Bank rəhbərləri dələduzluqda və mınimsəmədə ittiham olunurdu
2016-cı ilin yanvar və iyun aylarında lisenziyaları ləğv olunmuş “DekaBank” və “AtraBank”ın rəhbərləri həbsdə idi. Onlar ayrı-ayrı cinayət işləri üzrə mühakimə olunsalar da, eyni gündə, eyni məhkəmə binasında azadlığa buraxılıblar.
“DekaBank”ın İdarə Heyətinin sədri Niyazi Vəliyev və Maliyyə Departamentinin direktoru Bəhram Hüseynovun işinə 2017-ci ilin dekabrından Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılırdı. Niyazi Vəliyev həbsdə idi, Bəhram Hüseynov isə ev dustaqlığında. Onlar CM-nin 178 (dələduzluq), 179 (mənimsəmə və israf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunurdu. İddia olunur ki, müxtəlif adamların adına kreditlər rəsmiləşdirərək, həmin vəsaitləri mənimsəyiblər.
N.Vəliyev 5 milyonluq dələduzluq və mənimsəmə ittihamı üzrə özünü təqsirli bilmir. O, məhkəmədə ittihamın əsassız olduğunu və ayrılan kreditləri mənimsəmədiyini söyləyib. Bildirib ki, şirkətlərə ayrılan pullları biznes plan çərçivəsində Sahibkarlığa Kömək Milli Fondundan götürüb və aylıq ödənişlər həyata keçirilib.
İyulun 5-də elan edilən məhkəmə hökmündə həm Niyazi Vəliyev, həm də işçisi təqsirli bilinsələr də, onlara münasibətdə CM-nin 70-ci (şərti azadlıqdan məhrumetmə) maddəsi tətbiq olunub. Niyazi Vəliyev məhkəmə zalında azadlığa buraxılıb.
“DekaBank”ın sahibi uzun illər ərzində öncə keçmiş prezident Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin köməkçisi olmuş, 2017-ci ilin yayında bu vəzifəsindən azad edilən Tariyel Ağayev və ailə üzvləridir. Niyazi Vəliyev də onun qohumudur. Amma həbsindən bir müddət əvvəl onların arasında münasibətlərin pozulduğu bildirilir.
“AtraBank”ın İdarə Heyətinin sədri Elmixan Nəbiyev haqqında hökmü isə Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb. O, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. Elmixan Nəbiyevin də ittihamında yazılıb ki, o, adı olub, özü olmayan şirkətlərə kredit ayırıb. Bu işdə isə qaytarılmayan kreditlər vasitəsilə 8 milyonluq mənimsəmədən söhbət gedirdi.
Elmixan Nəbiyev də özünü təqsirli bilmir. O bildirib ki, bankın 99.3 faiz səhmdarı özüdür: “Belə çıxır ki, öz pullarımı mənimsəmişəm?”
Məhkəmə mənimsəmə ittihamı üzrə ona bəraət verib, CM-nin 308-ci maddəsilə isə şərti cəza ilə azadlığa çıxıb.