Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Gündəm

Ruhuna ehtiramla…

Elm-ürfan sahibinin hakimiyyəti altında yaşamaq hər millətə yazılan xoşbəxtlik deyil. Xoş halımıza ki, biz həmin seçilmişlərdənik. Şah İsmayıl Xətainin hakimiyyətindən təxminən 500 il sonra onun şəxsində Azərbaycan türkünün taleyi yenidən bir arifin idarəsinə keçdi. Haldan anlayanlara, “hu” deyib, Haqqı arayanlara salam olsun…

Tanımayanlar üçün deyirəm – fəhmi ağlından iti bir insan gətirin gözünüzün qarşısına. Hər nəsnənin formasına baxdığında məzmununu anlayan birisini. İnsanı yanlışlara çəkən nəfsdən arınmış, əşyanın bağlanmaq üçün deyil, bir olayı idrak etmək üçün vasitə olduğunu dərk edən bir mərifət sahibini. Həyatını həqiqət axtarışına sərf edib bulduğunu paylaşmağa xəsislik etməyən, millətini bətnindən çıxan ariflərin məqamına layiq ucalığa yüksəltməyə çalışan bir yol adamını. Bu yolda qarşısına çıxan əngəlləri iradəsi, elmi, Haqqdan aldığı güclə yenməyi başaran gərgin, uzunvədəli mücadilələr qəhrəmanını düşünün.

Sevgi dolu, xislətindən asılı olmayaraq yaradılışa eşq gözü ilə baxan bir aşiqdən danışıram sizə – Əbülfəz Elçibəydən.

Bu yazı yazılan dəqiqələrdə onun hakimiyyətdən könüllü əl götürməsindən düz 25 il keçir… 1993-cü ilin 17 iyununda prezident Elçibəyin atdığı addım ölkədə şok effekti yaratmışdı. Bəy Bakını tərk edib öz dağına çəkilməklə ikinci cümhuriyyəti quran bağımsızlıq mücahidlərinə dağ çəkmişdi…

O gündən keçən bir qərinə olayın mübhəmliyindən heç nə ala bilməyib. Çevrəsini, rəqiblərini, dünyanı çaş-baş qoyan “Kələki gedişi” haqqında bugünə qədər çox danışılsa da heç nə deyilməyib. Heç kim deyə bilməyib… Çünki, kombinasiya o qədər çoxgedişli idi ki, hansı ehtimalın digərini üstələdiyini bugündən baxanda belə müəyyən etmək son dərəcə çətindir.

70 il sovet imperiyasının qandallarında yaşayan bir toplumu Elçibəyə tərəf çəkən sözsüz, onun azadlığa sərhədsiz eşqi idi. Azərbaycanı işğalda saxlayan rus imperiyasının o eşqi söndürmək üçün etdiyi bütün cəhdlər boşa çıxmışdı – böyükelçilikdə, auditoriyada, həbsxanada, elm ocaqlarında o, hər şeydən öncə azad bir ruh idi. Məkan və zaman onun bütövlüyünü zədələmək iqtidarında deyildi. Elçibəyin cazibəsi də bundaydı. Həbslər, basqılar neçə aydını susmağa məcbur etsə də Elçibəy haqq bildiyindən əl götürməmiş, yolundan dönməmişdi. Əksinə, olduğu yerlərdə azadlıq toxumları səpərək cücərmələrini sağlamışdı. Sonucda imperiyanın buxovlarını qırmaqda müstəsna xidmətləri olan Azərbaycanın bağımsızlıq hərəkatına öndərlik etmək, azad seçki ilə müstəqilliyini bərpa edən cümhuriyyətin başına gəlmək yazılmışdı taleyinə.

223f76b8-bbf8-484b-a979-c6da34aee765.jpg (76 KB)

O azad ruh 12 aylıq iqtidarı dönəmində millətin ruhunu elə bir mərtəbəyə qaldırmışdı ki, düşünəndə indi də xiffətdən insanın bağrı parçalanır… Sovet imperiyasının 70 illik qatı tozunu millətin üzərindən çırpıb ona kimliyini başa salan milli lider Elçibəy idi. Ermənistanın daim güclənən hərbi təcavüzü, Azərbaycan dövlətinin bağımsızlığını həzm edə bilməyən güclərin heç bitməyən təxribatları fonunda xalqın gücünü səfərbər edib demokratik prinsiplərdən kənara çıxmadan güclü dövlət qurmağa çalışan siyasi lideri Əbülfəz Elçibəy idi. Onun hakimiyyəti dönəmində vətəndaşa tanınan haqları “başıpozuqluq”, “özbaşınalıq” yaratmaq kimi yaraşmayan sözlərlə gözdən salanların çoxu indi o zamankı azad medianı, azad siyasi mübarizəni, azad iqtisadi düzəni əldə çıraq gəzir.

