənqid edənlərin və sui-qəsddə günahlandırılan Yunis Səfərovu müdafiə edənlərin, həmçinin hökuməti tənqid edənlərin həbsi həyata keçirilib. Bununla yanaşı, bir neçə internet saytının rəhbərlərinə qarşı cinayət işi qaldırılıb, azı 4 sayta giriş bloklanıb.
Gülalıyev bildirib ki, hüquq müdafiə təşkilatları qarşıdurmanın, qan tökülməsinin əleyhinədir.
“Amma Gəncədə baş verənlər çox müəmmalıdır. Hadisə ilə bağlı rəsmi məlumatlar insanları inandıra bilmir. Müstəqil media məhv edildiyindən hadisə yerində müstəqil media təmsilçilərinin çəkilişi olmayıb. İstintaq orqanları da hadisənin baş verdiyi anı əks etdirən hər hansı video təqdim etmir. Elə isə, sual yaranır. Necə olur ki, hüquq-mühafizə orqanları müxalifətin minlərlə insanın iştirak etdiyi aksiyalarında təhlükəsizliyi təmin edir, hər bir insana nəzarət edə bilir, amma Gəncədə İcra Hakimiyyətinin qarşısında 150-200 nəfərin iştirak etdiyi aksiyada təhlükəsizliyi təmin edə bilmir? İki yüksək rütbəli polis zabiti öldürülür. Bunlar müəmmadır”, deyə o qeyd edib.
Mətbuat konfransında həmçinin hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslərə qarşı həbs yerlərində son dövrlər işgəncələrə yol verildiyi diqqətə çatdırılıb.
Mətbuat konfransında NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə bildirib ki, oğluna qarşı pis rəftara son qoyulmalı və o, azadlığa buraxılmalıdır.
“Mən bu günlərdə İlkinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəisi ilə görüşmüşəm. O, İlkinə qarşı qeyri-insani rəftatın olmadığını bildirir. Amma İlkin telefonla zəng edərkən onun yanında dururlar, kiminlə danışdığı ilə maraqlanırlar. Rəis məninlə görüşsə də, İlkin Rüstəmzadə ilə görüşümə imkan yaratmadı”, deyə o qeyd edib.
Jurnalist Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Növrəsli deyib ki, jurnalistin ciddi xəstəlikləri var, lakin onu müalicə müəssisəsinə köçürmürlər.
Bloger Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova blogerin daim mənəvi təzyiqlərə məruz qaldığını və hətta ona qarşı fiziki təzyiqin olduğunu deyib. Onun sözlərinə görə, həyat yoladaşına kitablar verməyə imkan verilmir, onun əlyazmaları əlindən alınır.
Jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, Əfqan Sadıqov iyulun 7-də Cəlilabadda həbs edilib. Ona 30 sutka həbs verilib.
“Əfqan Sadıqov bu ilin mayında həbsdən çıxıb. Onun heç bir günahı olmadığı halda 30 sutka həbs veriblər. Mən və vəkil indiyədək Əfqanın harada saxlanıldığını öyrənə bilmirik. İnsan tutulanda onun ailəsinə xəbər verilməlidir”, deyə o qeyd edib.