Ölkədə əhalinin dispanserləşdirilməsi davam edir. Bu ilin fevralında start götürmüş aksiya mayda başa çatacaq, bundan sonra ləng Səhiyyə Nazirliyinə bu kampaniyanın nəticələri haqqında hesabat hazırlamaq üçün daha bir neçə ay lazım olacaq. Pulsuz kompleks müayinədən keçmək üçün rayon poliklinikasının qeydiyyat şöbəsinə müraciət etmək, mütəxəssislərə göndəriş vərəqəsi almaq lazımdır.
Ötən illərdən fərqli olaraq, bu kampaniya kifayət qədər süst keçir, həkimlər özləri də bunu gizlətmirlər. İş o yerə çatıb ki, Bakıda sahə həkimləri və dar profilli həkimlər həmin ərazi sahəsində xəstələrə zəng etməyə və onları müayinəyə dəvət etməyə başlayıblar. Amma insanlar bu zənglərə məhəl qoymayıblar. Belə olan halda bir sıra xəstəxanaların həkimləri daha da irəli gedərək, insanları təşviq etmək üçün mənzil-mənzil gəzməyə başlayıblar.
1 saylı Bakı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarovanın haqqin.az saytına verdiyi məlumata görə, yeni binaların mühafizəçiləri həkimləri poliklinikada qeydiyyatda olan vətəndaşların mənzillərinə buraxmırlar. Paytaxtın Səbail rayonu üzrə fevralın əvvəllərindən 6 min nəfərdən bir qədər çox insan dispanserləşdirmədən keçib, bu rayonun şəhərin ən sıx məskunlaşmış ərazilərindən biri olduğunu nəzərə alsaq, bu rəqəm elə də çox deyil. Demək olar ki, müayinə olunan hər iki nəfərdən birində nevroz aşkar edilib. Amma insanlar daha çox hipertoniyadan, ürəkdən, diabetdən şikayət edirlər.
Bütün ölkə miqyasında nevroloji, endokrinoloji və kardioloji xəstəliklərin yayılması müşahidə olunur, əvvəlki dispanserləşdirmə proqramlarının nəticələri bunu açıq şəkildə göstərir. Belə ki, Səhiyyə Nazirliyinin məlumatına görə, paytaxtda ən çox əsəb, həzm, nəfəs sistemlərinin xəstəlikləri, regionlarda endokrinoloji və ürək-damar xəstəlikləri geniş yayılıb, bu xəstəliklər ölkədə əsas ölüm səbəbləridir.
Parlamentin deputatı, kardioloq-cərrah Rəşad Mahmudov da bu faktı təsdiq edir. Mütəxəssisin sözlərinə görə, 2017-ci ildə Azərbaycanda insan ölümlərinin əsas səbəbi ürək-damar xəstəlikləri olub. Bu göstərici 57,8%-ə çatıb ki, bu da əhalinin sağlamlığının müdafiəsi sahəsində təhlükəli təmayül formalaşdığını göstərir. Bu xəstəliklərin yayılması amilləri stres, yalnış qidalanma, artıq kütlə, tütün çəkilməsi və s.-dir.
Ölümlərin digər səbəbi onkoloji xəstəliklərdir. Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasının baş həkimi Nəsimi Qasımov qeyd edir ki, son on ildə ölkədə xərçəng xəstəliyi xeyli artıb. 2016-cı ildə 11 761 yeni xərçəng diaqnozu qeydə alınıb, bu faktların 217-si 13 yaşına qədər uşaqlarda aşkar edilib. 2015-ci ildə 11 118 xərçəng xəstəliyi qeydə alınmışıb. 1990-cı ildə Azərbaycanda 7765 şiş formalaşması hadisəsi qeydə alınmışdı. Ümumilikdə bu gün onkoloji xəstəliklərdən əziyyət çəkən 43 927 xəstə uçotdadır. Qadınlarda ən çox süd vəzi, serviks xərçənginə, kişilərdə isə traxeya, ağ ciyər və prostat vəzi xərçənginə rast gəlinir.