Çağdaşı olub onun kimliyini anlamayanların halına acımamaq mümkün deyil. Kimliyini dərk edib yanında durmaq yerinə arxasından vurmağı seçənlərin də…

Paradoks həm də ondadır ki, bu gün Elçibəyin yolunu, amalını, şəxsiyyətini uca tutanlar onun Kələki gedişi ilə taleyin ümidinə qalanlar, ölkəni qurmaq üçün yetərincə potensialları varkən hər yerdən dışlananlardır. Bu insanların yarısı vətəndə qərib, yarısı qəriblikdə vətəndi. Elçibəyi kiçiltməyə çalışanlar isə onun hakimiyyətdən əl götürməsi ilə haqq etmədikləri mərtəbələrə dırmaşmaq şansı əldə edənlər, millətin varını-yoxunu talamaq fürsəti qazananlardır.

Onu iqtidardan endirən 4 iyun qiyamının səbəbləri saymaqla bitməz. Aydın olan odur ki, Elçibəy millətin hələlik bu azadlıq ovqatına 1 ildən çox davam gətirməyəcəyini, yolun bundan artığını qət etməyə gücü çatmadığını dərk edərək sonda öz xəlvətinə çəkildi.

Bu millət üçün həyatını fəda etsə də sıradan təşəkkür formasında belə qarşılıq bəkləməyən böyük dövlət adamıdır Əbülfəz Elçibəy. Yalnız bu sifətə sahib liderlər millətin könlündə taxt qura bilir. Digərləri tarixə və yaddaşlara ölkəyə konkret dönəmlərdə başçılıq edən siyasi liderlər kimi düşürlər. Belələrinin adları çəkiləndə gözlərdə işıq, dillərdə həyəcan görünməz. O Elçibəydir əxlaqı və mərifəti yerində olan hər kəs dünya durduqca onu rəhmətə, vəfa ilə anacaq.

O elə bir dəha idi ki, dünyaya bir neçə əsrdir ağalıq edən gücləri Azərbaycanın onların enerji təhlükəsizliyi üçün vacib ölkə olduğuna inandıra bilmişdi. İndi həmin müqavilənin hesabına Elçibəyin canından çox istədiyi Azərbaycan dövlətinin bəkçisi dünyaya ağalıq edən o gücdür. Bir ağanı bəkçiyə çevirməyə iradəsi yetən ikinci bir lider göstərin mənə. Yoxdur… Yerdə qalanların çoxunun siyasi karyerası hansısa ağaya nökərlik etməkdən ibarət olub.

Bu gün postsovet məkanında gedən demokratik proseslərə həsədlə baxan Azərbaycan insanını anlamaq o qədər çətindir ki… “Baltikyanı ölkələr Avropa Birliyi üzvüdür, gürcülər, ukraynalılar, indi də ermənilər demokratik düzən qurdu, biz qaldıq” deyənlər Azərbaycanın bu yoldan Elçibəyin liderliyi ilə 26 il öncə keçdiyini niyə anlamaq istəmirlər? Unutdunuzmu – bu ölkədə sıradan vətəndaş kimi yaşayan bir prezident, onun iradəsi ilə qurulan demokratik düzən – azad söz, azad məhkəmə, azad toplaşmaq haqqı, azad…, azad…, azad… bir toplum vardı. Azadığını ona qazandıranların üzünə ağ olacaq qədər azad…

İqtidarı dönəmində çevrəsindəki insanların neçəsini Elçibəyə ölkədəki azadlıq dozunun artıqlığından şikayət edən görmüşəm. “Bunların qarşısını almaq lazımdır, Bəy” deyənləri elə ustaca susdurardı… Onları inandırardı ki, toplum fərdlərə azadlıq verilməklə, dartışma, çəkişmə mühiti yaradılmaqla öz yolunu bula, gəlişə bilər. Despotizmin yarada biləcəyi yalnız ətalətdir ki, o milləti yalnız geriyə, məhvə aparar. Şərhə ehtiyac varmı?…

Onu – prezidenti, dövlət başçısını müzakirəyə çıxarırdılar, tənqidlər ölçüdən çıxırdı, tərəfdarları çılğınlığın kulminasiyasını yaşayanda Elçibəy “belə olmalıdır, bəylər, demokratiyadır” deyib qarşı duran hər iki tərəfin havasını alırdı.

İllər sonra Parisdə “Çarli Hebdo” dərgisində Fransa prezidenti Ollandla, Almaniya kansleri Merkelin karikaturalarını görəndə Elçibəyin demokratiya anlayışında xalqı azı 20 il qabaqladığını dərk etdim. Onunla ayaqlaşmaq çətin idi.

