Ölkə «kredit üsyanı» ərəfəsindədir, hakimiyyət isə böhranın olmadığı barədə rəy yaratmaq üçün problemli kreditlər barədə yalan məlumatlar yayır
Ölkədə maliyyə böhranının dərinləşmədiyi barədə rəy yaratmaq üçün problemli kreditlərin ümumi kredit portfelinin cüzi hissəsini təşkil etdiyi barədə ictimaiyyətə yalan məlumatlar verilir. Dövlət Statistika Komitəsi iddia edir ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.
Lakin bir neçə gün əvvəl vəkil Cavad Cavadov problemli kreditlərlə bağlı dəhşətli statistika açıqlamışdı.
O qeyd etmişdi ki, 2014-cü ildə məhkəmələrdə 153 606 mülki işə baxılıb. Bu işlərdən kredit, borc münasibətləri üzrə 95 454 mülki iş üzrə qərar (qətnamə və əmr) qəbul edilib. Kredit münasibətlərindən irəli gələn mülki işlərin həcmi 2014-cü il üçün ümumi baxılan işlərin 62 faizini təşkil edir.
2015-ci ildə məhkəmələrdə 228 428 mülki işə baxılıb və 2014-cü illə müqayisədə işlərin həcminin birdən birə artması məhz kredit münasibətlərindən irəli gələn işlərlə bağlıdır. Keçən il baxılan mülki işlərdən 171 664 iş kredit münasibətlərindən irəli gələn işlər olub, bu isə ümumi işlərin həmin il üçün 75,15 faizini təşkil edir.
Nəzərə almaq lazımdır ki, Cavad Cavadovun açıqladığı statistika yalnız baxılan işlərə aiddir. Kredit borcuna görə icraata götürülən işləri bunun üzərinə gəlsək, o zaman daha dəhşətli mənzərə yaranar. Digər tərəfdən, kredit borcu olanlara ən böyük zərbə 2015-ci ilin dekabrında baş verən ikinci devalvasiya zamanı dəyib. Cavad Cavadovun təqdim etdiyi statistika 2014 və 2015-ci illəri əhatə edir. Deməli, 2016-cı ildə məhkəmələrdə kredit işlərinin sayı daha çox olacaq. Məlumat üçün deyək ki, Azərbaycanda 2.5 milyon nəfərin kredit borcu var. Təkcə baxılan işlər problemli kreditlərin 10 faizdən çox olduğunu göstərir.