Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

CBC-də “Sahibkar saatı” rubrikası olacaq

 Prezident İlham Əliyevin sahibkarlıq fəaliyyətinə, xüsusilə mikro, kiçik və orta sahibkarlığın inkişafına verdiyi böyük önəmə əməli işlə cavab verən CBC telekanalı yaxın vaxtlarda “Sahibkar saatı” rubrikası altında verilişlərin yayımlanmasına start verəcək.

Telekanalla yaxın əməkdaşlıq edən millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirib ki, bu barədə ilk anonsu o, cari ilin fevralın 9-da Lənkəranda 2017-ci ildə görülmüş işlər və ölkə Prezidentinin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə Lənkəran İcra Hakimiyyətinin keçirdiyi iclasdakı çıxışında səsləndirib. O, çıxışında qeyd edib ki, son illərdə cənab Prezidentin iqtisadi sahədə həyata keçirdiyi çoxsaylı ardıcıl islahatlar proqramı sahibkarlar üçün yaranmış münbit şəraitin daha da yaxşılaşmasına təkan verib. Bunun nəticəsidir ki, 2017-ci ildə Lənkəran rayonunda ümumi məhsul istehsalı 2016-cı ilə nisbətən 9,1 faiz artıb. Kənd təsərrüfatı sahəsində inkişaf sürətlə davam edib və 104,8 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ildən xeyli çoxdur. Xüsusilə, çəltikçilik, çayçılıq və sitrus meyvələri istehsalı əhəmiyyətli dərəcədə artıb və bu sahədə özəl sektorun, yəni mikro, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanların böyük əməyi olub. Rayonda özünüməşğulluq proqramı uğurla həyata keçirilir və getdikcə yeni vüsət alır. Deputat həmçinin məlumat verib ki, rayonda 2017-ci ildə əldə edilmiş nailiyyətlərdən Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov hesabat məruzəsində ətraflı bəhs edib, bu sahədə sahibkarların rolunu xüsusilə vurğulayıb və gələcəkdə də onlara zəruri köməkliyin miqyasının daha genişlənəcəyini bildirib. Sahibkarlıq sahəsində uğurları qeyd edən deputat da sahibkarlıq fəaliyyətinin daha sürətli inkişafına xidmət edəcək “Sahibkar saatı” barədə məlumatı yığıncaq iştirakçılarının nəzərinə çatdırıb və bu, sahibkarların böyük marağına səbəb olub.

Rüfət Quliyev onu da vurğulayır ki, CBC telekanalında yayımlanacaq “Sahibkar saatı”nda ayrı-ayrı rayonlarda sahibkarların qazandığı uğurlardan, qarşılaşdıqları problemlərdən, onların həlli yollarından söhbət gedəcək. Veriliş efirə getməzdən əvvəl hər bir nəzərdə tutulmuş rayonda çəkiliş aparılacaq və verilişin əvvəlində rayonun iqtisadiyyatı, uğurları haqqında qısa məlumat veriləcək. Verilişə fəaliyyətində uğur qazanmış mikro, kiçik və orta sahibkarlar, ekspertlər, iqtisadçılar, kənd təsərrüfatı, sənaye, vergi və gömrük işi üzrə mütəxəssislər dəvət olunacaqlar. Sahibkarların çıxışlarından sonra ekspertlərin, mütəxəssislərin rəyi dinləniləcək, suallar cavablandırılacaqdır. Veriliş vaxtı əlaqə telefonu fəaliyyət göstərəcək ki, verilişi izləyən sahibkarlar və maraqlı şəxslər suallarını, tövsiyə və məsləhətlərini çatdıra bilsinlər. Hər bir suala növbəti verilişdə əsaslı cavablar veriləcək. Tədricən verilişdə yeni məqamlar ortaya çıxa bilər və onlar hökmən nəzərə alınacaq və ola bilər ki, verilişin formatında da gələcəkdə dəyişikliklər edilsin. Veriliş bir qayda olaraq axşam saatlarında sahibkarlar və maraqlı şəxslər üçün münasib vaxtda yayımlanacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir