Aprelin 19-da jurnalist ictimaiyyətinin bir qrup nümayəndəsi (Mehman Əliyev, Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Zahir Əzəmət, Elmidar Əliyev) bəyanat imzalayaraq Media Klubu yaratmaq niyyətini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, Azərbaycanın informasiya məkanı həm ənənəvi KİV-lərin böhranı, həm də sosial şəbəkələrin artan təsiri ilə səciyyələnir: “Mətbuat böhranı özünü yaradıcılıq azadlığı və iqtisadi müstəqilliyin itirilməsi, etik prinsiplərin pozulması, peşəkarlıq səviyyəsinin və ictimai əhəmiyyətinin xeyli azalmasında göstərir. Bu proses teleradio vasitələrində daha ağrılı şəkildə gedir.
Mətbuat bütün birliklər, fərdlər, dövlət və cəmiyyət arasında ictimai vasitəçi funksiyasını getdikcə daha çox itirir. Sosial şəbəkələr fərdi təşəbbüslər səviyyəsində bu funksiyaları üzərinə götürməyə və ənənəvi KİV-lərə ictimai etimadın itirilməsi fonunda yaranmış informasiya boşluğunu doldurmağa çalışır. Lakin hakimiyyətin bəzi dairələrinin bu təşəbbüsləri boğmaq və internet məkanını böhtan və təhqirlərin yayılması üçün istifadə etmək üzrə göstərdiyi son cəhdlər sosial şəbəkələrin manipulyasiya sisteminə çevrilməsi təhlükəsini yaradır.
Bununla əlaqədar ölkədə müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və onlara olan ictimai etimadın bərpa olunmasına kömək edəcək mühitin yaradılması, o cümlədən manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədilə səylərin birləşdirilməsini zəruri hesab edirik”.
Media Klubunun təsisçiləri informasiya cəmiyyətinin aktual problemlərini müzakirə etmək üçün daimi fəaliyyət göstərən diskussiya platforması yaratmaq, cəmiyyətin informasiya təhlükəsizliyinin qorunması üçün tövsiyələr hazırlamaq niyyətində olduqlarını bildiriblər.
İyunun 8-də Novator.az saytı məsələ ilə əlaqədar Əvəz Zeynallıya bir neçə sualla müraciət edib.
– Aradan keçən müddətdə hansı işlər görülüb?
– Müəyyən aralıqlarla toplanırıq. Toplantılarımızı hələlik ictimaiyyətə və mediaya açıqlamırıq. Mayın 3-də medianın problemlərinə həsr olunan geniş tədbir keçirdik və növbəti tədbiri iyun ayının 9-na təyin etdik. Bu tədbir də internet mediasının problemlərinin müzakirəsinə həsr olunub və əlaqəsi olan hər kəsi dəvət etmişik. Təbii ki, irəliyə istiqamətlənən müəyyən layihələrimiz var ki, onları da zaman-zaman həyata keçirəcəyik.
– Media Klubunun hər hansı əsasnaməsi varmı, strukturu formalaşıbmı?
– Hələlik elə bir əsasnamə hazırlamamışıq. Struktur da yoxdur. Biz sadəcə bir neçə media adamı bir araya gəlib bir media müstəvisi təsis etmişik. Bu müstəvidə medianın ciddi problemlərini müzakirə etmək, ictimailəşdirmək, cəmiyyəti xəbərdar etmək, lazım gələrsə və ehtiyac yaranarsa təkliflərimizi təqdim etmək haqqında düşünürük. Zaman çox həssas zamandır. Belə həssas zamanda dərhal təşkilatlanmadan öncə bir müstəvidə nə qədər gediləcəyini görmək lazımdır. Biz də onu edirik.
– Media nümayəndələri, hakimiyyət təmsilçiləri ilə müzakirələr aparılıbmı?
– Bir çox media nümayəndəsi ilə müzakirələr aparılır və proses gedir. Media Klubu layihəsi hər tərəfdə çox maraqla qarşılanıb. Hətta hakimiyyətin media siyasətini müəyyənləşdirənlər belə ciddi maraqlanır və addımlarımızı təqib edirlər. Biz prinsiplərin işığında bir yerə toplaşmış adamlarıq. O baxımdan kim istəsə müzakirə edə, düşdüyümüz bu acınacaqlı vəziyyətdən çıxış yolunu onunla axtara bilərik.
– Qurumun təsisçilərinin sayı artıbmı?
– Sıralarımıza qatılmaq istəyənlər çoxdur. Hətta siyasətçilər, siyasi partiya sədrləri belə Media Klubunun üzvü olmaq istəyində bulunublar. Ancaq biz ötən təcrübələrdən çıxış edərək, bu haqda bir az məsafəli davranmağa qərar vermişik. Bir müddət yalnız ilkin heyətlə davam edəcəyik. Zaman-zaman sıralarımıza yeni isimlər daxil edəcəyik. Bir görək hələ 3 ay fəaliyyət göstərə bilirikmi? Cavab müsbət olarsa, o zaman Media Klubu başqa bir mərhələyə keçə bilər.