Hüquq-mühafizə orqanlarına göndərilən sorğulara cavab gəlməyib
“Xəmsə” şadlıq sarayının keçmiş sahibi Mürvət Həsənlinin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi iyunun 14-də davam etdirilib.
Hüquqşünasın Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını istəyən iş adamının iddiasına Səbail Rayon Məhkəməsində baxılır.
Bugünkü məhkəmə iclasında hakim Azər Tağıyev bildirib ki, mayın 31-də keçirilən məhkəmədən sonra Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə sorğu göndərilsə də, hələ cavab gəlməyib.
Mürvət Həsənli hüquqşünası “facebook” səhifəsində onun haqqında “dələduz” ifadəsi işlətməklə böhtan atmaqda günahlandırır. Aslan İsmayılov isə bildirir ki, əlində onun dələduzluğunu təsdiqləyən faktlar var. Hüquqşünasın sözlərinə görə, hətta prokurorluqda və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Mürvət Həsənlinin dələduzluq əməli ilə bağlı araşdırmalar aparılıb, onun özü bir neçə gün saxlanılıb, izahatları alınıb. Aslan İsmayılov bildirir ki, Mürvət Həsənli konkret olaraq, onun müvəkkili olan türk iş adamı, “Emre Piliç – Qida Sənaye və Ticarət Limited” şirkətinin rəhbəri Ömür Orala qarşı dələduzluq edib, bununla əlaqədar dindirilib: “Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində özü də etiraf edib ki, bəli, bu adama 1 milyon 300 min borcu var. Həmin vəsaiti qaytaracağı barədə öhdəlik götürəndən sonra buraxılıb”.
Mürvət Həsənli və müdafiəçisi vəsatət qaldırıb ki, sorğuya cavab gələnə qədər məhkəmə prosesi təxirə salınsın. Hakim də bunu nəzərə alaraq, məhkəməni iyunun 29-na qədər təxirə salıb.
Aslan İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, iyunun 20-də Binəqədi Rayon Məhkəməsində onunla bağlı daha bir proses başlayır. Aslan İsmayılovun barəsindəki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Hüquqşünas xuliqanlıqda ittiham olunur: “Guya mən Binəqədi Rayon Məhkəməsində qapını elə çırpmışam ki, qapının yanındakı divarın suvağı tökülüb. Məhkəmənin işi pozulub. Əlbəttə ki, yalandır, saxta ittihamdır, sifarişlə başlanmış cinayət işidir”.
Hüquqşünasın sözlərinə görə, cinayət işi 2017-ci ilin oktyabrında başlanıb.
Onun həbsilə bağlı planın olduğunu deyən Aslan İsmayılov bütün bunlara görə ədliyyə naziri Fikrət Məmmədovu, prezidentin köməkçisi Əli Həsənovu günahlandırır.