Elçibəyi çox dinləmək şansım olub. Yüksək kürsüdən dövlət başçısı kimi, siyasi partiya lideri kimi, demokratik düşərgənin yönəticisi kimi, müsahib kimi… Mövzuları onun qədər dərin, detallı anladan bir də Ziya Bünyadovu görmüşəm. Elçibəyə sual verəndə yalnız cavab vermirdi, o sualın yaranma səbəblərini də izah edirdi.

Bir də qonu sevdiyi mövzular olaydı… Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti, Məhəmməd Əmin Bəy, Əli Bəy Hüseynzadə, Turan, Həzrəti Məhəmməd… Hansı kəlməni tapım ki, o şövqü ifadə edə bilim… O çıxış edəndə zəkasına vurulmamaq mümkün deyildi. Bir beyin bu qədər informasiyanı necə daşıya bilər?

Heç unutmaram, söz sözü çəkdi, məclislərdən birində Əbülfəz bəy Çin tarixindən danışmağa başladı. Qədim və ortaçaq Çin siyasi səhnəsindən, fəlsəfi cərəyanlardan, o cərəyanların dünyaya səpələnib hansı dövlətlərdə rəsmi ideolojiyə çevrilməsindən… Dinləyə-dinləyə düşündüm ki, bu cərəyanların mahiyyəti bir yana, bir-biri ilə ittifaq quran, sonra siyasi mübarizə meydanlarında rəqibə çevrilən saysız-hesabsız Çin qəbilələrinin dilə-dodağa yatmayan adlarını yadda saxlamaq üçün necə bir dərin zəka sahibi olmalıdır insan. O, heç zaman Azərbaycanın millə sərvətlərinin miqdarını, neftin barelini saymağa zaman ayırmadı. Elçibəyin məqsədi hər ölkənin ən dəyərli kapitalı olan beyinləri oyatmaq idi.

Bir dönəm Rəsulzadənin adı mediada “Məmməd” kimi yazılmağa başlamışdı. Bəy yaman əsəbiydi: “Ancaq savadsızlar düşünər ki, XIX-cu əsrin sonlarında Bakıda, ruhani ailəsində dünyaya gələn bir oğlana Məmməd adı verilə bilər. “Məmməd” “Məhəmməd”in sovet dönəmində təhrif olunan formasıdır. Sonradan onu Kreml qulları “Mamed” şəklinə də saldılar. Xüsusən rusca Məhəmməd Əmin bəyin adı təhriflə gedir. Bunun qarşısı alınmalıdır”. Bəyi hər zaman belə əsəbi görmək olmazdı… Rəsulzadə onun üçün dəyər idi. O dəyərə toxunanda Elçibəy yaralanırdı.

Oxşar tale yaşadıqlarını da söyləmək olar. Məhəmməd Əmin Bəy Azərbaycan türkü üçün yoxdan bir dövlət qurmuşdu… Ev yox, qəsr yox, institut yox – DÖVLƏT. Sovet işğalından sonra süqut edən o dövləti yenidən dirçəltmək, milləti yenidən üçrəngli bayrağın altıda səfərbər etmək, dünyaya demokratik bir dövlətin yenidən siyasi səhnəyə gəldiyini bəyan eləmək Elçibəyin qismətinə yazılmışdı. İqtidarları dönəmində ölkədə yaratdıqları milli düşüncəyə dayalı ovqat da bənzər idi, hədəfləri də, hətta hakimiyyətdən gedəndən sonra özlərindən sonrakıların haqlarında səsləndirdikləri iddialar da. Əslində Məhəmməd Əmin Rəsulzadə ilə Əbülfəz Elçibəy Azərbaycan dövlətinin iki sarsılmaz sütunlarıdırlar. Bu iki dahinin dövlət üçün müəyyən etdiyi yoldan sapmalar olan kimi dövlətin təməli laxlayır və idarəetmə yenidən onların müəyyən etdiyi yönə dönmək məcburiyyətində qalır. Qurbanları özümüz olsaq da iç siyasətdəki gərginlikləri boş verin. Dövlətin genəl strategiyası – Rəsulzadə ilə Elçibəyin çəkdiyi Avropaya inteqrasiya yoludur.

80 yaşına günlər qala Elçibəyi belə andım. Sağ olsaydı, görüşüb deyərdəm – ürəyimizdə yandırdığınız azadlıq alovu sönməsin, Bəy. Doğum gününüz qutlu olsun! Nə yaxşı ki, Tanrı taleyimizə sizin ardınızca gedib ölkəmiz, millətimiz üçün çalışmaq yazıb. Amma… gərək… getməyəydiz…

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir