“Yeni Həyat – İqtisadi İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsinə start verib. Layihə rəhbəri Ədil Ədilzadənin verdiyi məlumata görə, 3 ay həyata keçirilən layihə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən Lahıc misgərlik sənətinin inkişaf etdirilməsindən bəhs edir.
Ə.Ədilzadə qeyd edib ki, Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bu sahəyə marağı daha da artırıb: “Artıq dövlət səviyyəsində Lahıc misgərlik sənətinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Ancaq aparılan araşdırmalar onu deməyə əsas verir ki, göstərilən diqqət və qayğıya baxmayaraq Lahıc misgərlik sənəti məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Uzun illər Lahıcda fəaliyyət göstərən sənətkarlar bu sahədə az gəlir olduöuna görə, Bakıya üz tutublar. Xammal təminatında bir sıra problemlər var. İstehsal olunan məhsulların satış bazarı demək olar ki, yox səviyyəsindədir. Bütün bunlar Lahıc misgərlik sənətinin məhv olma təhlükəsi ilə üz-üzə qoyub”.
Görüləcək işlərdən danışan təşkilat sədri bildirib ki, 3 ay müddətində Lahıc misgərlik sənəti ilə bağlı mövcud vəziyyətinin təhlil ediləcək, Lahıc misgərlik sənəti ilə bağlı məmulatların yayımı ilə bağlı sərgi təşkil olunacaq və xammal probleminin həlli ilə bağlı mis isheal edən müəssisə və hüquqi şəxslərlə danışıqlar aparılacaq. Eyni zamanda layihə çərçivəsində sərgi təşkil olunacaq və KİV-lərdə məlumatlandırma işləri həyata keçiriləcək.