Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

İlham Əliyev nədən razı qalıb? Yaxud uğur böhranın harasında gizlənib?

ilhamaliyev-shekide1Ölkə başçısı Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası da keçirilidi. Ilham Əliyev bu iclasda da geniş nitq söyləyib, uğurlu inkişafdan, görülən və görüləcək işlərdən danışıb. “Azərbaycan” qəzeti də bu müşavirəni “Ilham Əliyevin ”böhran şəraitində inkişaf” modeli” başlığı ilə tirajlayıb.

Ilham Əliyev əvvəlcə deyib ki, Azərbaycan inamla inkişaf edir, bunun təməlində düşünülmüş siyasət dayanır və ilin sonunu da bu uğurla başa vuracağıq. Daha sonra qeyd edib ki, bizim bütün sahələrdə çox aydın proqramlarımız var: “2016-cı ilin birinci yarısının yekunları məni qane edir. Əsas odur ki, bizim hər bir sahədə çox aydın proqramımız var, sadəcə olaraq bu barədə danışmağa vaxt yoxdur. Əminəm ki, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək”, deyə Ilham Əliyev bildirib.

Görəsən, Ilham Əliyevi razı salan nədir? O, hansı uğurdur ki, statistik rəqəmlərdə, ölkənin həyatında gözə dəymir?

Statistik rəqəmlər onu göstərir ki, kənd təsərrüfatına və emal sahəsinə kredit qoyuluşu 55 faiz azalıb. Iqtisadiyyatın maliyyələşməsinə dövlət büdcəsindən ayrılan vəsait ötən ilə nəzərən 46 faiz azalıb. Bu ilin yanvar-aprel aylarında təhsilə investisiya qoyuluşu 84%, səhiyyə və sosial xidmət göstərən sahələrə kapital qoyuluşu 65% azalıb.ÿGəlir vergisi üzrə büdcəyə daxilolmalar bu ilin aprel ayında manatla ifadədə 53% azalıb.

Azərbaycanın bir aylıq istehlak bazarının həcmi 4,5 milyarddan 2,9 milyard manata düşüb. 1,6 milyard manat və ya 35%-dən çox azalma əmələ gəlib. Xarici investorların ölkəyə yatırdığı vəsait 5 ayda 506 milyon dolar azalıb. Qeyri-neft iqtisadiyyatımız bu ilin yanvar-may aylarında 39 faizdən çox kiçilib. Burada 6 milyard dollara yaxın azalma əmələ gəlib. Ümumi Daxili Məhsulumuzun 5 aylıq həcmi üzrə azalma 8,4 milyard dollardan çox olub. Bu ilin yanvar-may aylarında əhalinin pul gəlirləri üzrə itkisi 5,5 milyard dolları üstələyib. Ilin əvvəlindən ötən dörd ay ərzində qeyri-neft sektoruna pul-sərmayə qoyuluşu dollarla ifadədə 2,1 milyard və ya 73% azalıb. Problemli kreditlərin həcmi maksimum səviyyəyə çatıb, əhali banklarda olan əmanətləri sürətlə geri çəkir, istehlak kreditlərində 1.5 milyardlıq geriləmə var və bank sektoruna etimad tamam itib. Hökumət sürətlə xarici borc yükünü artırır, milli valyutanın üçüncü devalvasiyası qaçılmazdı. Eyni zamanda ötən müddət ərzində Azərbaycandakı iş adamları pullarını Gürcüstan və Türkiyə iqtisadiyyatına yatırmağa başlayıblar. Ötən il ilə müqayisədə ipoteka kreditinə ayrılan vəsait 31 dəfə azalıb. Ötən bir il ərzində ölkədə intihar edənlərin sayı artıb, təhsil sistemindəki iflic vəziyyət rəsmi təsdiqini tapıb və səhiyyə ölüm mələyinə çevrilib. Dünyanın ən nüfuzlu qiymətləndirmə agentlikləri Azərbaycanın iqtisadi göstəricilərini mənfi qiymətləndirir.

Bu siyahını davam etdirmək də olar. Bütün sahələrdəki geriləmə rəsmi açıqlamalarla təsdiqini tapır. Amma bütün bunlara baxmayaraq ölkə başçısı nəticələrdən razı qalıb. Məsələn, Ilham Əliyev deyir ki, gömrük orqanlarından daxilolmalar 17 faiz artıb. Rəsmi statistika isə göstərir ki, idxalda və ixracda ciddi geriləmə var. Belə olan halda gömrük gəlirlərinin artması hansı mənbələr hesabına mümkün olur?

Hətta iri məmurlara məxsus holdinqlər də zərərlə işləməyə başlayıb, məmur şirkətlərində işləyən minlərlə işçi ixtisara düşüb.

Göründüyü kimi ölkə uçurumun dibinə yuvarlanır, rəsmi rəqəmlər bunu təsdiq edir, prezident isə vəziyyəti müsbət qiymətləndirir.

Ilham Əliyev çıxışı zamanı 78000 daimi iş yerinin açılmasından da danışıb. Amma bu iş yerlərinin harada açıldığını deməyib. Reallıq isə budur ki, 40000-dən artıq iş yeri bağlanıb və bu proses davam etməkdədir.

Ilham Əliyev onu da bildirib ki, dünyanın heç bir yerində fermerlərə Azərbaycandakı qədər diqqət və qayğı yoxdur.  Ola bilər ki, prezident düz deyir, ola bilər ki, fermerlərə külli miqdarda pul ayrılır. Məsələ burasındadır ki, həmin pullar ünvana yetişmir. Ilham Əliyevin də etiraf etdiyi kimi məmurlar torpaqları zəbt etdiyi kimi ayrılan pulları da zəbt edir.

Ilham Əliyev unvanlı sosial yardım məsələsinə də toxunub və bildirib ki, bu yardımlar vətəndaşda arxayınlıq, ələbaxımlılıq yaradır. Deyib ki, biz aztəminatlı ailələrə şərait yaratmışıq və onlar məsuliyyətli olmalı, özləri pul qazanmalıdır. Bəli, Ilham Əliyevin mesajından da aydın görünür ki, növbəti qayçılanma prosesində ünvanlı sosial yardım alanlar hədəf seçiləcək. Mənasız xərcləri azaltmaq, məmurların komfortuna xərclənən pulları dondurmaq əvəzinə, vətəndaşın 5-10 manatı hesabına qənaət edəcəklər.

Xülasə, Ilham Əliyev bildirib ki, 2016-cı il tarixə dərin islahatlar ili kimi düşəcək. Reallıq isə onu göstərir ki, sərəncamlar, fərmanlar, yeni yaradılan qurumlar heç bir yaraya dərman olmadı, əksinə vəziyyət daha da pisləşdi. Yəni, Ilham Əliyev dərin tənəzzül ilini, dərin islahat ili kimi təqdim edir.

Görünür, ölkənin acınacaqlı vəziyyəti yalnız Ilham Əliyev və komandasını razı salıb. Vətəndaş isə problemlər məngənəsində sıxılmaqdadır. Bu zəhrimara qalmış uğur böhranın harasında gizlənibsə, yalnız hökumət komandası görə bilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir