Füzuli hava limanına ilk təyyarə eniş edib
Hava limanının bu ay istismara veriləcəyi nəzərdə tutulur
Sentyabrın 5-də Bakıdan uçan “Azərbaycan Hava Yolları” na məxsus “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək Füzuli aeroportuna enib. Hələ istismara verilməyən bu hava limanı işğaldan azad olunmuş torpaqlarda ilkdir.
“Report”un məlumatına görə, Füzuliyə enın təyyarə “Qarabağ” adını daşıyır. AZAL-ın donanmasına olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılıb. Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.
“Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağa hava qapısı olacaq. Qeyd etmək istərdim ki, qısa müddətə baxmayaraq, Füzuli hava limanı beynəlxalq hava limanları münasibətində irəli sürülən bütün yüksək tələblərə uyğun şəkildə inşa edilib”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Füzuli beynəlxalq hava limanında uzunluğu 3 000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. AZAL-ın məlumatına görə, uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcə. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.
Bildirilir ki, sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər Yolu” və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.
Meydan Tv