Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Baş Prokurorluq KİV-ə xəbərdarlıq edib

Baş Prokurorluq yetkinlik yaşına çatmayanlarla əlaqədar yayılan məlumatlarla bağlı KİV-ə xəbərdarlıq edib.
Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan orta məktəb şagirdinin zorakılıq hərəkətlərinə məruz qalması, hər iki yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqında digər məlumatların təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyi nəzərə alınmadan bu cür məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndirilməklə ictimaiyyəti ciddi narahat edir: “Həmin faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-də bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur.
Kütləvi informasiya vasitələrində bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli mənəvi dəyərlərimizə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnu, Cinayət Prosessual Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının tələblərinin pozuntusu kimi qiymətləndirilir.
Zorakılığa məruz qalan və cinayət hadisələrinin qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanlar haqqında informasiyaların yayımına həssaslıqla yanaşmaları barədə Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri hələ də bundan nəticə çıxarmayıblar.
Göstərilənləri nəzərə alaraq, gələcəkdə yetkinlik yaşına çatmayanlar haqqında məlumatları yayacaqları təqdirdə kütləvi informasiya vasitələrinin redaksiyası, baş redaktoru (redaktoru), yayılmış məlumat və materialların müəllifləri barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcək”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir