Layihələrin tamamlanması prosesi yavaş gedir
Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ildən 600-a yaxın xəstəxana və klinikaların tikinti və bərpası ilə birlikdə səhiyyə sahəsinə 6 milyard manatdan çox pul ayırıb.
Həcmi milyon dollarlar olan tenderlərin ayrılmasına baxmayaraq, bəzi layihələrin tamamlanma prosesi çox yavaş formada gedir.
Hər il dövlət büdcəsindən verilən vəsaitlərlə yanaşı, İlham Əliyev Səhiyyə Nazirliyinə xəstəxanaların tikintisi üçün ayrıca məbləğ də ayırır. Məsələn, bu il 42 milyon manatdan çox vəsait xəstəxanaların tikintisi və yenidən bərpasına xərclənib.
Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə xəstəxanaların sayının 756 olmasına baxmayaraq, bu rəqəm 2017-ci ildə 569-a enib. Səhiyyə Nazirliyi açıqlamasında bildirir ki, xəstəxanaların sayının azalması səhiyyə sahəsində islahatların və mərkəzləşdirmənin həyata keçirilməsi ilə əlaqədardır.
“iFact.ge” 3 böyük maliyyə sərf edilən layihəni yoxlamaq qərarına gəlib.
Respublika Narkoloji Mərkəzi
Martın 2-si Bakıda yerləşən Narkoloji dispanserdə baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib. Taxta konstruksiyalı bina 1978-ci ildə inşa edilib. 1986-cı ildən dispanser kimi fəaliyyət göstərməyə başlayıb. Binanın pəncərələrində dəmir barmaqlıqlar olub.
Səhiyyə Nazirliyi 2011-ci ildə dispanserin yeni binasının inşası üçün 35,697 manat vəsait ayırıb. Ayrılan ikinci məbləğ 2013-cü ildə 3,499,661 milyona yaxın olub. “iFact.ge” 2013-cü ildən sonra ayrılan vəsaitin həcmini tapa bilməyib.
Mərkəzin yeni binası köhnə binada baş verən yanğın zamanı yarımtikili olub. Səhiyyə Nazirliyi aprel ayında mərkəzin yeni binasının iyunun əvvəlində bitəcəyi barədə məlumat verib. Tikinti işlərinin davamı üçün nazirlik yeni tender elan edib. Nəhayət, bu ilin İyun ayının 14-də Narkoloji Mərkəzin yeni binasının açılışı olub.
Buzovna Reabilitasiya Mərkəzi
Səhiyyə Nazirliyi 2010-cu ildə Buzovnada dənizkənarı adlanan küçədə yerləşən Reabilitasiya Mərkəzinin tikintisi üçün 13,704,700 milyon manat məbləğində pul ayırıb. Bundan 2 il sonra nazirlik tikintinin davam etdirilməsi üçün 9,048,200 milyon manat ayırıb.
“Best LTD” adlanan şirkət elan edilən hər iki tenderin qalibi olub. Tender müqavilələrin reyestrində göstərilir ki, “Best LTD” 2010-cu ildən davamlı formada Səhiyyə Nazirliyi tərəfindən elan edilən tenderlərin qalibi olur. Binanın tikintisinin davamı üçün nazirlik bu il yeni tender elan edib.
İnternetdə şirkət haqqında məlumat elə də çox deyil. 2015-ci ildə “Qafqazinfo.az”-ın dərc etdiyi məlumatda göstərilir ki, şirkət yarımçıq tikilən mərkəzin binasından elektrik kabellərinin oğurlanması ilə bağlı polisə məlumat verib.
“iFact.ge” jurnalisti əraziyə baş çəkən zaman binanın tikintisində çalışan işçilər buranın sanatoriya kimi fəaliyyət göstərəcəyini bildiriblər.
Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm xəstəlikləri sanatoriyası
Binanın girişində asılan məlumat lövhəsində Gindes vərəm xəstəlikləri sanatoriyasının tikintisinin 2012-ci ildə başladığı və 2014-cü ildə sona çatması yazılıb.