Amma insanlar hepatit C-dən, insultdan, şəkərli diabetdən də ölürlər. Rəsmi məlumatlara görə, respublika üzrə qeydə alınmış şəkərli diabet xəstələrinin sayı 2011-ci ildə 135 715 nəfər (əhalinin 1,47%-i), 2012-ci ildə 153 506 nəfər (əhalinin 1,64%-i), 2013-cü ildə 177 474 nəfər (əhalinin 1,87%-i), 2014-cü ildə 194 520 nəfər (əhalinin 2,03%-i), 2015-ci ildə 209 377 nəfər (əhalinin 2,16%-i), 2016-cı ildə 226 945 nəfər (əhalinin 2,31%-i) təşkil edib. 2011-2016-cı illərdə əhalinin sayı 574 881 nəfər və ya 6,2%, qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı isə 91 230 nəfər və ya 67,2% artıb.
Belə bir sual yaranır, niyə Azərbaycanda qeyd edilən vaxtında aşkar edilməsi və müalicəyə başlanması mümkün olan qeyri-infeksiya xəstəliklərindən ölüm səviyyəsi yüksəkdir? Axı yeni avadanlıqlarla təchiz edilmiş klinikalar, mütəxəssislər var, dövlətimiz səhiyyə sahəsinə investisiya ayırmaqda xəsislik də etmir. Bu gün milli səhiyyə xərcləri ÜDM-in 6,54%-ni təşkil edir.
Müstəqil ekspert Samir Əliyev Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, ölkədə tibbi yardımın səmərəsiz olmasının birinci səbəbi xroniki xəstəliklərə qarşı mübarizə üçün profilaktika strategiyasının olmaması, poliklinikaların texniki təchizat səviyyəsinin aşağı olmasıdır, orada çox sayda laboratoriya araşdırmalarının aparılması qeyri-mümkündür, buna görə xəstələri xəstəxanalara göndərirlər. Dispanserləşdirmə formal xarakter daşıyır, “quş qoymaq” üçün həyata keçirilir. Deyilənlərə inanmaq üçün internet-forumlara göz gəzdirmək kifayətdir.
“Başqa bir səbəb müalicənin baha olmasıdır. Həkimlər, təhlillər, USM və ya tomoqrafiya, dərmanlar. Bəzən bu “bəlalar” dəfələrlə təkrar olunur. Bütün bunlar həkimə getməyi hər kəs üçün əlçatan olmayan bahalı bir məşğuliyyətə çevirir. Səhiyyəyə büdcə xərclərinin ÜDM-dəki payına gəlincə, bu göstəriciyə görə Azərbaycan dünyada 101-ci yerdədir. 2016-cı ildə Bloomberg agentliyinin tərtib etdiyi səhiyyə sistemlərinin səmərəliliyi üzrə dünya ölkələrinin reytinqində Azərbaycan araşdırmada iştirak edən 55 dövlət arasında 53-cü yeri tutub. Bizdə səhiyyə xərcləri adambaşına illik cəmi 471 dollar təşkil edir, bu da Braziliyada olduğundan iki dəfə azdır”, deyə Əliyev qeyd edir.
Nəticə göz önündədir – səmərəli tibbi xidmətlər sisteminə, kadrlara, insanlarda sağlam həyat tərzi keçirmək mədəniyyətinin aşılanmasına ehtiyac var. Bütün bunlar keyfiyyətli qidanın, pulsuz sağlamlaşdırma tədbirlərinin, geniş idman seksiyaları şəbəkəsinin əlçatan olmasının təmin edilməsini, cinsiyyətdən və yaşdan asılı olaraq, vətəndaşların sağlamlıq vəziyyətinin müntəzəm monitorinqini nəzərdə tutur. Bu, ciddi sosial problemdir, onun həlli hələlik natamam xarakter daşıyır.