Amma reallıq odur ki, ümumilikdə 19,733,075 milyon manat xərclənən sanatoriya binası yarımtikilidir. 2011-ci ildə İlham Əliyev sanatoriyanın yeni binasının tikintisi üçün 3 milyon manat ayırıb. “Atilla KM” adlanan şirkət həmin il tikinti işlərinə başlamaq üçün Səhiyyə Nazirliyindən elan edilən 380,000 manat dəyərində olan tenderin qalibi olub.
“Azəraqrartikinti” şirkəti 2012-ci ildə Gindes vərəm sanatoriyasının tikinti işləri üçün Səhiyyə Nazirliyində elan edilən 15,350,067 milyon manat dəyərində olan tenderin qalibi olub. Ölkədə 40 dan çox filialı olan şirkətin təsisçisi millət vəkili Ağalar Vəliyevdir. Azərbaycan Konstitusiyasına görə, ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.
Bütün bunlara baxmayaraq, Vəliyev qanun pozduğunu düşünmür. “Mənim fəaliyyətim tamamilə qanunidir”, – o , 2015-ci ildə jurnalistlərə açıqlamasında belə deyib: “Qanunsuz heç bir şey yoxdur, mən şirkətin təsisçisiyəm, rəhbəri deyiləm. Oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”.
Ağalar Vəliyev 1996-cı ildə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin olunub. 1997-ci ildə prezidentin qərarı ilə “Azəraqrartikinti” də daxil olmaqla bir neçə dövlət tikinti şirkətləri ləğv edilib. 1 il keçdikdən sonra şirkət özəlləşdirilərək Ağalar Vəliyevin adı altında qeydiyyatdan keçirilib. Hal-hazırda şirkət Bayram Heydərovun adı altında qeydiyyatdadır.
1997-ci ildə yaradılan “R-Servis LTD” adlanan özəl şirkət Heydərovun adından qeydiyyatdan keçirilib. Hal-hazırda bu şirkət Emil Hacıyevin adı altında qeydiyyatdadır. Hacıyev özü “Azəraqrartikinti” Bərdə filialının rəisidir.
Səhiyyə Nazirliyindən Gindes vərəm sanatoriyasında tikinti işlərinin davam etdirilməsi üçün 2012-ci ildə “Texnoklima” MMC adlanan şirkət 3,9 milyon manat dəyərində olan tenderin qalibi olub. Tender müqavilələrin reyestrində göstərilir ki, şirkət 2013-cü ildə nazirlikdən Bakı Sağlamlıq Mərkəzinin tikintisi üçün elan edilən 15,7 milyon manatlıq tenderlərin qalibi olub.
2013-cü ilin dövlət büdcəsindən 293 milyon manat səhiyyə obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün pul ayrılıb. Gindes vərəm sanatoriyası da bu siyahıya daxil olub, amma 293 milyondan nə qədər bu sanatoriyanın tikintisi üçün ayrıldığı məlum deyil.
Xəzər Rayon İcra Hakimiyyətinin 12 iyul 2017-ci ildə verdikləri məlumatda Gindes vərəm sanatoriyasında tikinti işlərinin dayanması qeyd olunub. İcra Hakimiyyəti 2018-ci ilin yanvarında tikinti işlərinin yenidən başlaması barədə məlumat yayımlayıb.
“iFact.ge” jurnalisti əraziyə baş çəkən zaman sanatoriyada tikinti işlərinin dayanmasının şahidi olub.
Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm xəstəlikləri sanatoriyası
7 saylı vərəm əleyhinə dispanser
100 il bundan əvvəl tikilən bina Sovet dövründə vərəm əleyhinə dispanser kimi fəaliyyət göstərməyə başlayıb. Dispanserin yeni binasının tikintisinin nə zaman başlaması, tikintiyə nə qədər pul ayrıldığı, tenderlər barədə heç bir məlumat yoxdur.
“Dövlət satınalmaları haqqında” qanuna görə təcili tələbat yaranarsa, o zaman tender elan olunmaya bilər. Amma orada heç nəyin təcili olunmadığı göz önündədir. Bina yarımçıq tikilib və 2 işçi pəncərələrdən şüşə asmaqla məşğuldur.
Xəzər Rayon İcra Hakimiyyəti eyni məlumatı vərəm əleyhinə dispanser üçün də verib. 2017-ci ildə tikinti dayandırılıb və 2018-ci ildə yenidən başlayıb.